AXCP Gənclər Komitəsi 2 üzvünün saxlanması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir.
“Azərbaycan hakimiyyəti AXCP Gənclər Komitəsinə (GK) qarşı basqıları son vaxtlar yenidən gücləndirib. GK-yə zaman-zaman məruz qaldığı repressiya artıq daha idbar formada həyata keçirilir. Komitənin üzvləri şərlənərək həbs edilir.
Belə ki, bu gün səhər saatlarında Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli Dövlət Təhlükəsizlik Komitəsinin (DTX) əməkdaşların tərəfindən saxlanılıb, onun yaşadığı evində axtarış aparılıb və evdə olan bütün kitablar götürülüb. Günorta saatlarına doğru isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları AXCP GK-nin Suraxanı rayonun üzvü Qədim Bəkirovun yaşadığı evinə gələrək, onun qardaşını sözün əsl mənasında girov götürərək, Qədim Bəkirovun İdarəyə gəlməsini tələb ediblər. Bundan sonra Bəkirov polis idarəsinə gedib və indiyənə kimi ondan heç bir məlumat yoxdur.
AXCP GK qeyd edir ki, bir neçə gün əvvəl GK-nin Xətai rayonundan üzvü Məsud Rzalı da polisə müqavimət adı ilə saxlanılıb və qanunsuz olaraq 30 sutka inzibati qaydada həbs edilib.
AXCP GK bəyan edir ki, ölkədəki iqdisadi-siyasi böhran fonunda, referendum öncəsi Milli Şuranın təşkil ediləcəyi dinc mitinqlərin aparıcı qüvvəsi olan gənclərə qarşı bu repressiyalar dövlət səviyyəsində terrordur.
AXCP GK tələb edir ki, Azərbaycan hakimiyyəti bu repressiyalara son qoysun, fundamental insan hüquqlarına hörmət etsin və qanunsuz həbslərə, həmçinin dövlət səviyyəsində təşkil edilmiş insan oğurluqlarına son qoysun.
AXCP GK beynəlxalq təşkilatlardan bu təzyiqlərə diqqət yetirməsini, qiymət verməsini xahiş edir və beynəlxalq insan hüquq və azadlıqların kobud şəkildə pozulmasına susmamağa çağırır.
AXCP GK sonda bəyan edir ki, bu cür idbarcasına təzyiqlərlə kütləvi dinc mitinqlərin qarşısını ala bilməyəcəklər”.