Türkiyəli rəsmilər dövlət bayrağına gözəl görünüş vermək üçün xeyli vaxt sərf edib
ABŞ dövlət katibi Hillari Klintonun İstanbulda Suriya Xalqının Dostları Grupunun toplantısından sonra keçirdiyi mətbuat konfransının əvvəlində amerikalı rəsminin çıxış edəcəyi kürsünün arxasındakı Türkiyə bayrağı dəyişdirilib. Protokol xidməti əməkdaşlarının Türkiyə bayrağına gözəl görünüş vermək səyləri uzun çəkib.
Öncə Klintonun çıxış edəcəyi kürsünün arxasına Türkiyə və ABŞ bayraqları yerləşdirilib. Ancaq Türkiyə bayrağının görünüşü türkiyəli rəsmilərin xoşuna gəlməyib. Bayraq dəyişdirilib, amma bu dəfə də onun duruşu rəsmilərin ürəyincə olmayıb. Türk bayrağına şəkil vermək üçün biri qadın, digəri kişi iki rəsmi bayraq dirəyinin yuxarısındakı ay-ulduzun hansı istiqamətdə dayanmalı olduğunu məsləhətləşiblər. Sonda ay-ulduz sağa çevirib və rəsmilər bayrağın gözəl görünməsinə nail olublar.
İnformasiya şöbəsi