Prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması Suriya təcrübəsini xatırladır
18 yaşlı gəncləri Milli Məclisə doldurmaq bu hakimiyyət qolunu zəiflətmək, toplantılarını komsomol iclaslarına çevirmək və onu nüfuzdan salmaqdan başqa heç bir nəticə verməz
Keçmiş baş prokuror, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov konstitusiyaya dəyişiklikləri şərh edən məqalə yazıb. Məqalə strateq.az saytında yayımlanıb. Həmin məqaləni ixtisarla təqdim edirik:
“Eldar Mahmudov fenomenini unutmamalıyıq”
“Layihədə Konstitusiyaya Azərbaycan Respublikasının vitse-prezidentləri adlanan yeni – 103.1. müddəasının əlavə edilməsi nəzərdə tutulur və göstərilir: ”Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər”. Habelə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 3 ay ərzində Azərbaycan Respublikasının Prezidentliyinə növbədənkənar seçkilər keçirilir, yeni Prezident seçilənə qədər isə onun səlahiyyətlərini Birinci vitse-prezident yerinə yetirir. Bu, mümkün olmadıqda isə həmin səlahiyyətləri Azərbaycan Respublikasının Baş naziri icra edir.
Beləliklə, xalq tərəfindən seçilməyən, ondan mandat almayan hər hansı bir şəxsin prezident vəzifəsini icra etmək imkanı yaranır. Bu da Konstitusiyanın 1-ci maddəsinə ziddir. Orda deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
Düşünürəm ki, xalq tərəfindən seçilməyən hər hansı şəxs (nə Birinci vitse-prezident, nə də Baş nazir) Prezident vəzifəsini icra etməməlidir. Biz heç vaxt Eldar Mahmudov fenomenini unutmamalıyıq. Bu tip şəxslər də Prezident tərəfindən qeyd edilən vəzifələrə təyin oluna və onun səalhiyyətlərini icra etmək hüququ qazana bilərlər. Bu isə, sözün əsl mənasında, fəlakət olardı.
Düşünürəm ki, əlavə xərclər tələb edən digər vitse-prezidentlər institutunun da yaradılmasına heç bir lüzum yoxdur. Prezident Administrasiyası ilə yanaşı, Nazirlər Kabinetinin mövcudluğu təkcə əlavə tələfxərclik deyil, həm də bir-birini təkrarlayan lüzumsuz bürokratik əngəllər yaradır. Odur ki, ABŞ-da olduğu kimi, Prezident icra hakimiyyətinin başçısı olaraq, hökumətin fəaliyyətinə özü birbaşa rəhbərlik etməlidir.
Xalqdan mandat almayan bir şəxs parlamenti necə buraxa bilər?
Referendum aktında Prezidentə Milli Məclisi buraxmaq hüququ verilir. Bu təklif də hüquqi dövlət konsepsiyası baxımından qəbuledilməzdir. Biz Konstitusiyamızda hüquqi dövlət qurmağı bütün dünyaya elan etmişik. Bu dövlətin isə iki xarakteristik xüsusiyyəti var: qanunun aliliyi və hakimiyyətin bölünməsi.
Hakimiyyət üç qola – qanunvericilik hakimiyyəti, icra hakimiyyəti və məhkəmə hakimiyyətinə bölünür Hakimiyyətin hər bir qolu da müstəqil və ancaq qanuna tabe olmalıdır. Hakimiyyət qollarının effektli fəaliyyəti üçün də “çəkindirmə və qarşısınıalma” prinsipi tətbiq olunur. Yəni hakimiyyətin hər bir qolu digərini qeyri-qanuni fəaliyyətdən çəkindirməli, nəticə etibarilə vəztəndaşlar qazanmalı, onların hüquq və azadlıqları təmin olunmalıdır. Məsələn, Milli Məclisin qəbul etdiyi qanuna Prezidentin veto qoymaq səlahiyyəti var və beləliklə də, xalqın mənafeyinə qulluq etməyən qanunlar fəaliyyət göstərə bilmir. Eyni şəkildə məhkəmə hakimiyyəti tərəfindən yol verilən nöqsanları azaltmaq üçün Prezident əvf verir, Milli Məclis isə aministiya aktı qəbul edir və s. və i.
Nazirlər Kabinetinə etimasızlıq göstərmək, Prezidentin təqdimatı əsasında Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Mərkəzi Bankın Idarə heyətinin üzvlüyünə namizədləri vəzifəyə təyin etməmək Milli Məclisin yuxarıda qeyd olunan “çəkindirmə və qarşısınalma” prinsiplərindən doğan hüququdur ki, Prezidentin fəaliyyətində olan nöqsanları aradan qaldırsın. Bu imkanın həyata keçirilməsinə yol verilməməsi və Milli Məclisin buraxılması, təkrar edirəm, hüquqi dövlət konsepsiyasına ziddir.
Üstəlik, o da nəzərdən qaçmamalıdır ki, referenduma çıxarılan bu təklifdə Prezidentlik səlahiyyətləri xalq tərəfindən seçilməyən Birinci vitse-prezidentə keçdiyi zaman xalqdan mandat almayan bir şəxsin xalqın mandat verdiyi Milli Məclisi buraxa bilməsi imkanını doğura bilər. Bu isə heç bir hüquqi və siyasi arqumentlə əsaslandırıla bilməz.
