Prezidentin saatı ilə bağlı “Azadlıq”dan açıqlama
“Azadlıq” qəzetinin 24 aprel sayında ölkə başçısı İlham Əliyevin istifadə etdiyi qol saatının 800 min dollar dəyərində olduğu haqda məlumat dərc olunub. Prezidentin mətbuat xidməti elə həmin gün məlumatı təkzib edərək bunu “heç bir əsası olmayan, yalan məlumat” adlandırıb.
“Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir”, -deyə mətbuat xidmətinin yaydığı, lakin “Azadlıq” qəzetinin redaksiyasına daxil olmayan təkzibdə deyilir.
Mətbuat xidməti bildirir ki, “Azadlıq” qəzeti 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək.
“Azadlıq” qəzeti olaraq bildiririk ki, qərəz və qəsdən yalan məlumat yaymaq iş prinsipimiz deyil, redaksiya məlumat və məqalələrindəki təsadüfü yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir. Lakin prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqçu Vəfa Cəfərovanın bloqundan götürülüb (http://vafajafarova.wordpress.com/2012/04/20/2_blancpain1735_630_3/). Üstəlik bu istinad olunmuş xəbər bir neçə gün sosial şəbəkələrdə və bəzi informasiya portallarında tirajlanıb.
Əgər prezidentin mətbuat xidmətinin ifadə etdiyi kimi, doğrudan da ölkə başçısı bu qiymətdə saatdan istifadə etmirsə, onda yayılan məlumata görə təəssüfümüzü bildiririk. Eyni zamanda hesab edirik ki, mətbuat xidməti ictimai maraq doğuran bu məlumata onun elektron informasiya mənbələrində yayıldığı ilk vaxtda, operativ reaksiya bildirsəydi, belə bir anlaşılmazlıq da yaranmazdı.
Bir daha bildiririk ki, bu məlumatın dərcində “Azadlıq” qəzeti heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb. Təəssüf ki, məlumat çapa hazırlanarkən prezidentin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. Mətbuat xidmətinin “Azadlıq”la bağlı təkzib xarakterli məlumatını onun redaksiyasına yox, başqa KİV-lərə göndərməsi də (Prezidentin saytında mətbuat xidməti adından sonuncu xəbər martın 5-də yayılıb) bu qurumla əlaqədəki problemi və problemin mənbəyini aydın təsvir edir.
“Azadlıq” qəzeti ümidvar olduğunu bildirir ki, gələcəkdə prezidentin mətbuat xidməti ilə sağlam işgüzar münasibətlər yaratmaq mümkün olacaq və belə anlaşılmazlıqlar təkrarlanmayacaq.
“Azadlıq”