Sentyabrın 3-də AXCP sədrinin həbsdə olan müşaviri, Məmməd İbrahimin atası dünyasını dəyişib.
Məmməd İbrahimin saxlanıldığı 16 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi və Penitensiar xidmətə dəfələrlə müraciət edilməsinə baxmayaraq, ona atasının dəfnində iştirak etmək üçün icazə verilməyib.
Penitensiar xidmətdən müsbət cavab almadıqdan sonra Məmmməd İbrahimin atası Yevlax şəhərində torpağa tapşırılıb.
Bu barədə Məmməd İbrahimin oğlu Turan İbrahim deyib ki, istədikləri vaxt qanunsuz adam saxlayıb, istədikləri saatda qanunsuz məhkəmə keçirənlər belə vəziyyətdə bazar gününü bəhanə edirlər. “Halbuki qanunda göstərilir ki, bu tip ərizələrə təxirə salınmadan baxılmalıdır. Deyiləcək söz yoxdur. Çox yox, bir qram vicdan arzu edirəm sizlərə. Etdiyiniz bütün vicdansızlıq və qanunsuzluqlara bir gün qanunla cavab vərəcəksiniz”,- deyə Turan İbrahim bildirib.
Vəkil Yalçın İmanov da Turan İbrahimin dediklərini təsdiqləyib. Bildirib ki, sentyabrın 5-i yenidən Penitensiar xidmətə ərizə ilə müraciət edəcəklər.
AXCP sədri Əli Kərimli bu barədə özünün feysbuk səhifəsində qeyd paylaşıb. “Daha bir siyasi məhbus atası oğul həsrətilə gözlərini yumdu. Bir ata üçün gözlərini bu dünyaya yumarkən övladını başı üzərində görməkdən böyük arzu varmı? Bir övlad üçün valideyninin son günlərində onun yanında ola bilməmək bilirsiniz nə deməkdir? AXCP Rəyasət Heyətinin üzvü siyasi məhbus Məmməd İbrahimin atası rəhmətə gedib. Övladları ölkəmizin müstəqilliyi uğrunda mübarizədə, Qarabağ uğrunda savaşda iştirak etmiş, hər zaman ədalət uğrunda mübarizə aparmış bu atanın ürəyi niyə oğul həsrətilə yanmalı idi? Allah bu ataya rəhmət eləsin, haqsız yerə həbsxanalara atılmış bütün məhbusların qapısını açsın! Millətimizə də ata-anaları övladlarına həsrət qoyan, ailələri dağıdan, insanları yoxsulluqla, ədalətsizliklə, bədbəxtliklə üz-üzə qoyan bir rejimi dinc yolla dəyişmək təpəri versin!”,- deyə o, bildirib.
Xatırladaq ki, Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il, sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər- Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.
Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.