elnurastanbeyli@gmail.com
Iki gün öncə rejim yanlısı saytlarda, qəzetlərdə 6 avqustun “Azərbaycanda rəsmi senzuranın ləğv edilməsi ilə əlamətdar olduğuna” dair yazılar oxumaq olardı.
Əksəriyyəti partiya və hökumətin “mətbuata atalıq qayğısı” barədə sabunlu fikirlərlə dolu olan həmin yazılarda 1998-ci ilin 6 avqustundan sonra Azərbaycanda medianın inkişafı baxımından yeni mərhələnin başlandığı iddia edilirdi.
Yaşadığımız çağda rəsmi senzuranın varlığı şübhəsiz böyük bir ayıb, utancdır.
Amma o rəsmi senzuranı ləğv edib yerində qeyri-rəsmi senzuranı bərpa etmək də ən azı o qədər ayıbdır, utancvericidir.
Bəli, 1998-ci ilin 6 avqustundan sonra Azərbaycan mətbuatı tarixində yeni bir mərhələ başladı, amma bu, əsla və əsla medianın inkişafına xidmət etmədi. Bu Azərbaycanda mətbuatın tədricən tamamilə hakimiyyətin nəzarətinə keçməsi, iradəsinə tabe olması sürəcinin başlanğıcı oldu.
Gəldiyimiz nöqtədə ölkədə söz, fikir azadlığının az qala ləğv edildiyini, mətbuat azadlığı adına sadəcə, bir-iki ünvanın qaldığını, onların da canı ilə əlləşdiyini, hər an qapanmaq təhlükəsi daşıdığını görürük.
Bir anlığa həyatımızı internetsiz, məsələn, sosial şəbəkələrsiz təsəvvür edin. O zaman ölkənin nə qədər dəhşətli bozluq və boşluq içində ola biləcəyinin fərqinə varacaqsınız.
Bu gün Azərbaycanda söz, fikir, ifadə azadlığı az-çox sosial şəbəkələr sayəsində ayaqdadır. Rejimin bütün çabalarına, səylərinə baxmayaraq, internetin sınırsız imkanlar sayəsində hakimiyyətin yalanlarla yaratmağa çalışdığı mənzərədən qat-qat, 180 dərəcə fərqli bir Azərbaycanda yaşadığımızı anlayırıq və anlamayanları da anlatmaq fürsəti qazanırıq.
Uzun sözün qısası, bu rejim 18 il öncə rəsmi senzuranı ləğv etdi bəlkə, amma bunun əvəzində sonrakı 10-15 il içində ölkənin tənqidçi, fərqli görüşlü, müstəqil, müxalif tribunalarını da ləğv etdi.
Elə bir hala gəldik ki, artıq rəsmi senzuraya zatən ehtiyac yoxdur, hər kəs özü artıq yayacağı xəbərin, yazacağı yazının senzorudur.
Digər tərəfdən, rəsmi senzuranın ləğvindən keçən 18 ildə bu ölkədə jurnalistlər döyüldü, öldürüldü, həbsxanalara atıldı, inanılmaz repressiyaların, basqıların, təhdidlərin hədəfinə çevrildi. Beləcə, rəsmi senzuranı daxili senzura əvəzlədi. Rəsmi senzorların yerində həbsxanaya düşmək, sağlamlığını itirmək, canından olmaq qorxuları əyləşdi. Bəlli mövzularda yazarkən yüz ölçüb bir biçmək, əlləri əsə-əsə qələmə sarılmaq, özünün, övladlarının həyatından əndişə duymaq, “az aşım, ağrımaz başım”, “ac qulağım, dinc qulağım” düşüncəsi ilə yazmaq vərdişləri meydana çıxdı. Illər keçdikcə daxili senzuranın meydanı o qədər genişlədi ki, sonda bəlli mövzularda yazacaq tək-tük qələmlər qaldı. Nəyi yazmaq lazımdırsa unuduldu, nəyi yazmamaq YARIŞı başladı. Tənqidçilər tərifçilərə dönüşdülər. Doğruçular yalançılara çevrildilər. Bir zamanlar ağa ağ, qaraya qara deyənlər bu dəfə qaradan ağ yaratmaq, ağa qara söyləmək üçün sıraya düzüldülər. Niyə də yox! Axı o mənfur yarışın sonunda rejimdən alınacaq dürlü-dürlü ödüllər – mənzil, qrant, prezident təqaüdü, fəxri ad, nə bilim daha nə vardı və yenə də var!
Sonuc etibarilə nə yazıq ki, Azərbaycan mətbuatının bu günki durumu 6 avqust 1998-dən öncəki durumu ilə müqayisədə həddən artıq ağır, faciəvidir.
Bu ölkədə qəzetçiliyin ilk toxumlarını səpən ƏKINÇInin – Zərdabinin qəbirdə sümükləri sızıldayır, nə yazıq ki!
Nə yazıq ki, bu ölkədə fərqli düşüncənin, fərqli fikirin, azad sözün ilk qaranquşlarının – Mirzə Cəlillərin, Ömər Faiqlərin, Üzeyir bəylərin, Əhməd bəy Ağaoğluların, Əli bəy Hüseynzadələrin, Əsgər ağa Goranilərin, Ələkbər Heydərilərin, Məmmədağa Şahtaxtinskilərin ruhu narahatdır.
Nə yazıq ki… nə yazıq ki… nə yazıq ki!