Tarixi “kartof qıtlığı” da dəyişə bilər…

saadet-cahangir-koseSəadət Cahangir

Deyəsən iqtisadi böhranın dərinləşməsi insanları ölkənin imkanları haqqında daha çox maraqlanmağa vadar edir. Sosial şəbəkələri açsanız,  hər 4-5 paylaşımdan birində pambıq yığımının müzakirəsi gedir. Ölkənin havaya uçan neft milyardlarından sonra hökumətin ümidini kənd təsərrüfatına bağlaması suda boğulanın saman çöpündən yapışmasına bənzəyir, amma olsun. Zamanında kənd təsərrüfatının inkişafı üçün real imkanlar yaradılsaydı, ölkə çoxdan böyük qazanc əldə etmişdi. İndi hər şey insana ona görə bu qədər ironik və lağlağı görünür ki, özünü  heç bir halda yoxa çıxan milyardların hesabını verməyə borclu saymayan hökumətə kimsə inanmır artıq. Ona görə müəllim və həkimləri yığıb tarlalara göndərməklə bu qədər dərinləşmiş böhrandan çıxmaq cəhdi də haqlı olaraq hər kəsdə gülüş doğurur. “Yaxında ölkəni nə gözləyir” sualının cavabı da artıq hamıya məlumdur – tənəzzül və yoxsulluq…

Tanınmış iqtisadçı-ekspert Vahid Məhərrəmlinin yerli bazarı zəbt edən kartofun kəpənək  xəstəliyi haqqında yazdıqları İrlandiya tarixində “kartof qıtlığı” adıyla qalan hadisəni yadıma saldı. İrland xalqının tarixində “böyük qıtlıq” kimi xatırlanan bu hadisə 1845 -1852-ci illərin kütləvi aclıq, xəstəlik və köç dövrü sayılır. Həm də necə aclıq! Təxminən bir milyon adamın ölümünə, xəstəlik tapmasına və ölkədən köçüb getməsinə səbəb olan acı bir fəlakət. Həmin böyük qıtlıq əhalinin əsas qida mənbəyi olan kartofa yoluxan göbələk xəstəliyindən yaranmışdı. 1845-ci ildə əkilən kartofun 40% -ni, sonrakı il hamısını məhv edən göbələk yalnız tarladakı deyil, anbarlardakı kartofları də sıradan çıxarmışdı. Yeddi illik qıtlıq sona çatan zaman məlum oldu ki, şəhər əhalisinin sayında 20-25 % nisbətində azalma baş verib.

Burda başqa maraqlı bir məqam var. Həmin iqtisadi fəlakət ölkənin demoqrafik, siyasi və mədəni mənzərəsini də tamam dəyişdi. İrland dilinin istifadəsi azaldı, ingilisdillilərin sayı artdı və Britaniyaya bağlı qalmağı müdafiə edən birlikçilərlə müstəqilliyi müdafiə edən xalqçılar  arasında ziddiyyət xeyli dərinləşdi. Bunun nəticəsində isə İrlandiya milliyyətçiliyi yüksəlməyə başladı və kral ailəsinə qarşı nifrət xeyli artdı. Bütün bunlar da 20-ci əsrdə İrlandiyanın müstəqilliyinə gedəcək yolda xalq hərəkatına böyük impuls vermiş oldu. İrlandların bu tarixində bizim mübarizə tariximizlə uzlaşan bir çox diqqət çəkən məqamlar var, maraq göstərənlərə oxumağı tövsiyə edərdim…

İndi sözümün canı nədir? Sözümün canı odur ki, bir xalqın ayaqlanmasına təkan verən amillər arasında iqtisadi məsələ, şübhəsiz,  üst sıralarda yer alır. Tarix yoxsulluq və iqtisadi böhranlardan doğan nə qədər belə hərəkatlara şahiddir! Hələ o böhran kəpənəyin, qurdun, göbələyin günahı üzündən deyil, ölkəni idarə edən konkret adamların yarıtmazlığı üzündən baş verirsə. Hələ o böhran xalqın başında oturan hökumət komandasının inhisarçılığından, oğurluğundan, saxtakarlığından və israfçılığından qaynaqlanırsa. Hələ o böhrana görə birbaşa məsuliyyət daşımalı adamlar yaxasını kənara çəkib, aqressiyasını doğruları deyən insanların üzərinə yönəldirsə…Belə davam edə bilməz. Belə davam etməsi, sadəcə, mümkün deyil. Yoxsulluq, işsizlik, qıtlıq başqa fəlakətlərə bənzəməz. Onun nəticələri çox ağır olur. Bunu heç bir halda unutmayın!