Hakimiyyət “Qış bulvarı” əməliyyatında sonuncu hücumunu həyata keçirdi; sakinlər və jurnalistlər döyüldü
Bazar ertəsi günün ikinci yarısında hakimiyyət Şəmsi Bədəlbəyli küçəsi, 20 ünvanında yerləşən evin sakinlərinin deportasiyasını başa çatdırdı. İki yaşlı qadın – Nüşabə Fətullayeva və Afaq İsmayılova hələ də bu binada yaşayırdılar. Onlar təklif olunan kompensasiya ilə razılaşmadıqları üçün köçməkdən imtina edirdilər. Bundan başqa, onlar rayon məhkəməsinin mübahisə həll olunana qədər köçürülmənin dayandırılması haqqında qərarı ilə əlaqədar evdən çıxarılmaları cəhdlərinə son qoyulmasını tələb edirdilər.
Lakin, artıq dəfələrlə olduğu kimi, Bakı meriyasının və Nəsimi rayon icra hakimiyyətinin işçiləri statusu bəlli olmayan bir qrup gənclə birlikdə, faktiki olaraq, hər iki qadını küçəyə atıblar. Bundan sonra ekskavator onların evini sökməyə başlayıb. Hər iki qadın şok halında xəstəxanaya yerləşdiriliblər. Bu zaman onlardan birinin ayağı sınıb, digəri başından xəsarət alıb.
Jurnalistlər və bəzi müxalif siyasi partiyaların nümayəndələri hakimiyyət nümayəndələrinin qanunsuz əməllərinə mane olmaq istəyiblər. Lakin onların müdaxiləsi yalnız baş verənlərin jurnalistlər tərəfindən işıqlandırılmasına imkan yaradıb. Onlar binanın söküntüsünə mane ola bilməyiblər.
ƏKsinə, hadisə zamanı baş verənləri işıqlandıran jurnalistlər zorakığa məruz qalıblar. “Turan”ın fotomüxbiri Etimad Budaqov və “Azadlıq” radiosunun xanım əməkdaşı söküntü işlərinə rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıb. Onların fotoaparatı sındırılıb.
Baş verənlərlə bağlı şərh verən vəkil Fuad Ağayev “Turan”a bildirib ki, hakimiyyət sakinlərin qanuni hüquq və tələbləri ilə hesablaşmaq niyyətində olmadığını nümayiş etdirmək üçün açıq-aşkar kobud qanun pozuntularına əl atır.
Xatırladaq ki, sözügedən küçədə, habelə ona bitişik Füzuli, Mirzağa Əliyev küçələrində artıq 2 ilə yaxındır ki, mənzil söküntüsü gedir. Bütün bu müddət ərzində minlərlə ailənin əmlak hüquqları pozulub. 300-ə yaxın vətəndaş artıq Strasburq Məhkəməsinə iddia verib.