Valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) mandatında olan sahədir. Yəni, valyutaya olan tələb-təklifi AMB tərəfindən tənzimlənir.
Palatadan belə bildirilib. MBNP-dən qeyd edilib ki, Palata yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edir: “Yəni, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər. Banklar bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməz. Bu günə qədər bankların bu qaydanı pozması halları qeydə alınmayıb və bu barədə siqnal yoxdur”.
Dolların “qara bazar”da alış-satışına gəlincə, Palatadan bildirilib ki, bu, qeyri-qanuni fəaliyyətdir və bununla hüquq mühafizə orqanları mübarizə aparır: “Bizdə bu barədə məlumat olduqda biz hüquq mühafizə orqanları ilə paylaşırıq və onlar lazımi tədbirləri görürlər. Palata hüquq-mühafizə orqanı deyil. Biz yalnız lisenziya verdiyimiz qurumlara nəzarət edirik və bizim nəzarət etdiyimiz strukturlarda qanunun pozulması faktları qeydə alınmayıb və bu barədə siqnallar yoxdur. Biz buna ciddi nəzarət edirik və bunun üçün bizim öz nəzarət mexanizmlərimiz var”. (APA)