Elmira Axundova «Azadlıq»a məktub göndərib…
Hazırda Binəqədi Rayon Məhkəməsində deputat Elmira Axundovanın özü və oğlu Həbib Axundovun iddiası üzrə məhkəmə prosesi gedir. Həbib Axundovdan şikayətçi olduğunu deyən və bununla əlaqədar müxtəlif dövlət orqanlarına, o cümlədən prezidentə şikayət məktubları yazan, mediaya açıqlamalar verən bu vətəndaşlara qarşı şərəf və ləyaqətin müdafiəsilə bağlı deputat və oğlunun qaldırdığı iddialar üzrə məhkəmə iclaslarından “Azadlıq” qəzetində reportajlar dərc olunub.
Həmin reportajlardan narazı qalan deputat “Azadlıq”a məktub göndərib. Elmira xanım məktubunun yazıldığı kimi dərc edilməsini istəyir və biz də onun bu istəyini nəzərə alırıq. Amma bəri başdan onu da qeyd edək ki, deputat xanımın məktubunda göstərilənlərlə qətiyyən razılaşmırıq və öz arqumentlərimizi də “Azadlıq”ın növbəti sayında dərc edəcəyik.
Beləliklə, Elmira Axundova “Azadlıq”a məktubunda yazır:
“30 iyul 2016-cı ildə ”Azadlıq” qəzetinin saytında Binəqədi rayon məhkəməsində 29 iyulda keçirilmiş məhkəmə iclası barədə yazı dərc edilib. Həmin yazıda faktlar təhrif olunub.
Əvvəla təəccüb doğurur: nəyə görə Fərman Məmmədov və onun ətrafı məhkəməyə müraciət etməyimizə, onlardan təkzib tələb etməyimizə görə bu qədər narahatdır? Axı onlar uzun müddətdir məni və ailəmi ağır cinayət törətməkdə ittiham edir, bununla bağlı bir ilə yaxındır ki, müxtəlif dövlət strukturlarına, hətta cənab Prezident və Milli Məclisin sədrinə mənimlə bağlı şikayət məktubları yazırlar, kütləvi informasiya vasitələrində mənim şərəf və ləyaqətimi olmazın ittihamlarla alçaltmağa çalışırlar.
Onlardan ən böyük fərqimiz budur ki, onlar qanunsuz yollara əl atdığı halda, mən qanuni şəkildə, məhkəmə qaydasında öz hüquqlarımı qorumağa üstünlük verirəm. Onlar hər zaman olduğu kimi, yenə də “Azadlıq”ın saytındakı yazıda bildirirlər ki, “yazdıqlarının hər cümləsini sübut eləməyə hazırdılar, yetərincə sübutları da var”. Belə olan halda sual ortaya çıxır:ÿnə üçün onlar deputata və onun ailəsinə qarşı olan ittihamlarını məhkəmədə sübut etmək istəmirlər? Axı bu müddətdə həmin şəxslər həqiqətin araşdırılmasını tələb edirdilər. Indi isə məhkəmədə hər şey araşdırılacaq.
Saytda yazılıb ki, “Elmira Axundova oğlundan şikayətçi olanların cəzalandırılmasını istəyir”. Bu da faktların və iddia ərizəmdə göstərilənlərin təhrif edilməsidir. Belə ki, mən oğlumdan şikayətçi olanların cəzalandırılmasını istəmirəm. Mən şəxsən özüm barəmdə yalan və böhtan xarakterli yazıların ya cavabdehlər tərəfindən sübuta yetirilməsini, bunu edə bilməyəcəkləri təqdirdə isə onların təkzib edilməsini, Azərbaycan Respublikası Konstitusiyasının, “Deputat statusu haqqında” və digər qanunların pozulmasına görə bu şəxlər barəsində qanuna müvafiq tədbirlərin görülməsini istəyirəm. Bunlar isə saytda göstərilənlərdən tamamilə başqa tələblərdir.
“Azadlıq”da olan məqalədə “Prezidentə müraciət üçün deputatdan icazə almalıyıq?” ifadəsi işlədilib. Bununla əlaqədar bildirirəm ki, müraciət etmək hər kəsin konstitusion hüququdur və biz bu hüquqa hörmətlə yanaşırıq. Mənim isə iddia tələbim ondan ibarətdir ki, cavabdehlər ya mənim barəmdə yazdıqlarını sübut etsinlər, ya da ki, bunu sübut edə bilməyəcəkləri halda bu barədə bütün yazdıqları idarə, təşkilat, kütləvi informasiya vasitələrinə, vəzifəli şəxslərə təkzib ərizələri göndərsinlər. Bu, hər bir vətəndaşın, o cümlədən mənim də hüququmdur.
Onlar dediklərini nə sübut edə bilirlər, nə də təkzib vermək istəyirlər. Bunun davamı olaraq sayt və qəzetlərdə yalan dolu yeni yazılar yaymağa davam edirlər, indi isə məni cənab Prezidentin adından çıxış etməkdə ittiham edirlər, bu yolla da məhkəmə prosesinə və mənə təzyiq göstərməyə çalışırlar.
Yeri gəlmişkən, bildirmək istəyirəm ki, bu qrupdan olan və Fərman Məmmədovun mənə qarşı bir çox iddialarını mətbuatda səsləndirən Firuz Həşimovla mənim məhkəmə prosesim artıq bitib, iddiam təmin edilib, təkzib və kompensasiya ödənməsi tələbim birinci, Apellyasiya və Ali Məhkəmənin qətnamə və qərarları ilə təsdiq olunub”.