Tarif Şurası dərmanların 90 faizinin ucuzlaşdığını iddia etsə də, gerçək mənzərə bunun həqiqətə uyğun olmadığını göstərir
Tarif (qiymət) Şurasının növbəti iclasında daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, Şura tərəfindən bu günə qədər qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7347-si təsdiqlənmiş qiymətlərlə artıq satışdadır, daha 2503 dərmanın yeni qiymətləri isə sentyabrın 1-dən qüvvəyə minəcək.
Ümumiyyətlə, sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərmanların satışı yalnız həmin dərmanların qiymətləri təsdiqləndikdən sonra həyata keçirilə bilər.
Bununla da, bir il əvvəl başlanan dərman qiymətlərinin tənzimlənməsi prosesində Tarif Şurasının 10 iclası keçirilib. Tarif Şurası iddia edir ki, bu iclaslarda ümumilikdə dərmanların 90 faizindən çoxunun qiyməti endirilib.
Amma dərmanların ucuzlaşdırılması barədə rəsmilərin dediklərilə gerçək mənzərə üst-üstə düşmür. Bəzi adi dərmanların qiymətində enmə olsa da, ciddi xəstəliklərin müalicəsinə aid dərmanların qiyməti əksinə, xeyli bahalaşıb. Əhali isə adi, gündəlik həyatda istifadə olunan dərmanların deyil, daha vacib dərmanların qiymətinin ucuzlaşmasını gözləyirdi.
Ciddi xəstəliklərdən müalicə olunmaq istəyən xəstələr həmin dərmanların qiymətinin çox baha olduğunu deyir və onların qiymətinin ucazlaşmasını vacib sayır.
Yeri gəlmişkən, bir sıra ekspertlər deyir ki, dərman preparatlarının vahid qiymətə olması siyasəti əslində, düzgün deyil. Çünki bazar sərbəst rəqabət şəklində fəaliyyətə üstünlük verir. Bu mənada, məsələnin belə qoyuluşu özünü doğrultmayacaq. Dərmanların qiymətinin artırılması əhalinin büdcəsinə kifayət qədər ciddi təsir edəcək ki, bu da sosial ağırlaşmalarla müşayiət olunacaq.
Sosial şöbə