ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp prezident Barak Obamanın İraq və Suriya siyasəti ilə bağlı tənqidlərini gücləndirirək, Obamanın İŞİD-i yaratdığını deyib.
“İŞİD-i o yaradıb,” deyə Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Bundan sonra o, “əyri Hillari Klintonun” İslam Dövləti qrupunun “həmtəsisçisi” olduğunu deyib.
Tramp bundan əvvəl də prezidentliyə Demokrat namizəd olan Hillari Klintonu terrorçu qrupun yaranmasına gətirib çıxaran siyasətə dəstək verməkdə ittiham edib. Lakin bu dəfə o, ABŞ administrasiyasına qarşı tənqidlərini daha da gücləndirərək, İslam Dövləti qrupunun “bir çox cəhətdən prezident Obamanı şərəfləndirdiklərini” deyib.
Donald Tramp cümə axşamı səhər CNBC tele-kanalında müsahibə zamanı bu şərhlərlə bağlı sualın cavabında iddiasını bir daha təkrar edib və bu mövqeyini İraq müharibəsinə qarşı çıxması ilə əlaqələndirib. O zaman ABŞ senatoru olan Hillari Klinton İraq müharibəsinin əleyhinə səs verib. Konqresdə o vaxt hələ təmsil olunmayan Barak Obama isə ictimaiyyətə müdaxilənin əleyhinə olduğunu bildirmişdi.
ABŞ-ın İraqa müdaxiləsi Suriya böhranının yaranmasında rol oynamış dağıdıcı müharibənin əsas səbəbi hesab edilir. Bəzi Respublikaçılar prezident Obama və Hillari Klintonu iki il əvvəl İraq və Suriyada əraziləri ələ keçirməyə başlayarkən İŞİD-ə qarşı kifayət qədər aqressiv siyasət yeritmədiklərinə görə tənqid edir. Lakin Respublikaçılar partiyasının yüksək səviyyəli nümayəndələrindən heç biri prezident Obamanı qrupu yaratmaqda ittiham edəcək qədər kəskin tənqidlə çıxış etməyib.
Donald Trampın mübahisəli bəyanatları və siyasi opponentlərinə qarşı sərt hücumları Respublikaçılar partiyasında parçalanmanın yaranmasına gətirib çıxarıb. Partiyanın bəzi aparıcı siyasətçiləri onun namizədliyini pisləyir və onun liderliyə yaramadığını bildirirlər. Rəy sorğuları isə Donald Trampın mühüm ştatlarda Hillari Klintondan geri olduğunu və onun tərəfdarlarının Respublikaçılar partiyasının bəzi yerlərdə ənənəvi elektoratı arasında azaldığını göstərir.