Xaricdə yaşayan əməkdaşımızın ailə üzvləri təqib edilir
Elmina Qasımova siyasi mühacir, Azərbaycanda davamlı təqiblərə görə ölkəni tərk etməyə məcbur olmuş Elnur Sadıqovun bacısıdır. Elnur Sadıqov isə Azərbaycan Xalq Cəbhəsi partiyası Ali Məclisinin ən gənc üzvüydü, “Azadlıq” qəzeti ilə əməkdaşlıq edirdi. Yerli və mərkəzi hakimiyyət onu gənclərə “arzuolunmaz örnək” kimi mütləq sıradan çıxarmağı qarşısına məqsəd qoymuşdu. Universitetdən bir neçə dəfə qovuldu, dəfələrlə polis təqiblərinə məruz qaldı, sadəcə, tutarlı bir bəhanı uydurub haqqında cinayət işi qaldıra bilmirdilər. Nəhayət, onu ölkədən getməyə məcbur edə bildilər.
Amma Elnur Sadıqov mühacirətdə olsa da aktiv siyasi fəaliyyətini davam etdirir, tez – tez qəzetimizdə yazıları dərc edilirdi. Hər dəfə bu çıxışlardan və yazılardan sonra onun Azərbaycanda qalan ailə üzvlərinə qarşı hədə- qorxuları artırırdılar. Bir zamanlar Elmina Sadıqova (o zaman soyadı Sadıqova idi) oxuduğu orta məktəbdən də qovulmuş, məktəb direktoru “Bizim məktəbdə vətyən xainininin bacısı oxuya bilməz, bu bizim məktəbi rüsvay edir” deyə tam da Stalinizm zamanlarının ritorikası ilə onu məktəbdən qanunsuz olaraq uzaqlaşdırmışdı.
Elmina Sadıqova bir neçə il əvvəl ailə qurub və bundan sonra ona qarşı, bu dəfə həm də həyat yoldaşına qarşı şiddətlər yenidən başlayıb. Həyat yoldaşını xüsusi xidmət orqanları və polis narahat edir, “Vətən xaininin bacısını boşamasan, sənin üçün çox pis olacaq” deyə hədə- qorxu gəlirlər.
Elmina redaksiyamıza müraciət edərək yardım istəyir, açığı, biz də ona necə yardım edə biləcəyimizi bilmirik.
Azərbaycan hüquqsuzluq eksperimentlərinin hər gün bir az daha dərinləşdiyi ölkəyə çevrilib. Buna görə də bu məlumatı ictimailəşdirməklə əməkdaşımızın ailə üzvlərinə qarşı təxribatların olduğunu bildirir, onlara qarşı hər hansı cinayət işi açılarsa, bunun qurama olduğunu bəri başdan bildirməyi vacib sayırıq.