Aslan Ismayılov: «Bu, siyasi alverdi və əxlaqsız bir addımdır»
Eynulla Fətullayev: «Belə addım əfv ərizəsi yazan məhkumun hüquqlarının pozulması deməkdir»
Son vaxtlar məhbusların əfv xahiş ilə ölkə başçısına ünvanladıqları ərizələrin mətbuat səhifələrinə ötürülməsi birmənalı qarşılanmır. Eyni zamanda əfv ərizəsi yazmağa məcbur edilən məhkumların azad edilməməsi də narazılığa səbəb olub. Buna nümunə kimi vicdan məhbusları Elnur Məcidli ilə Arif Alışlını göstərmək olar. Əfv ərizəsi yazmağa məcbur edilən bu şəxslər sonradan azadlığa buraxılmayıb. Baxmayaraq ki, rəsmilər azadlığa çıxmaq istəyən vicdan məhbusunun bunun üçün prezidentə müraciət etməsini yetərli sayır. Belə olan halda adı çəkilən iki şəxsin azadlığa buraxılmaması, həmçinin əfv ərizələrinin mətbuat səhifələrinə çıxarılması nə məqsəd daşıyır?
Tanınmış vəkil Aslan Ismayılov əfv ərizələrinin mətbuata çıxarılmasının əxlaqla bir araya sığmadığını deyir. Çünki bu, məhbusun prezidentə ünvanladığı şəxsi müraciətdir: “Əfv ərizəsinin mətbuata çıxarılması qapı deşiyindən kiminsə evinə baxmaq kimi bir hərəkətdir. Bunun özü əxlaqla bir araya gəlmir. Çünki əfv ərizəsində insan öz istəyini, xahişini yazır və bu, bir az şəxsi məsələdir. Bu, siyasi alverdi və çox əxlaqsız bir addımdır”.
Əfv ərizəsi yazmayanların əfv olunmasının qanunsuz olduğunu deyən vəkil ölkədə qanunlara əhəmiyyət verilmədiyini də qeyd etdi: “Qanuna görə, cəzasının yarısını çəkmiş şəxslər əfv oluna bilər. Bizdə isə son dövrlər buna heç fikir verən yoxdur. Ümumiyyətlə, bu dəqiqə Azərbaycanda qanunlar ayaq altındadır. Ona görə bu barədə nəsə demək çətindir”.
Hüquq müdafiəçisi Eynulla Fətullayev da öz növbəsində əfv ərizələrinin mətbuata çıxmasını təqdir etmədiyini və bu cür ərizələrdən təbliğat üsulu kimi istifadə etməyi düzgün saymadığını bildirdi: “Bilmirəm ərizələri mətbuata təqdim etməklə nə göstərmək istəyirlər. Bu, həmin məhkumla dövlət başçısı arasında olan bir ünsiyyətdir. Bunu ictimailəşdirmək olmaz”.
Ancaq hüquq müdafiəçisi bu addımın arxasında müəyyən niyyətin dayandığını da vurğuladı. Belə ki, bəzi məhkumlar azadlığa çıxandan sonra əfv xahişi ilə dövlət başçısına müraciət etmədiklərini deyir. Görünür, bu cür halların qarşısını almaq üçün öncədən əfv ərizələrini mətbuat səhifələrinə çıxarırlar.
E.Fətullayevin sözlərinə görə, bəzi məhkumların belə addımı hazırda həbsdə olanları da pis vəziyyətdə qoyur. Lakin istənilən halda rəsmi dairələrin belə addımı əfv ərizəsi yazan məhkumun hüquqlarının pozulması deməkdir. Ona görə bu halların qarşısını alınmalıdır.
Iki vicdan məhbusunun əfv ərizəsindən sonra azad edilməməsinə toxunan hüquq müdafiəçisi onların müraciətlərini bir qədər gec etməsi ilə izah etdi. Belə ki, Elnur Məcidli və Arif Alışlı əfv üçün müraciəti ölkə başçısının əfv fərmanından bir gün sonra yazıb. Bu səbəbdən onlar azadlığa buraxılmayıb.
Bununla belə E.Fətullayev bu şəxslərin yaxın vaxtda azad ediləcəyinə əmin olduğunu dilə gətirdi. Çünki artıq rəsmi dairələrdə bu şəxslərin azadlığa buraxılmaması üçün formal səbəb də qalmayıb.
Fizzə