Yaxud məktəb və müəllimlərə çox görülən 1 milyon manat
Hökumətin “islahat”ları sürətlə davam edir. Bu dəfə də “islahat küləyi” təhsil sahəsində əsməyə başlayıb. Ölkə başçısınnı sərncamı ilə “ən yaxşı müəllim və ən yaxşı məktəb” mükafatının verilməsi ləğv edilib.
Sərəncamda qeyd olunub ki, “ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları” üçün dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilsin.
Deməli, ölkə başçısının 2007-ci ildə verdiyi sərəncama əsasən, hər il ən yaxşı 50 məktəbə 10 min manat, ən yaxşı 100 müəllimə 5 min manat mükafat verilirdi. Bu isə ümumilikdə hər il məktəb və müəllimlərə 1 milyon manat mükafat verilməsi demək idi. Indi isə bu sərəncam ləğv edilir və bunun əvəzinə qrant verilməsi nəzərdə tutulur.
Deməli, bundan sonra “ən yaxşı məktəb və ən yaxşı müəllim” mükafatının əvəzinə veriləcək qrant da “azərbaycansayağı” olacaq. Necə ki, ünvanlı sosial yardım verib, 6 ayını öncədən alırlar. Necə ki, QHT-lərə dövlət dəstəyi adı altında qrant verib, hökumətə dəstəkləyən təşkilatlara qayğı göstərirlər. Necə ki, KIVDF “mətbuata qayğı” adı altında hökuməti mədh edən qəzetlərə maliyyə yardmı edir.
Bəli, bundan sonra təhsil sahəsinə hər il ayırlan 1 milyon manat da “rəhmətə gedəcək”. Bizim hökumətimiz ancaq bu formada qənaət edir. “Formula-1″ yarışına 100 milyon xərcləyirlər, əvəzində təhsilə xərclənən 1 milyon manatı ləğv edirlər. Avropa çempionatına 120 milyon manat xərcləyirlər, əvəzində müəllimə veriləcək 5 min manatı kəsirlər.
Amma bu sərəncamda Azərbaycan reallığına uyğunluq da var. Bir ölkədə təhsil şikəst vəziyyətə salınıbsa, bir ölkədə müəllim seçki saxtakarına çevrilibsə, bir ölkədə məktəb rüşvət yuvası olubsa, həmin ölkədə “ən yaxşı” adıyla mükafat vermək reallığa ziddir. Çoxdandır ki, Bu ölkədə “ən yaxşı” nümunələr “ən pis” nümunələrə çevrilib. Təəssüf ki, bu ölkədə “ən pis məktəb”, “ən pis səhiyyə”, “ən pis məhkəmə”, “ən pis seçki” nümunələri üstünlük təşkil edir. Çoxdandır ki, bu ölkədə “ən yaxşı”lar təqib olunur, sıradan çıxarılır, ləkələnir.
Demokratiya indeksinə görə “ən pis”lərin yanındayıq, iqtisadi göstəricilər görə “ən pis”lərlə rəqabət aparırıq. Mövcud hakimiyyət ölkəni bütün parametrlər üzrə “ən pis”lər bolluğuna salıb.
Ona görə də “ən yaxşı müəllim və ən yaxşı məktəb” mükafatını ləğv etməklə, ümumi ansamblı tamamlayıblar. Bu ölkədə ən yaxşı yaltağa mandat verib mükafatlandırmaq olar, amma ən yaxşı müəllimə 5 min manatla stimul vermək olmaz.
Bu ölkədə Vergilər Nazirliyinə 150 milyon manata bina tikmək olar, amma hansısa məktəbə 10 min manat vermək qadağandır.
Bir sözlə, hökumət bu dəfə də bizi təəccübləndirə bilmədi. Bu ölkədə uzun müddətdir ki, “ən pis”lərin mükafatlandırma prosesi gedir. “Ən pis”lər ölkənin ən yaxşı mükafatlarına, ordenlərinə, medallarına layiq görülüb.
Arzu edirik ki, bu ölkədə ən yaxşılar ən yaxşı mükafatlara layiq görülsün. Arzu edirik ki, ən pislərin ən yaxşı mükafatları da ləğv edilsin. Bir gün mütləq “ən pis”lərlə, “ən yaxşı”ların həqiqi qiyməti veriləcək.