Zahid Oruc Rövnəq Abdullayevi əhalini hakimiyyətin üzərinə qaldırmaqda ittiham etdi
Hakimiyyətin “evsökmə siyasəti” o dərəcədə şiddətli xarakter alıb ki, artıq iqtidaryönlü deputatlar da dilə gələrək söküntü işlərinin bu şəkildə həyata keçirilməsinə etiraz edir.
Bu sırada deputat Zahid Orucun “Şərq” qəzetinə verdiyi açıqlamanı göstərmək olar. O, bildirib ki, söküntü işlərinin bu şəkildə aparılması hakimiyyət əleyhinə ictimai reaksiyalara səbəb olur: “Mən bu məsələlər üzərində müvafiq icra qurumlarının çox ciddi məsuliyyət daşıdıqlarını açıq qeyd edirəm, bunu bir neçə dəfə parlamentdə də qaldırmışam. Həmin təşkilatlar, qurumlar açıq şəkildə anti-dövlət fəaliyyəti aparmaqdadırlar. Bu prosesdə son münsif məhkəmə olmalıdır. Məhkəməsiz-filansız vətəndaşın evinin üzərinə getmək haqqını kimdən alıb bunlar? Harada verilib onlara bu haqq ki, bizim xəbərimiz olmayıb?!”
Deputat deyib ki, köçürmələr üzrə mühüm bir qurum yaradılmalıdır.
Konkret olaraq Sulutəpədəki söküntülərlə bağlı Zahid Oruc bildirib ki, oradakı tikililərin qanunsuz olmasını məhkəmə müəyyənləşdirməlidir: “Ikincisi, əgər hətta qanunsuz qərarlar verilibsə də, onun məsuliyyəti, vətəndaşa onun tikinti xərclərini ödəmək vəzifəsi o qərarları verənlərin üzərinə qoyulur. Yəni bu vicdanlı alıcıdır və yaxud da vicdanlı tərəfdir. Unutmayaq ki, neft buruqları insanlardan ötrüdür, insanlar buruqlardan ötəri yox. Beynəlxalq yurisdiksiya var, müqavilə şərtləri var, həmin idarələr də öz vəzifələrini yerinə yetirməlidir. Amma bu, həmin idarə və təşkilatlara insanları evlərindən zor gücünə çıxarmaq haqqı vermir. Insanların evlərinin üzərinə traktorlarla getmək olmaz!”.