(Uzun illərdən bəri nədənsə mənə həmişə elə gəlib ki, 30 yaşlarımda öləcəm və ölümüm də öz əcəlimlə olmayacaq)
hansı ayda vuracaqlar məni
həftənin hansı günündə
günün hansı saatında
hansı kafenin önündə
hansı yerimdən vuracaqlar –
sırtımdanmı köksümdənmi başımdanmı
gözümdənmi, yoxsa gözümün yaşındanmı
hansı silahla vuracaqlar məni –
odlumu, odsuzmu?
hansı yeməklə zəhərləyəcəklər –
dadlımı dadsızmı?
və
hansından küsəcəm mən –
boşqabdanmı qaşıqdanmı qurşundanmı?
hansı küçədə düşəcəm üzüquylu
ya da hansı qadının qucağına düşəcəm,
hansı divarın dibinə…
hansı daşa vuracam dizlərimi
hansı dost bağlayacaq gözlərimi
və
ölüm hansımızdan utanacaq –
özündənmi, özümdənmi, otuz yaşımdanmı?!
may, 2010
Az doldur…
az doldur, gözəl gözlüm,
az doldur içəmmirəm
yerüzüm var, vətənim yox ölməyə
qanadım var, göyüzüm yox – uçammıram
artıq məni ovutmaz nə siqaret nə şərab
çölüm xarabazardı içim çölümdən xarab
az doldur, gözəl gözlüm,
axı nə vecinədi bu araq şüşəsinin –
içilmir ha!… içini boşaldır badələrə
mənsə indi lalam lal… dərdimi deyəmmirəm
ürəyimi boşalda, könlümü açammıram
bir araq şüşəsicən də gətirmədi mənimki…
dünyada hər nə qədər bəxtsizlik var – mənimdi.
az doldur, gözəl gözlüm…
dərdimi deyəmmirəm, deyəmmirəm nə vaxtdı
məni necə qorxudur göylərin səssizliyi
suyun axarsızlığı otun nəfəssizliyi
və bir də gözəl gözlü sevgilinin yoxluğu!
qarşımda payız kimi dayanıb dəli sevdam
mən də durna deyiləm… yığışıb köçəmmirəm
sənin soyuqluğundan başqa, isti bir yerə…
az doldur, gözəl gözlüm,
az doldur, içəmmirəm!
mart, 2007
Böyüklərə uşaq şeiri
işə bax.. üç gün əvvəl
uşaqlarına yelləncək asdığı ağacdan
indi
borc içində üzən ata yellənir
soyuq, cansız bədəniylə
yellənir ata –
bir az yelləncək kimi
bir az da ağacın gətirdiyi
ən iri, gözəgəlimli meyvə tək
evin ən balacası
yerə döyür ayaqlarını:
– ana, ana! anacan,
atanı dər ver yeyək!..
22 iyun 2014
Küsməklik
(dostum İlqara)
ay İlqar, dindirmə, dili buz tutub, –
danışmaz bir daha sənin qardaşın…
fələk gərdişinə, bəndə işinə
qarışmaz bir daha sənin qardaşın…
elə küsübdü ki, dağda yel ilən
yamacda sis ilən, düzdə sel ilən
göydə günəş ilən, yerdə gül ilən, –
barışmaz bir daha sənin qardaşın.
ay İlqar, gör durub nəyə sevinir, –
evini tikdiyi yıxır evini!..
doğmanın halını, dostun kefini
soruşmaz bir daha sənin qardaşın…
baş alıb gedərdim burdan… yer olsa,
gedərdim… gedərdim lap qəbir olsa!..
dünya deyilənə, – dünya bir olsa! –
yovuşmaz bir daha sənin qardaşın…
aprel, 2016
“Pis havalar” silsiləsindən 3 şeir
Divar saatı
hərdən divar saatının
yerindən özümü asmaq
keçir ağlımın ucundan –
bəzən boş zamanları
öz bədəni ilə
doldurmağı bacarmalı insan!..
Bıçaq
küçənin ortasında
günün günortasında
gənc bir oğlan
üzüquylu yatır
asfalta dağılıb qanı
nəbzi ağır-ağır atır
amma
sırtına saplanmış bıçaq
yenə nə vaxtsa
alma soyacaq
kartof doğrayacaq!..
Müharibədən parça
həmişə ərinin yaddaşsızlığından –
ad günlərini
toy ildönümlərini
unutmasından gileylənən qadın
yaman narahatdır indi –
nə gündüzlər dincliyi var
nə gecələr yuxusu
ona bir an olsun rahatlıq vermir
ərinin ayaqlarını
cəbhədə unudub qayıdacağı qorxusu…