Bəlkə mən çox geri qalmış adamam, anlamıram. Buyurun, siz deyin, bir ölkə adından hansısa olimpiadada oynayan idmançıya 400-500 min manat, o ölkə üçün savaşda şəhid olan döyüşçüyə 11 min manat ayırmaq hansı ədalətə sığır? Hələ o 11 min manat da verilsə. Hələ o şəhidin ailəsi həmin pulu alınca qapı-qapı süründürülməsə. Hələ o qan pulu birilərinin atasının, babasının, sülaləsinin xəzinəsindən çıxırmış kimi, minnətlə verilməsə… Bu necə ölkədir, ilahi? Uğrunda öləninin dəyəri oyunçusunun dəyərindən 40 dəfə artıq! Mənəvi dəyərlərin misli yoxdur, doğru. Bu dəyər “Vətən” sözünün üstünə gəlirsə, heç yoxdur. Çəkisi, qiyməti, ayarı olmaz vətən sevgisinin. O ya var, ya da yoxdur. Varsa, bir canın dəyərimi qalar yanında? Varsa, hansı qorxu, hansı savaş, hansı ölüm güc gələ bilər ki, ona? Yoxsa da, yox, özünüz bilirsiniz. Bu məmləkətin halı, yaşanan bunca ağrı-acılar, faciələr, bədbəxtliklər o yoxluğun sonucu deyilmi, elə? Bu yoxluğun üzündən on illərdir çirkin oyunların qurbanı deyilikmi? Bu sevgidən yoxsul adamların xidməti sayəsində gəlib çıxdığımız durumu görmürsünüzmü özünüz? Oyunçu ilə savaşçı arasındakı fərqin 40 misli bu dəyəri ayarlayanların əslini açıqca ortaya qoymurmu, elə?
Böyük bir idman yarışında qalib olan oyunçu ölkəsinin bayrağını qaldırır, doğru. Amma yayın 45 dərəcəlik atəşində, qışın 60 dərəcəlik şaxtasında o bayraqla səngərdə duranlar var, bilirmisiniz? Yarıac, yarıtox, yarıyuxulu o səngərlərdə dördgözlə bayrağın keşiyini çəkənlər var. Hardadır onların dəyəri, niyə bu ölkənin ən yüksək imtiyazları onlara verilməsin ki? Niyə onlar hər kəsdən artıq maaş, təqaüd, müavinət almasınlar ki? Niyə onlar o bayraq üçün əlil olub, sağlamlığını itirəndə, evlə, yüksək təqaüdlə, tibbi sığorta ilə təmin edilməsinlər ki? Niyə o səngərdəki döyüşçü şəhid olanda, onun övladları yetkinlik yaşına çatana kimi dövlətin himayəsinə götürülməsin ki? Bu sualların, “niyə”lərin cavabı varmı? Kimsə özünü borclu sayırmı bu sualları cavablandırmağa? Xeyr, saymır. Əksinə, haqqını tələb edəni qaziliyinə, əlilliyinə baxmadan alıb içəri atırlar. Xatırlayarsınız, aylar öncə Mehman Hüseynov adlı Qarabağ qazisi “Azərbaycan saatı” proqramına çıxıb yaşadığı dəhşətli şəraitdən ölkə başçısına şikayət etmişdi. “Siz belə evdə yaşaya bilərsinizmi?” deyə fəryad qoparmışdı. Birinci qrup əlil olan M. Hüseynovun tikintisi tamamlanmamış, içindən kanalizasiya suyu axan o evdə yaşadığını biləndə neçə gün özümə gəlməmişdim. Doğrudur, qazinin fəryadı lazımi ünvanlara çatdı. Amma elə düşünməyin ki, çatan kimi ürəklərində mərhəmət duyğusu oyandı. Xeyr. Elə ertəsi gün gəlib qolubağlı apardılar. Bildiyimə görə, hələ də həbsdədir…
Ölkə işsizliyin, yoxsulluğun, bahalığın girdabında. Sərhədlərdə atəş səsləri. Millət batıb qırılır. “Neft ölkəsiyik” deyib öyünüb durdular, müflisləşib borc ölkəsi olduq. “Müharibə ölkəsiyik” deyib bar-bağırdılar, əylənə-əylənə gəlib oyun ölkəsi olduq. Oyun ölkəsi olduğumuzdan, hər şeyin dəyəri oyun qaydalarına görə müəyyənləşməyə başladı. Və bir gün gözümüzü açıb gördük ki, yağla ayranın qiyməti qarışıq düşüb. Bir də baxdıq ki, atın qabağına ət, quşun qabağına ot, itin qabağına dən töküblər. Bir də baxdıq ki, məmləkətdə ədalət tərəzisini çoxdan sındırıb xarabalığa atıblar. Bir də ayıldıq ki, ölkə haqsızlıqdan və zülmdən xarabazara dönüb…