Brüsseldə ölkəmizdəki insan haqlarının vəziyyəti müzakirə olundu
Cümə axşamı Brüsseldə mayda keçiriləcək “Eurovision 2012” müsabiqəsi fonunda Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının vəziyyətinə həsr olunmuş müzakirələr keçirilib. Beynəlxalq təşkilatlar Bakı sakinlərinin əmlak hüquqlarının, habelə ifadə və toplaşmaq azadlığı hüquqlarının ölkə hakimiyyəti tərəfindən sistemli şəkildə pozulması faktları ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Xüsusən, bütün bu mövzuları işıqlandıran jurnalistlər təqiblərə məruz qalır. Hakimiyyət onları uydurma ittihamlarla həbs edir və ya onlara qarşı təxribatlar təşkil edir. Bütün bunlar siyasi və iqtisadi elitanın vahid korrupsiyaya uğramış sistemdə birləşməsi fonunda baş verir.
Avropa Şurasının üzvü olan Azərbaycan insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə və beynəlxalq ictimaiyyətin tənqidlərinə məhəl qoymur.
Bütün bunlar barədə “Human Rights Watch”, “Article 19″, ”European Stability Initiative”, “Open Society Foundations” və “Index on Censorship”in təşkil etdiyi dəyirmi masada danışılıb.
Azərbaycandan tədbirdə “Azadlıq” radiosunun icmalçısı Xədicə Ismayılova, Insan Hüquqları Evinin rəhbəri Vüqar Qocayev, bloger Pərvanə Persiani çıxış ediblər.
Tədbir təşkilatçıları hesab edirlər ki, Avropa Ittifaqı təkcə “Eurovision” müsabiqəsi ərəfəsində deyil, hər zaman vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi zərurəti məsələsini Azərbaycan hökuməti qarşısında qaldırmalıdır. Onlar həmçinin Brüsseli Azərbaycanın vətəndaş cəmiyyətinə dəstəyi gücləndirməyə çağırıblar.
Brüsseldəki mənbələrdən “Turan”a daxil olan məlumata görə, bu gün Azərbaycan nümayəndələri və təşkilatçılarını Avropa Komissarı Ştefan Füle qəbul edəcək. Danışıqlar zamanı debatlarda qaldırılan məsələlər, habelə Avropa Ittifaqının Azərbaycanda demokratiyanın dəstəklənməsində mümkün rolu müzakirə olunacaq.