İstanbulda 22 aprel mitinqinə dəstək aksiyası
İstanbulda təhsil alan bir qrup azərbaycanlı tələbə “Qalatasaray” litseyinin qarşısında Azərbaycandakı avtoritar vəziyyətə etiraz və ölkə müxalifətinin sabah keçirəcəyi mitinqə dəstək bildirmək üşün aksiya keçirib.
Aksiyada Azərbaycan hakimiyyətinin xalqa qarşı törətdiyi özbaşınalıqlara dair Türkiyə mətbuatına açıqlama verilib.
Gənclərin adından çıxış edən Müsavat Gənclər Təşkilatının üzvü Mətin Nağıyev Azərbaycanda aprelin 8-də 12 minlik mitinq keçirildiyini, xalqın hökumətə etiraz etdiyini deyib: “Azərbaycanda müxalifət liderləri 7 ildən sonra ilk dəfə meydanlara çıxa bilib. Ölkənin 9 milyon əhalisinin 2.5 milyonu Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə köç etmək məcburiyyətində qalıb”.
M.Nağıyev qeyd edib ki, neft və qazdan gələn gəlirlərdən ancaq bir neçə min Azərbaycan vətəndaşı yaralana bilir: “Hakimiyyət ölkənin sərvətlərini öz mülkiyyəti hesab edir. Ədalətsizliklər siyasi arenanı da bürüyüb. İqtisadiyyat isə hökumətin əlinə keçmiş bir vəziyyətdədir”.
M.Nağıyev bildirib ki, ölkə parlamenti xalqın təmsilçilərindən təşkil olunmuş və xalqa xidmət edən bir qurum olmaqdan uzaqlaşaraq dövlət başçısının əmirlərini yerinə yetirən quruma çevrilib: “Məhkəmələr sifarişlə fəaliyyət göstərir. Ölkə iqtidarı Azərbaycandan kənarda təhsil alan və ölkədəki haqsızlığa qarşı səsini qaldıran tələbələri də susdurmağa çalışır. Bu ilin martında Qubada və Sabirabadda xalqın ayağa qalxıb icra başçısının villasını yandırdığını qeyd edən qrup sözçüsü aprelin 22-də Azərbaycanda daha böyük mitinq keçiriləcəyini bildirib.
S. Novruz