Elmira Axundova: «Mən Məmmədağa Eynullayevə inanmıram, o, əvvəl müxalifətçi olub, daha sonra YAP-a keçib»
Məmmədağa Eynullayev: «Hərəkatda təmsil olunmuşam, sonra məni zorla YAP-a üzv ediblər»
Masallı Ziyalıları Ictimai Birliyinin martın 27-dən başladığı ölüm aclığı davam edir. Birliyin sədri Məmmədağa Eynullayevin “Azadlıq”a verdiyi məlumata görə, dünən aksiyaya daha 7 nəfər qoşulub. Bunlar Nəhmətov Xanməmməd Məmməd oğlu, Şahverdiyev Rafət Möhübbət oğlu, Eynullayev Aslan Xanəli oğlu, Hüseynov Qılman Firudin oğlu, Məmmədov Surac Xıdır oğlu, Allahverdiyev Yasin Yadigar oğlu və Eynullayev Xanalı Gülağa oğludur. Məmmədağa Eynullayev deyib ki, bununla da aksiya iştirakçılarının sayı 44 nəfər çatıb. Onun sözlərinə görə, rayon rəhbərliyi aksiyanın kütləvi xarakter daşıdığından ciddi narahat olub: “Aksiya iştirakçılarına qarşı təzyiqlər də bunun təzahürüdür. Mən ötən günlərdə ayrı-ayrı fəallarımıza qarşı təzyiqlər barədə mətbuata məlumat vermişəm. Bu gün (dünən-red) isə saat 13.30-da Musaküçə kənd icra nümayəndəsinin müavini Hüseynağa Məmmədov, kəndin bələdiyyə sədri Qədimalı Məmmədov, məktəb direktoru Abbas Cahangirov və YAP-ın Masallı təşkilatının Cəlal adlı nümayəndəsi bizə gəlib. Mən onlardan gəlişlərinin səbəbini soruşduqda deyiblər ki, səni YAP-ın iclasına dəvət etmək üçün gəlmişik. Mən isə onlara bildirmişəm ki, həmin iclasda icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməlləri müzakirə olunacaqsa, məmuniyyətlə iştirak edərəm. Lakin onlar iclasda hansı məsələlərin müzakirə olunacağından xəbərsiz olduqlarını deyiblər. Bu halda mən iclasa qatılmayacağımı bəyan etmişəm”.
Bu arada Masallıdan olan deputat Elmira Axundova aclıq aksiyasına münasibətini açıqlayıb. Deputat həmçinin ona qarşı yönələn ittihamları cavablandırıb. Elmira Axundova “Azadlıq”a bildirib ki, onu aksiya iştirakçılarına baş çəkməməkdə ittiham etmək yersizdir: “Mən Masallıdakı bu aksiya ilə bağlı mətbuata açıqlama vermişəm və münasibətimi bildirmişəm. Bir daha bildirirəm ki, həmin aksiyanı keçirən insanların mənə qarşı ittihamları əsassızdır. Çünki onlar mənə müraciət etməyiblər. Digər tərəfdən aksiya keçirənlər arasında bir nəfər də olsun mənim seçicim yoxdur”.
Elmira Axundova əlavə edib ki, o, Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayevə inanmır: “Mən bu insana inanmıram. Çünki o bir neçə dəfə siyasi mövqeyini dəyişib. Əvvəl müxalifətçi olub, daha sonra YAP-a keçib və müəyyən vəzifə əldə edib. Daha sonra işdə yol verdiyi nöqsanlara görə vəzifəsini itirib və yenidən müxalifətçi olub. Belə bir insana necə inanmaq olar? Insan sona qədər bir mövqedə olmalıdır”.
Deputat daha sonra bildirib ki, hansısa problemin aclıq aksiyası ilə həll edilməsinə çalışmaq doğru deyil: “Mənim fikrimcə, məsələlər hüquqi yolla həll edilməlidir. Əgər bu şəxslərin iddiaları əsaslıdırsa, məhkəməyə müraciət esinlər. Doğrudur, onlar iddia edə bilərlər ki, bizim məhkəmələr ədalətli deyil. Mən bu fikirlə razı olmasam da, hesab edək ki, bu belədir. Amma axı Avropa Məhkəməsi var. Əgər bizim məhkəmələr onların haqqını tanımayacaqsa, Avropa Məhkəməsinə müraciət etsinlər. Yəni, çıxış yolu var. Aclıq aksiyası keçirmək isə yanlış yoldur”.
Elmira Axundova Məmmədağa Eynullayev və onun tərəfdarlarının Masallı ziyalıları adından danışmasına da təəccüblə yanaşdığını deyib: “Masallıda ziyalıların bir təşkilatı var: Masallı Ziyalıları Cəmiyyəti. Onun sədri mənim köməkçim mərhum Novruz Novruzov olub. Onun ölümündən sonra isə təşkilata Qardaş Fətullayev rəhbərlik edir. Həmin cəmiyyətdə yüzlərlə rayon ziyalısı təmsil olunur. Məmmədağa Eynullayev faktiki olaraq bu təşkilatın adından istifadə edir. O, deyə bilər ki, mən ayrıca qurum yaratmışam. Amma məsələ burasındadır ki, o, təşkilatın adını elə seçib ki, Masallı Ziyalılar Cəmiyyəti ilə oxşarlıq təşkil etsin. Bununla da ictimaiyyəti çaşdırır. Bir də axı Məmmədağa Eynullayevin ətrafında olan şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Onların ziyalılıqla nə əlaqəsi? Əgər köşk sahibləri ziyalıdırsa, bəs onda müəllimlər, həkimlər, yazarlar kimdir?!”.
Məmmədağa Eynullayev isə Elmira Axundovanın ittihamlarının əsassız olduğunu deyib. Birlik sədri xüsusilə mövqeyində sabit olmayan şəxs kimi xarakterizə edilməsilə barışmayıb: “Mən nə vaxt siyasi mövqeyimi dəyişmişəm ki?! Mən heç bir partiyanın üzvü olmamışam. Hərəkatda təmsil olunmuşam. YAP-a üzv olmağıma gəlincə, məcburi adımı yazıblar həmin partiyaya. Yəni, faktiki olaraq, məni zorla YAP-a üzv ediblər. Mən vəzifədə işləyəndə də Qəzənfər Ağayevin qanunsuzluqlarına qarşı mübarizə aparmışam, indi də həmin mövqedəyəm”.
Birlik sədri rəhbərlik etdiyi qurumda sahibkarların təmsil olunmadığını deyib. “Bizim təşkilatda Masallıda tanınmış ziyalılar təmsil olunur, köşk sahibləri yox”, – deyə Məmmədağa Eynullayev vurğulayıb.
Xatırladaq ki, Masallı Ziyalıları Ictimai Birliyi aclıq aksiyası keçirmələrinin səbəbini Qəzənfər Ağayevin qanunsuz əməlləri ilə izah edir.
Qəzənfər Ağayev isə “Azadlıq”a açıqlamasında bütün bunlar şou olduğunu deyib.
Seyid