Kampaniyanın təşkilatçıları «Eurovision»a qədər bir neçə aksiya keçirəcək
Üzərində çağırışların yer alacağı köynəklərlə şəhər gəzintisi də olacaq
“Demokratiya naminə oxu” kampaniyası təşkilatçılarının bu il mayın 18-də Bakıda musiqi festivalı keçirəcəkləri barədə məlumat vermişdik. Demokratiya, insan haqları, azadlıqlar və bu kimi mövzulara həsr edilən mahnıların ifa ediləcəyi festivalda yerli və əcnəbi ifaçıların çıxışları gözlənilir. Artıq bununla bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət ünvanlanıb və festivalın keçirilməsi üçün Bakının mərkəzi yerlərindən biri istənilib. Bu, “Eurovision 2012″ ərəfəsində “Demokratiya naminə oxu” kampaniyasının keçirəcəyi tədbirlərdən yalnız biridir. Hüquq müdafiəçisi Leyla Yunus, RATI-nin əməkdaşı Rəsul Cəfərov da daxil olmaqla kampaniyanın təşkilatçıları bir araya gələrək yarışmaya qədər – aprel və may aylarında görüləcək işləri müzakirə ediblər. Təşkilatçılar qərara alıblar ki, bu kampaniya çərçivəsində aprelin 19-da növbəti dəyirmi masa keçirilsin.
Rəsul Cəfərovun sözlərinə görə, həmin tədbirdə Azərbaycana gələcək qonaqlar üçün hazırlanmış videomüraciəti təqdim edəcəklər: “Aprelin 27-də siyasi motivlərlə həbs olunmuş və hazırda istintaqı davam edən vicdan məhbuslarının, jurnalistlərin, dindarların və digərlərinin yaxınları və vəkillərinin iştirakı ilə tədbir keçirib orada da tələblərimizi çatdıracağıq. O biri tədbirlər may ayında başlayacaq. Mayın 16-da Bakıda Avropa Yayımları Birliyinin nümayəndəsinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Avropa Yayımları Birliyinin bu məsələlərlə bağlı mövqeyi bizim üçün də çox maraqlıdır. Mayın 18-də musiqi festivalı keçirməyi düşünürük. Əgər bu tədbirin keçirilməsinə razılıq ala bilməsək, alternativ variantlarımız olacaq”.
Təşkilatçıların maraqlı aksiyalarından biri də, üzərində müxtəlif şüar və çağırışların yer alacağı “futbolkalarla” şəhər gəzintisidir: “O ”futbolkalarda” “Demokratiya naminə oxu”nun emblemi və insan haqlarına görə oxu, demokratiya üçün oxu kimi çağırışlar olacaq. O köynəkləri geyinib şəhərdə gəzinti təşkil edəcəyik”.
Nəhayət sonda kampaniya müəllifləri yekun mətbuat konfransı keçirəcəklər: “Bu konfransı mayın 21-nə planlaşdırırıq. Orada Azərbaycandan və xarici ölkələrdən xeyli jurnalist iştirak edəcək. Məqsədimiz əcnəbi KIV nümayəndələrinə mövcud vəziyyəti bir daha çatdırmaq və onların sullarını cavablandırmaqdır. Diqqəti ona yönəltmək istəyirik ki, Azərbaycanda bəzi epizodik pozitiv məqamlarla yanaşı, neqativ məqamlar da var. Əsas mesajımız o olacaq ki, bura gələn əcnəbilər Azərbaycandakı haqsızlıqlara göz yummasınlar. Və fürsət düşən kimi bizi narahat edən məsələlərlə bağlı hakimiyyət nümayəndələrinə suallar ünvanlasınlar”.
Gültəkin