Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlıqların genişləndirilməsi məqsədilə Çinə səfər edib. Səfəri zamanı Ərdoğanın Çinin prezidenti Hu Cintao ilə görüşü gözlənilir. Hava limanında açıqlama verən Ərdoğan bildirib ki, Çində, eyni zamanda, hazırda dünyanı ən çox maraqlandıran Suriya məsələsi də gündəmdə olacaq. Onun sözlərinə görə, rejimə verilmiş vaxtın bitməsindən sonra nəzərdə tutulan addımlar dərhal həyata keçiriləcək.
“Suriya məsələsi çox vacib məsələdir. Səfərim zamanı bu məsələ Çində də gündəmə gətiriləcək. Xarici işlər nazirinin bizimlə getməsinin səbəbi də elə budur. Hazırda ölkəmizə axın edən suriyalıların sayı 24 minə çatıb və bu rəqəm artmaqda davam edir. Biz lazımi tədbirləri görürük. Suriyalı qardaşlarımıza qapılarımızı heç zaman bağlamarıq, lakin Birləşmiş Millətlər Təşkilatı da məsələnin həllində cəld davranmalıdır” – deyə Ərdoğan fikrini ifadə edib (ans press).