Məhkumu ipdən alan hüquq adamları olmalı…

saadet-cahangir-koseSəadət Cahangir

İnkişaf etmiş bütün ölkələrin müasir mənzərəsi çalışqan və cəsur insanların əzmi sayəsində yaranıb. Ümumən, təkamül və tərəqqini şərtləndirən amillər çox olsa da, bu keyfiyyətə malik insanların üstünlük təşkil etdiyi xalqlar hamar yola daha tez çıxmağı bacarıb. Buna sonsuz nümunələr gətirmək olar. Nə yazıq ki, belə nümunələr hər dəfə bizdən yan keçib. Ona görə yox ki, bu xalqın gözəl örnəklər yaradan insanları azdır. Xeyr, daha çox ona görə ki, həm əhatəsində yerləşdiyimiz mürtəce sistemlər, həm də onların burada yerləşdirdiyi rejimlər o örnəklərin böyüyüb şaxələnməsinə əngəl yaradıb. Həm də bəzən ən qatı, ən qəddar, ən amansız şəkildə… Bu misalı yaxın günlərdə 9 il həbs cəzası ilə “mükafatlandırılan” müstəntiq Rüfət Səfərovun timsalında da görmək olar. Baxın, dünyanın bu vaxtında illərdir cəza konveyeri kimi işləyən hüquq-məhkəmə sistemindən gənc və cəsur bir müstəntiq çıxıb rejimə etiraz edir. Adamlar heç nəfəs aldırmadan alıb zindana atırlar. Ancaq hələ əsrlər öncə bəhs etdiyim ölkələrdə bənzər şeylər baş verən zaman həmin sistemdə mütləq “bəlkə adam haqlıdır” deyə düşünən kimsələr tapılıb. O xalqların insana köks ötdürən müasir inkişaf  səviyyəsi o kimsələrin hesabına baş verib həm də. İngiltərənin uzaq tarixindən bir misal…

Əsrlər öncə İngiltərədə cinayət törətmiş bir adam həbs olunur. İlk  danışıqlarında vəkil “narahat olma, səni xilas edəcəyəm” deyir. Adam da vəkilə güvənir və məhkəməyə çıxır. Qərar: Edam. Vəkil  “sən narahat olma, apellyasiya var, qurtaracağam” deyir. Yenə  qərar: Edam. Adam çılğına dönür. Vəkil yenə sakitcə: “Dur daha, qərar Avam Kamerasından keçəcək,  qurtulacaqsan” deyir. Xülasə, burada da, sonrakı Lordlar Kamerası və Kraliçanın təsdiqində də edam qərarı çıxır. Sonuc darağacı… Cəllad gəlir, kürsünü itələyir və adam ipdə yellənməyə başlayır. Elə o anda vəkil kütləni yararaq dar ağacına doğru qaçır, ipi kəsərək adamı qurtarır. Ara qarışır, bu dəfə vəkili də həbs edirlər. Ona niyə belə etdiyi soruşulduqda cavab verir ki: “Bu adam edam məhkumuydu. Siz də onu edam etdiniz. Adamın ölüb- ölməməsi sizi maraqlandırmaz, qanunda “edam edilir” yazılır, “edam edilərək öldürülür’ yazılmır. Edam reallaşmışdır.” Bu cavabdan sonra “vəkil bəlkə haqlıdır” deyə kimsə adamı təkrar asmağa cəsarət etmir. Beləliklə, məsələ yenidən kraliçanın önünə gəlir. Kraliça vəkilin zəkasına heyran qalır və adamı bağışlayır. Bu hadisədən sonra da həmin qanun maddəsi dəyişdirilərək “edam edilərək öldürülür” şəklində yazılır. “Yaxşı vəkil adamı ipdən alır” ifadəsi də burdan yaranıb.

Bax, elə Rüfət Səfərovun məsələsi də buna bənzəyir. Onun cəsur addımı, əslində, yuxarılara siqnal olmalıydı. Haqsızlığın təpəyə dırmandığı yerdə, əlbət ki, bir gün tabeliyinizdəki insanlar bezərək “yetər” deyib üzünüzə dirənəcək. Məsələdə yekun qərarı verən kimsə “adam haqlıdır bəlkə” deyə götür-qoy etməliydi. İndi Rüfəti “o da dünənə kimi sistemin vintciklərindən biri idi” deyə ittiham edənlərə demək istəyirəm ki, heç biriniz süddən çıxmış ağ qaşıq filan deyilsiniz. Niyə anlamırsınız ki, bu sistem dəyişməyincə, hamımız onun vintciklərindən biri sayılırıq elə. Bunca qanunsuzluğun və haqsızlığın baş alıb getməsində ölkə insanının günah payındakı nisbət müqayisə oluna bilər, sadəcə. Unutmayaq ki, vaxtı keçmiş bütün sistemləri məhz həmin vintlərin “sıradan çıxması” dağıdır. Bu mexanizmdə zor-xoş hər hansı rol oynayan nə qədər çox vint sıradan çıxsa, zülmdən o qədər tez xilas olacağıq…