Yaxud, səhv düşəndə yerimiz
İlham Hüseyn
Bütün fəlakətlər o zaman başladı ki, ölkədə “dəyişiklik” baş verdi. Ədalətin yerini hüquqsuzluq, şəffaflığın yerini saxtakarlıq, ləyaqətin yerini şər-böhtan, azad sözün yerini yaltaqlıq tutdu. Təbii ki, bu “yerdəyişmə”də cəmiyyət də baş-ayaq qaldı. İnsanların təfəkküründə də “dəyişiklik” getdi. “Yüksəlmək üçün alçalmaq lazımdır” prinsipi hakim mövqedə dayandı. Beləliklə, rüsvayçı ənənələr normaya çevrildi və bu proses davam etməkdədir.
Artıq Azərbaycanda dəyişikliklərin intihar mərhələsi başlayıb. İnsanlar yaşamağa yox, ölməyə tələsirlər. İntiharlar dərman rolunu oynayır. Son çarə , rezerv variant kimi hamının beyninidə intihar etmək düşüncəsi formalaşıb. Bəli, insanlar ilk çətinliklə üzləşdikdə intihar etmirlər. İnsanlar saysız-hesabsız çətinliklər labrintindən çıxa bilmədikdə, ətrafdan əllərini üzdükdə intihara cəhd edirlər. Bir tərəfdən evinə çörək apara bilmir, bir tərəfdən kirayə pulunu ödəyə bilmir, bir tərəfdən övladının təhsil haqqını ödəmək iqtidarında olmur və problemlər məngənəsindən çıxmaq üçün ölümə doğru qaçır. Ən dəhşətlisi isə budur ki, çarəsiz vəziyyətə düşmüş vətəndaşın kürəyini söykəyə biləcəyi hökumət yoxdur. Bəli, kredit borcunu yüngülləşdirəcək, təhsil haqqını azaldacaq, normal əmək haqqı verəcək hökumətin olmaması, bütün müraciətlərin, şikayətlərin cavabsız qalması vətəndaşı son mənzilə göndərir.
Artıq Azərbaycan insanının şüurunda “hökumət yardım edər” fikri dolaşmır. Bu ölkədə çoxdandır ki, ümid axırda ölmür. Yarıtmaz və yaramaz idarəçilik ümidi insanın özündən əvvəl öldürür.
Yuxarıda qeyd etdiyimiz kimi ölkədə yerlər dəyişik düşüb. Bu mənada intihara layiq olanların yerini, yaşamağa layiq olanlar tutub. Bu sətirlər yazılarkən xəbər yayıldı ki, 670 balla Universitetə daxil olmuş tələbə özünü 11-ci mərtəbədən ataraq intihar edib. Bu ölkədə məktəbli forması ala bilməyən şagird, təhsil haqqını ödəyə bilməyən tələbə, bank faizlərinin altından çıxa bilməyən fəhlə intihar edir.Hansıki, milyonları talan edənlər, günahsız insanları şərləyənlər, dövlətin imicinə ləkə vuranlar, vəzifə saləhiyyətlərini aşanlar intihar etməlidir.
Ölümə layiq olanlar, ölümə tələsməli olanlar yaşamaq uğrunda savaş aparırlar, yaşamağa haqqı çatanlar isə ölmək urğunda savaşa giriblər. Bəli, Azərbaycanda intihar həddinə çatdıranlar söz sahibidi, intihar həddinə çatanların isə sözünə məhəl qoyan yoxdur.
Reallıq budur ki, dözümlü xalq dözümsüzlükdən əziyyət çəkir. Bəli, mübarizə aparmağa, haqqımızı istəməyə, zülmün üstünə yeriməyə dözümümüz çatmadı və ölkənin cəhənnəmə çevrilməsinə dözüm nümayiş etdirdik. Vətəndaş olmaq naminə dözmədik, vətəndə qərib kimi yaşamağa dözdük. Xoşbəxtlik naminə dözümlü olmaq istəmədik, bədbəxlik naminə illərdi dözürük. Hansıki, bir müddət dözməyi gözə ala bilsəydik, bu illər ərzində fəlakətlə dözmək məcburiyyətində qalmazdıq.
Əlbəttə ki, çıxış yolu intihar etmək yox, intihar həddinə çatdıranları məsuliyyətə cəlb etməkdir. Daşları öz yerinə oturtmaq lazımdı. Bu saxta dözümlülüyə dözməkdən imtina etməliyik. Zaman da göstərdi ki, yerlər səhv düşəndə zərərli dözümlülük dözümsüzlük yaradır. “Dözümlü xalq” ifadəsinin yerini “dözümsüz xalq” ifadəsi tutmalıdır. Hamı bilməlidir ki, bu xalq heç bir eybəcərliyə dözməyəcək. Bəli, dözümsüz olub intihar etmək yox, intiharların səbəbini aradan qaldırmaq lazımdır.