Qarşısı alınan sui-qəsdi Ramzan Kadırovun sifariş verdiyi güman edilir
Böyük Britaniyanın təhlükəsizlik xidmətləri Çeçen lider Əhməd Zakayevə qarşı hazırlanan sui-qəsdin qarşısını alıb. “The Sunday Telegraph” qəzeti ölkənin xüsusi xidmət orqanı “Mİ5”-in məsələ ilə bağlı bəyanatını presedenti olmayan addım adlandırıb.
Təhülkəsizlik qüvvələri Londonda yaşayan 45 yaşlı Rusiya vətəndaşını sui-qəsdin təşkilatçısı adlandırılıb. Çeçenistan əsilli olan həmin şəxsin adı açıqlanmır. O, Britaniya rəsmilərinin onu ölkədən deportasiya etmək barədə qərarı ilə bağlı appelyasiya ərizəsi yazıb və hazırda onun işinə baxılır.
Məhkəməyə təqdim olunan sənədlərdə onun adı “E1” kimi işarə olunub. Britaniya xüsusi xidmət orqanları həmin şəxsin Vyanada Çeçenistanın hazırki rəhbəri Ramzan Kadırovun keçmiş mühafizəçisi Umar İsrailovun qətlə yetirilməsi olayında da şübhəli bilir. Şübhəli hazırda Britaniyada, deportasiya mərkəzində saxlanılır. Şübhəlinin işi ilə bağlı məhkəmənin qərarında deyilir ki, 2008-ci ildən başlayaraq “E1” Çeçenistan başçısı Ramzan Kadırovun maraqlarına qulluq edib. Həmin səndlərdə qeyd olunur kı, “Mİ5” Ramzan Kadırovu bir sıra qətllərin, o cümlədən İsrailovun Vyanada qətlə yetirilməsinin sifarişçisi hesab edir. Məlum olub ki, “E1” şərti adlı şünhəli 6 uşaq atasıdır və 1-ci Çeçen müharibəsində iştirak edib.
Əhməd Zakayev “The Sunday Telegraph” qəzetinə bildirib ki, sui-qəsdin üstünün açılması barədə ona xəbər verilməyib. Lakin onu öldürmək planların mövcudluğu barədə xəbərdardır: “Britaniyada hazırda Rusiya casuslarının sayı soyuq müharibə dövründəkindən daha çoxdur”. Londonda siyasi mühacir statusuna malik olan Əhməd Zakayevi Rusiya uzun illərdir Britaniya hökumətindən tələb edir. Kreml Zakayevi qətllərdə, adam oğurluğunda, silahlı üsyan və terrorçuluqda günahlandırır.
azadliq.info