Qəzənfər Ağayev: «Bu adamlar hər 2-3 aydan bir belə şou düzəldirlər»
Məmmədağa Eynullayev: «Masallıda aksiya keçirilmirsə, bütün bunlar şoudursa Qəzənfər Ağayev niyə bütün icra nümayəndələrini ayağa qaldırıb?!»
“Masallıda hər hansı aksiya keçirilmir. Bütün bunlar bir qrup şəxsin düzənlədiyi şoudur”. Bu sözləri “Azadlıq”a Masallının icra başçısı Qəzənfər Ağayev Masallı Ziyalıları Ictimai Birliyinin başladığı ölüm aclığına münasibət bildirərkən deyib. Qəzənfər Ağayevin sözlərinə görə, sözügedən birliyinin sədri Məmmədağa Eynullayev və onun tərəfdarları gündəmə gündəmə gəlmək üçün və korporativ məqsədlərlə bu addımı atırlar: “Bu adamlar hər 2-3 aydan bir belə şou düzəldirlər. Masallıda hər kəs bilir ki, onlar aclıq etmir. Əgər mənim dediklərimə inanmırsınızsa, nümayəndənizi göndərin, gəlsin araşdırsın. Lap həkimlə birgə gəlin. Görün, bu adamlar aclıq edir ya yox”.
Məmmədağa Eynullayev və onun tərəfdarlarının məqsədlərinə gəlincə, icra başçısı deyib: “O adam əvvəllər icra hakimiyyətində çalışıb. Mən onu qanunsuz əməllərinə görə tutduğu vəzifədən uzaqlaşdırmışam. Indi bu cür üsullarla mənə təzyiq edir. Istəyir ki, mən geri çəkilim və ona vəzifə verim. Bu, Masallıda hər kəsə bəllidir. Bir daha deyirəm ki, gəlib məsələni yerində araşdıra bilərsiniz”.
Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev isə “Azadlıq”a bildirib ki, aclıq aksiyası davam edir və rayon rəhbərliyi bundan ciddi narahat olub: “Icra başçısının tapşırığı ilə bütün icra nümayəndələrinə göstəriş verilib ki, bizə dəstək verən insanlara təzyiq edərək onlardan etirafedici ərizələr alınsın. Lakin bu bizi narahat etmir. Çünki həmin insanların nə yazmağından asılı olmayaraq bizdə onların aksiyaya dəstək verməklə bağlı imzalı müraciətləri var”.
Birlik sədri Qəzənfər Ağayevin fikirlərinə də münasibət bildirib. O, deyib ki, əgər icra başçısı bütün bunların şou olduğunu iddia edirsə, nədən ciddi narahatlıq keçirir: “Masallıda aksiya keçirilmirsə, bütün bunlar şoudursa Qəzənfər Ağayev niyə bütün icra nümayəndələrini ayağa qaldırıb?! Əlbəttə ki, icra başçısı belə danışmalıdır. Çünki o, Masallıda nə baş verdiyini yaxşı bilir”.
Məmmədağa Eynullayev əlavə edib ki, onun mübarizəsi şəxsi məqsədlərə xidmət etmir: “Mənim bütün müraciətlərim mətbuatda dərc olunub. Baxın, orada mənim şəxsi maraqlarıma xidmət edən bir cümlə belə varmı? Qəzənfər Ağayev deyir ki, bütün bunlar mənə qarşı yönəlib. Bəli ona qarşı yönəlib. Onun Masallıda yaratdığı dözülməz vəziyyətə, korrupsiya əməliyyatlarına, qanunsuzluqlarına qarşı yönəlib bütün bunlar”.
Bu arada Ictimai Palatanın Masallı şöbəsi rayonda keçirilən aclıq aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Masallıda yerli rəhbərlik rayon əhalisinin durumunun yaxşılaşdırılması istiqamətində heç bir önəmli iş görməyib. Bu da əhalinin haqlı narazılığına səbəb olub: “Ictimai Palatanın Masallı şöbəsi siyasi əqidəsindən asılı olmayaraq hüququ pozulmuş istənilən vətəndaşa yardım etməyi özünün başlıca vəzifələrindən hesab edir Bu baxımdan şöbəyə vətəndaşlardan xeyli narazılıqlar daxil olmaqdadır. Işıq və qazla, mülkiyyət hüququnun pozulması, həmçinin rayon rəhbərliyinin digər özbaşınalıqları ilə bağlı IP Masallı RŞ-nə xeyli vətəndaş tərəfindən müraciətlər olunmuşdur.
Müxtəlif vaxtlarda rayon rəhbərliyinin, xüsusən də Masallının icra başçısı Qəzənfər Ağayevin özbaşınalıqlarına qarşı keçirilən etiraz aksiyalarına məhəl qoyulmaması, ölkə rəhbərliyinin isə buna göz yumması Ictimai Palatanın Masallı şöbəsinin məsələyə münasibət bildirməsinə səbəb olub.
Rayon və ölkə rəhbərliyinin Masallı ziyalılarının və ictimaiyyət nümayəndələrinin haqlı etirazlarına biganə qalmaları, məhəl qoymamaları ağır fəsadlar törədəcəyi və Quba hadisələrinin Masallıda da təkrar olunacağı ehtimalını daha da artırır. Ictimai Palatanın Masallı şöbəsi ölkə hakimiyyətini bu problemlərə biganə qalmamağa çağırmaqla yanaşı, Masallı ziyalıları və ictimaiyyət nümayəndələrinin keçirdikləri “ölüm aclığı” aksiyasını, onların haqlı etirazlarını dəstəkləyir və müdafiə etdiyini bəyan edir”.
Seyid