Sarkisyan Qarabağa görə canını da verməyə hazırdı, bəs siz?
İlham Hüseyn
23 ildir YAP hakimiyyəti sülh danışıqları aparır. Amma 23 il ərzində heç bir uğurun, irəliləyişin şahidi olmamışıq. Əksinə, atəşkəs dövründə minlərlə əsgərimiz həlak olub, mülki evlər dağılıb, sadə vətəndaş düşmən gülləsinə tuş gəlib. Amma hakimiyyət diplomatiyanın uğursuzluğuna baxmayaraq, bu illər ərzində vətəndaşa boş vədlər verib, hər dəfə prezidentlərin görüşü “danışıqlar prosesində sıçrayış” kimi təqdim edilib.
Beləliklə, prezidentlər 50-dən çox görüş keçirib, Qarabağ haqqında danışıblar. Gah bəyanat veriblər ki, 5 rayon qaytarılır, gah şaiyə yayıblar ki, danışıqlar məntiqi sonluğuna çatıb, gah da xalqı inandırmağa çalışıblar ki, Ermənistanla razılığa gəlinib. Sonuncu Sankt-Peterburq görüşündə də tərəflər arasında razılıq əldə olunduğunu bəyan etdilər. Amma Ermənistanın xarici işlər naziri bildirdi ki, heç bir razılıq əldə edilməyib və Azərbaycan tərəfi danışıqları təhrif edir.
Ümumiyyətlə, aprel döyüşləri zamanı Qarabağ düyününü açmaq üçün əlverişli şərait yaradıldı və hakimiyyət məqsədli şəkildə prosesi durdurdu. Bundan sonra bu qətiyyətsizliyi sığortalamaq, xalqın nifrətini azaltmaq üçün böyük vədlər verdilər. Dedilər ki, Ermənistanın xahişi ilə atəşkəs elan edilib və yaxın günlərdə problem həll olunub. Amma ardınca Ermənistanın hakim partiyasının deputatı aprel döyüşləri zamanı itirdikləri 800 hektar ərazini geri alacaqlarını bəyan etdi. Bu bəyanatdan aydın göründü ki, sülh danışıqları ilə hər hansı nəticə əldə etmək mümkün deyil. Əksinə, atəşkəs rejimi Ermənistanın maraqlarına tam cavab verir.
Bütün bunlara baxmayaraq hakimiyyət Qarabağ danışıqlarında müəyyən inkişafın olduğunu sübut etməyə çalışdı. Hətta ölkə başçısı Ilham Əliyev bəyan etdi ki, bundan sonra mənasız danışıqlar aparılmayacaq.
Amma 2 gün öncə Ermənistan prezidenti Serj Sarkisyanın ictimaiyyət qarşısındakı çıxışı Əliyev hakimiyyətinin “sülh danışqları”nı tamam iflasa uğratdı. Sarkisyan Qarabağ məsələsi haqda danışaraqÿ “birtərəfli güzəştlərin olmayacağını” deyib.ÿ”Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram” – deyə Sarkisyan bildirib.
Bəli, Ermənistan prezidenti açıq mesaj verir ki, canımı verərəm, Qarabağı vermərəm.
Bundan sonra sülh danışıqlarının potensialından söhbət gedə bilərmi? Bu bəyanatdan sonra Ermənistanın rahatlıqla torpaqları geri verəcəyinə ümid etmək sadəlövhlük deyilmi? Sarkisyanın bu açıqlaması bir daha sübut edir ki, sülh danışıqları imitasiyadır, məqsədli şəkildə vaxtın udulmasıdır. Əslində, Sarkisyan bu bəyanatı verməsəydi belə 23 illik nəticəsizlik sülh danışqılarının əhəmiyyətsizliyini sübuta yetirmişdi. Sarkisyan isə bu bəyantla Əliyev hakimiyyətinin cəmiyyətə sırıdığı “uğurlu danışırlar” təbliğatını darmadağın etdi.
Indi növbə Azərbaycan hakimiyyətinindir. Bu bəyanata adekvat münasibət olmalıdır. Azərbaycan hakimiyyəti də sübut etməlidir ki, canını verər, amma Qarabağdan vaz keçməz. Artıq bir daha təsdiqləndi ki, “Lazım” mütləq gəlməlidir. Əgər bundan sonra da gəlməsə, deməli bu hökumətə Qarabağ lazım deyil. Bundan sonra sülh danışıqlarının davam etdirilməsi, danışıqlarda inkişafın olduğunun bildirilməsi xalqı ələ salmaqdır.
Sarkisyan “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” söyləyir. Bundan sonra atəşkəsin rüsvayçı məğlubiyyət olduğunu sübut etməyə ehtiyac qalmır.
Azərbaycanın 20 faiz ərazisini işğal etmiş rejim, işğal etdiyi ərazi uğrunda ölməyə də hazırdı. Bəs, bizim hökumət niyə işğala məruz qalan tərəf kimi görünmür? Dövləti, xalqı bu qədər qürursuzluğa sürükləmək, xəyanət deyilmi?
Bir sözlə, Sarkisyan danışıqlardan imtina etmək üçün Azərbaycan hakimiyyətinə arqument verdi və göstərdi ki, bundan sonrakı danışıqlar da mənasızlığa xidmət edəcək.
Cənablar, indi sözünüz nədir, bundan sonra hansı bəhanəylə danışqılara sadiq qalmaq fikrindəsiz?