«Bakı Tehranla ehtiyatlı olmalıdır»
Rahim Hacıyev: «Azərbaycanın Iran qarşısında dayanmaq imkanları yoxdur»
“Foreign Policy” jurnalının ötən həftə Azərbaycanın Israilə öz aerodromlarını təqdim etməsi ilə bağlı xəbərini Azərbaycan rəsmiləri təkzib etsə də, məqalə ətrafında müzakirələr səngimək bilmir. ABŞ Dövlət Departamentinin dövlətlərarası münasibətlər üzrə müşaviri Con Sitilidis də yazı ilə bağlı fikirlərini açıqlayıb. Onun fikrincə, Bakının Irana hücumda iştiraka hazır olması haqqında ssenari inandırıcı görünmür. Ancaq bununla belə, o, Azərbaycanı ehtiyatlı olmağa çağırıb və bildirib ki, Tehranın davranışı və ya buradakı rejim dəyişmədikcə Bakı ehtiyatlı olmalı və Tehranı təhrik etməməlidir.
ABŞ rəsmisinin bu mesajının arxasında hansı məqamlar dayanır?
Siyasi ekspert Rahim Hacıyev Azərbaycanla Iranın münasibətlərində gərginliyin səngimədiyini və bunun ciddi səbəblərinin olduğunu deyir. Israilin Azərbaycanda geniş miqyaslı fəaliyyəti də Iranı çox narahat edir. Iran dəfələrlə bildirib ki, nüvə proqramının dayandırılması ilə bağlı sərt addımlar atılsa, Tehran Qərbin maraqlarına zərbə vurmaq üçün hər şeyə əl atacaq. Hətta Azərbaycanda neft platformalarını vura bilər. Bu səbəbdən Iranla son dərəcə ehtiyatlı mövqedə durmaq vacibdir. Çünki Azərbaycanın Iran qarşısında dayanmaq imkanları yoxdur.
ABŞ müdafiə nazirinin bir müddət əvvəl səsləndirdiyi fikri xatırladan ekspert ABŞ-ın Azərbaycanı Israillə işbirliyindən çəkindirməyə çalışdığını da xatırlatdı: “Bu yaxınlarda ABŞ müdafiə naziri bildirdi ki, Israil tərəfinə addımlar atmaq Qərbi pis vəziyyətə sala bilər. Bu mesajda məqsəd Azərbaycan rəhbərliyini Israillə iş birliyindən çəkindirmək idi. ABŞ Azərbaycanı Israillə birtərəfli qaydada ciddi hərbi əməkdaşlıqdan çəkindirməyə çalışır. Açıq şəkildə göstərmək istəyirlər ki, Azərbaycan çox ağır vəziyyətə düşə bilər və heç bir halda rəsmi Bakı Israilin istəyinə uyğun hərəkət etməməlidir. Çünki Irana zərbə endirilsə, ilk növbədə Azərbaycan özü ağır vəziyyətə düşə bilər”.
Fizzə