“Monarxiya üsulunu başqa formada bərpa etmək istəyənlərdən başqa şey gözləməyə dəyməz”
Referendum aktında Konstitusiyanın 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkidə iştirak hüququna malik olan” sözləriylə əvəz edilməsi təklif olunur. Başqa sözlə, parlament seçkilərində iştirak etmək üçün yaş həddi 25-dən 18-ə endirilir. Bu dəyişikliyi müdafiə etmək üçün hakimiyyət nümayəndələri Şah Ismayılı, Makedoniyalı Iskəndəri və Napoleonu misal göstərirlər. Düşünürəm ki, yersiz müqayisədir. Azərbaycanda mahiyyət etibarilə monarxiya üsulunu başqa formada bərpa etmək istəyənlərdən başqa şey gözləməyə dəyməz. Təkcə onu qeyd etmək yerinə düşərdi ki, Makedoniyalı Iskəndəri dünyada məşhur yunan filosofu Ərəstun tərbiyə edib gələcək hakimiyyətə hazırlayırdı.
O da unudulmamalıdır ki, bu misallar qədim və orta əsrlərə aiddir. O zamanlar isə demokratik dövlət anlayışı təşəkkül tapmamışdı. Dünya təcrübəsində azyaşlı uşaqların vərəsəlik yoluyla hakimiyyətə gətirilməsi, lakin dövlətin qəyyumlar tərəfindən idarə olunması faktları məlumdur.
Ali təhsili belə olmayan 18 yaşlı gəncləri Milli Məclisə doldurmaq bu hakimiyyət qolunu zəiflətmək, toplantılarını komsomol iclaslarına çevirmək və onu nüfuzdan salmaqdan başqa heç bir nəticə verməz. Ali qanunvericilik fəaliyyəti hüquq və elmin digər sahələrinə hərtərəfli və dərin bilik, həyat təcrübəsindən gələn müdriklik tələb edir.
Bəşər Əsədin aqibəti…
Prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması da Suriya təcrübəsini xatırladır. Suriyanın keçmiş prezidenti Hafiz Əsədin ölümündən sonra onun yerinə oğlu Bəşər Əsədi seçmək istəyənlər də Konstitusiyanı dəyişdirərək 35 yaş məhdudiyyətini aradan qaldırdılar. Xalqın cəmi 10 faizini təşkil edən ələvilərin hakimiyyətini əldə saxlamaq üçün diş həkimi işləyən Bəşər Əsədi prezident etdilər. Nəticə isə göz qabağındadır – ölkə viran olub, xarabalığa çevrilib, xalq didərgin düşüb, məhv edilir.
Istərdim ki, Konstitusiyada bu yaş senzinin aradan qaldırılması konkret şəxslər üçün nəzərdə tutulmasın və onun aqibəti də Bəşər Əsədin aqibətinə çevrilməsin.
Prezidentin 5 il deyil, seçki məhdudiyyəti qoyulmadan 7 il müddətinə seçilməsi təklifi də Misirin yolu ilə getmək deməkdir. Bu, bir növ, monarxiyaya aparan yoldur ki, hakimiyyətin bir nəfər tərəfindən zəbt olunması təsəvvürü yarada bilər.
Bütün dünyada qəbul olunan “hakimiyyətin bir və bir neçə şəxs tərəfindən zəbt olunması yolverilməzdir” prinsipi, yalnız qeyri-demokratik cəmiyyətlər üçün xas olan dövlət başçılarının müddətsiz seçilməsini bu və ya digər formada qanuniləşdirən normalar yaratmağı istisna edir. Ona görə də ABŞ, Avropada mövcud olan demokratik ölkələrin Konstitusiyalarında bu prinsip ciddi şəkildə qorunur və prezidentin iki müddətdən artıq seçilməsi imperativ şəkildə qadağan edilir. Biz də bu prinsiplərə hörmətlə yanaşmalıyıq. Əgər Prezidentin 7 il müddətinə seçilməsi norması qəbul olunarsa, o zaman Konstitusiyadan Prezidentin müddətsiz seçilməsini təmin edən norma çıxarılmalıdır.
Ümumiyyətlə, Konstitusiya dəyişikliklərində qeyri demokratik, Suriya, Misir kimi dövlətlərin təcrübələrindən istifadə olunması və demokratiyanın məhdudlaşdırılmasına yönələ biləcək müddəaların əsaslandırılması üçün qədim və orta əsrlərin tarixindən qaynaqlanan nümunələrdən istifadə olunması qətiyyən hazırkı Konstitusiyanın preambulasında qeyd olunan və sonrakı bölmələrdə inkişaf etdirilən demokratik prinsiplərlə ziddiyyət təşkil edir.
Nəhayət, çox istərdim ki, ölkədə demokratiyanın inkişafı üçün referendum aktına proporsional seçki sisteminin də siyasi həyatımıza qaytarılması təmin olunsun”.