Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə məhkəmə prosesi bir neçə günə başlayacaq. Bu barədə məlumatı Gununsesi.info yayıb. Məlumatda bildirirlir ki, MTN-nin “qanlı generalı”nın cinayət işi 20 cilddən ibarətdir. Onun vəkilləri işlə tanış olmaq üçün istintaq orqanından əlavə vaxt istəyiblər və onların bu istəyi təmin olunub.
Akif Çovdarovun cinayət işində çoxsaylı zərərçəkənlər var. Həmin şəxslər MTN-nin sabiq generalı tərəfindən ya qanunsuz həbsə atılıb, ya da şantaj, hədə yolu varidatlarının bir hissəsini ona verməli olub.
Akif Çovdarov sabiq MTN rəhbəri Eldar Mahmudovun cinayətkar dəstəsinin əsas üzvlərindən biri olub.
Qeyd edək ki, Akif Çovdarovun “Azadlıq”ın əməkdaşı, hazırda Fransada yaşayan Aqil Xəlilin döyülməsi və bıçaqlanmasında əli olsa da, Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində adı hallansa da, bu məsələlər araşdırılmamış qalıb. Hər halda istintaqın bu olayları da araşdırdığı barədə məlumat yoxdur.