elnurastanbeyli@gmail.com
Iki gün öncə məlum oldu ki, Dövlət Imtahan Mərkəzinin (DIM) qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq hüququ əlindən alınıb.
Dövlət Imtahan Mərkəzi əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) adlanırdı, hər il qəbul imtahanlarından sonra nəticələrlə bağlı ictimaiyyətə açıq olan məlumatlar yayır, həmin məlumatlar əsasında ölkədə təhsilin faktiki olaraq necə məhv edildiyindən, savadsızlığın kütləviləşdirildiyindən xəbər tuturduq. Əslinə qalsa, həmin statistik göstəricilər olmadan belə, Azərbaycanda cəhalətin günbəgün çiçəkləndiyi, toplumun elmdən, bilgidən uzaqlaşdırıldığı hər kəsə məlumdur, real mənzərə hər birimizin gözü qarşısındadır.
Sadəcə, keçmiş TQDK, indiki DIM-in rəsmi statistik məlumatları Azərbaycanda təhsilsizlik haqqında daha konkret danışmaq imkanı yaradırdı, rejim yandaşlarının ağız-göz əyməsinə imkan vermirdi, yapçıların “yalan yazırsınız, ölkədəki inkişafı gözünüz götürmür, Azərbaycanı istəməyən xarici qüvvələrə işləyirsiniz, erməni dəyirmanına su tökürsünüz”-zad kimi sərsəm “əks-arqumentləri” işləmirdi.
Və elə ona görə də DIM-i elmi-statistik təhillər aparmaq hüququndan məhrum etdilər!
Bu, Azərbaycandakı idarəetmənin real mahiyyətini ortaya qoyan hadisədir: problemi həll etməkdənsə, onu gizlətməyə, malalamağa çalışmaq! Problemi yoluna qoymaqdansa, onu xalça altına süpürmək, həmin problemli məsələni yoxmuş kimi göstərmək! Hər işləri belədir. Təzəlikcə məlum oldu ki, ünvanlı sosial yardımları ləğv edirlər. Səbəb aydındır: artıq ölkəyə on milyardlarla dollarlıq neft pulları gəlmir, büdcə günbəgün boşalır, valyuta ehtiyatları sürətlə əriyir. Nə etməli? Xalqa o neft pullarından qəpik-quruş kimi verdikləri yardımı da kəsirlər.
Əslində, həmin ünvanlı sosial yardımlar YAP çinovnikləri üçün uzun illər idi, yaxşı korrupsiya, rüşvət mənbəyi rolunu oynayırdı. Həmin yardımlara ehtiyacı olanlar ya bunu məmurlarla şərikli ala bilirdilər, ya da, ümumiyyətlə, ala bilmirdilər, onu yardıma gərək duymayanların adına yazaraq basıb-yeyirdilər. Bu öz yerində.
Istənilən halda “ünvanlı sosial yardım” mənasız bir proje idi, xalqda ələbaxımlılıq yaratmaqdan başqa heç nəyə yaramırdı.
Digər tərəfdən, bu, həm də rejimin yarıtmazlığından irəli gəlirdi. Bu “yardımsevərlik” sadəcə və sadəcə, ölkədə real iş yerləri açmaq, iqtisadi infrastruktur yaratmaq yerinə beş-on manatla insanların ağzını qəpik-quruşla yummaq niyyətindən xəbər verirdi.
Neft təntənəsi bitdikdən, ölkəyə əvvəlki kimi neft pulları axmamağa başladıqdan sonra da vəziyyətdən asan çıxış yolu tapıblar: ənənəvi talan və yalan siyasətinə son qoymaq, korrupsiyanın kökünü kəsmək, qanunların işləkliyini, hüququn üstünlüyünü təmin etmək və s. və i.a əvəzinə xalqa verdikləri qəpik-quruşu da geri alır, bu azmış kimi, işığın, suyun qiymətini bahalaşdırır, gömrük rüsumlarını artırır, vergiləri artırır, daha nə bilim nə edirlər!
Yuxarıda da yazdıq, səbəb aydındır: bunların artığına sadəcə gücləri çatmır, bacarıqları yetmir!
Ölkənin yeganə xilası azad cəmiyyət qurmaqdan, hüquqi-demokratik dövlət yaratmaqdan keçdiyi halda ən asanı, rahatı nədir? Etirazçı insanları tutmaq, müxtəlif yollarla – ya pulla, ya “dubinka” ilə susdurmaq. Qorxu mühitini dərinləşdirmək və toplumun protest ruhunu öldürmək. Hamını zorən itaətkara çevirmək, xalqı rəiyyətə dönüşdürmək. “Hamı susursa, deməli, hər şey yaxşıdır” – bunların idarəetmə anlayışının kökündə ancaq və ancaq bu düşüncə dayanır.
Yaşadığımız çağda belə bir düşüncə ilə hərəkət edən rejimləri sonda nə gözlədiyini isə demək artıqdır.
Bunun üçün cəmi bir neçə il əvvələdək onillər boyu bizdən də qat-qat “yaxşı” susan xalqların sonda etdiklərinə baxmaq gərəkdir.