Azərbaycan hakimiyyətinin Avropa Birliyinə qarşı cəbhə açmaq cəhdləri, ən azı absurd görünür və mütərəqqi düşüncəli hər bir vətəndaşda acı təəssüf hissi doğurur. Özünüqoruma instinktindən yaranan və siyasi nihilizmlə müşayiət olunan konfrontasiya nümayişi perespektivdə bizə nələr vəd edir?
İlk baxışda sual ritorik səslənsə də, zənnimcə, bu məsələyə son dərəcə ciddi yanaşmalı, nəyi və nələri itirəcəyimizin fərqində olmalıyıq. Tətbiq oluna biləcək real sanksiyaları, yəni Azərbaycanın başı üzərində asılmış “Demokl qılıncı”nı nəzərə almasaq, bizləri daha hansı təhlükələr gözləyir?
– Azərbaycan Rusiyanın Yaxın Şərqdəki, eləcə də Ukryna və Gürcüstandakı ekspansiv siyasətində onun səngimək bilməyən imperialist iddialarının qurbanına çevrilə bilər;
– Azərbaycan müsəlman dünyasını bürümüş dini və müxtəlif ideoloji ekstremizmin orbitinə düşə bilər;
– Azərbaycanda klerikal, millətçi, neomonarxist və s. hakimiyyət rejimi qurmaq istəyən qüvvələr təhlükəli dərəcədə aktivləşə bilər;
– Azərbaycan hərbi ekspansiyalardan mühafizə olunmaq imkanlarından məhrum ola bilər və hərbi münaqişələrə məcburi cəlb edilmək və hərbi alyanslara icbari qaydada qoşulmaq zərurətindən yayına bilməz. Qərblə, Avropayla açıq münaqişəyə gedən yüksək kalibrli dövlət məmurlarımız bilməlidilər ki, Avropa Birliyi öz çoxsaylı praqmatik maraqlarını güdən superdövlətlər birliyidir. Onun ölkəmizə yönəlik strateji maraqları Qərbin enerji təhlükəsizliyini təmin etməkdən savayı, bir sıra digər məqsədləri də ehtiva edir. Və biz də, öz növbəmizdə, bu maraqlara Azərbaycanın milli mənafeyi prizmasından yanaşmalı, Avropaya inteqrasiya və Qərblə əməkdaşlıq proseslərindən səmərəli və pozitiv üstünlüklər əldə etməyə çalışmalıyıq. Hakimiyyət Qərbə qarşı “söz snayperliyi”lə məşğul olub, yumşaq desək, qəribə səslənən münasibət və ambisiyalara prioritet verməkdənsə, yaxşı olardı ki, ölkəmizə utanc gətirən siyasi məhbuslar məsələsini həll etsin. Yaxşı olardı ki, hakimiyyət siyasi opponentlərini təqib-təhqir etmək, şərləmək, sındırıb satın almaq ənənəsinə son qoysun. Eləcə də, yaxşı olardı ki, hakimiyyət dini etiqad azadlığına və mənəviyyat daşıyıcılarına xor baxmayaydı, xalqın konstitusiyada təsbit edilmiş hüquqlarını addımbaşı pozmayaydı, vətəndaş cəmiyyətinin nüfuzlu üzvlərini, ziyalıları, jurnalistləri, gənc müxalifətçiləri və s. həbsxanalara doldurmayaydı . Yaxşı olardı ki, hakimiyyət Demokratik dəyişiklik, təkamül arzusu ilə yaşayan və həyatın hər bir sahəsində dirçəliş etməyi bacaran yaradıcı xalqın qanuni haqqını və əzmini ayaqlar altına atmayaydı!.. Bunları və başqa bu kimi çox mühüm işləri kənara qoyub qoca Avropayla və o qədər də qoca olmayan Amerikayla höcətləşməyin nə mənası var axı?..