Oktyabrın 9-da AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada bir təşkilati məsələyə baxılıb və mövcud ictimai-siyasi vəziyyət müzakirə olunub.
Təşkilati məsələ kimi Ali Məclisin sədri vəzifəsinə seçki olub. Ali Məclisin mərhum sədri Həsən Kərimovun vəfatından sonra bu vəzifə boş qalmışdı.
Ali Məclis sədri vəzifəsinə partiya sədrinin müavinləri Nurəddin Məmmədli və Gözəl Bayramlının namizədlikləri irəli sürülüb. G.Bayramlı namizədliyini geri götürüb və səsvermə nəticəsində N.Məmmədli AXCP Ali Məclisinin sədri seçilib.
Partiya sədri Əli Kərimli feysbuk səhifəsində Ali Məclis vəzifəsinə seçki barədə fikrini paylaşıb.
“AXCP Ali Məclisinin sesiyasında çox vacib bir məqam oldu. Ali Məclisin sədri vəzifəsinə əvvəlcə AXCP sədrinin iki müavininin – Gözəl Bayramlı və Nurəddin Məmmədlinin namizədliyi irəli sürülmüşdü. Nurəddin bəy də, Gözəl xanım da həm cəbhəçilərin, həm də cəmiyyətin xüsusi sayğı duyduğu şəxslərdir, hər ikisinin ardıcıl, fədakar mübarizəsi göz qabağındadır. Müzakirələrdən sonra Ali Məclis üzvləri özlərini çətin seçimə hazırlayərkən, Gözəl xanım söz alıb, namizədliyini Nurəddin bəyin xeyrinə geri götürdü və beləliklə, Nurəddin bəy Ali Məclis sədri seçildi. Təkcə bu fakt partiya rəhbərliyində nə qədər sağlam mühitin hökm sürdüyünü göstərir. Bəli, hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq, AXCP-ni güclü edən həm də komanda daxilindəki səmimiyyətdir!”, – deyə Ə.Kərimli yazıb.