Yaxud, çətin sınaqdan çıxmışların “ASAN Xidmət”lə sınağa çəkilməsi
İlham Hüseyn
Ötən gün xoş xəbər aldıq. Xəbər aldıq ki, AXCP sədrinin müavini, vicdan məhbusu Seymur Həzi, keçmiş siyasi məhbus Nigar Yaqublu ilə nikaha girir. Bu adi nikah mərasimi deyil. Sevginin, əqidənin, qətiyyətin dəmir barmaqlıqları əritməsidir. Bəli, bu gün dəmir iradənin dəmir barmaqlıqlara qalib gəldiyi gündür. Gəlinimiz zindan həyatı yaşayıb, bəyimiz zindan həyatı yaşamaqdadır. Amma onlar zindanla azadlıq arasındakı səddi yox edə bildilər. Seymur Həzi zindandan çıxıb şadlıq evinə gedə bilməsə də, Nigar Yaqublu zindana qədər gedə bildi. Əslində, bu ənənə davam etməlidir. Həbsxana vicdanlı, mübariz insanlar üçün təcrid yuvası olmamalıdır. Həbsxana Seymur Həzilər üçün təbrik yeri olmalıdır.
Bu nikah mərasimi həm də Seymur Həzinin növbəti analitik yazısıdı. Rejimi darmadağın edən yazı. Baxın və görün ki, “xuliqan” ittihamı ilə həbs olunmuş cəngavər “sabitliyi” necə pozur. Seymur və Nigar bu dəfə zamana və məkana da müqavimət göstərdi.
Bu nikahın bu qədər səs-küylü olması, sosial şəbəkənin gündəmini zəbt etməsi təkcə nikah yerinin həbsxana olması ilə bağlı deyil. Bu nikahı möhtəşəm edən əsas amil, səbəbkarların azadlıq aşiqi olmasıdır. Seymur Həzi azadlıq uğrunda çarpışdığına görə, şərlə döyüşdüyü üçün, ədalətsizliyə boyun əymədiyinə görə zindandadır. Nigar Yaqublu Seymur Həzinin şərəfli adam olduğunu bildiyi üçün zindanda nikah bağlamağa razı oldu. Seymur Həzi həqiqətən xuliqanlıq etmiş, cinayət törətmiş olsaydı, Nigar Yaqublu bu qədər qürurla həbsxanaya tələsməzdi. Bəli, indi Seymur Həzi və Nigar Yaqublu üçün həbsxananın nimdaş divarları, Buta Palasdan daha möhtəşəmdi. Əminliklə demək olar ki, Buta Palasda təmtəraqlı toy edən varlı məmur balaları bu kasıb gənclər qədər qürur hissi keçirməyiblər. Onların nikahında atəşfəşanlıq yoxdur, amma onların ürəklərindəki atəş göz qamaşdırır.
Bu nikah həm də ibrət dərsidir. Həyatını haqq uğrunda savaşa həsr etmiş adamların həbsxana divarları arasındakı nikah mərasimi də hadisəyə çevrilir. Deməli, şərəflə yaşamağın, şərəflə yaşlanmağın alternativi yoxdur.
Bu sətirlər yazılan zaman xəbər gəldi ki, hökumətimizin “Asan Xidmət”i gənclərə çətinlik yaradıb. Nikah mərasiminin baş tutmaması üçün hər vasitəyə, hər bəhanəyə əl atıblar. Nədənsə “Asan Xidmət”in vəziyyəti bu qədət çətinləşdirməsi məni təəccübləndirmədi. Son statistik rəqəmlər göstərir ki, ölkədə ailə quranların sayı azalıb. Ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir. 2014-cü ildə 84912 nikah qeydə alınıbsa, 2015-ci ildə 68773 nikah qeydə alınıb. Demək istəyirəm ki, onsuz da bu hökumətin yarıtmaz və yaramaz idarəçiliyi nəticəsində nikahlar azalıb. Bəli, əzəmətli hökumətimiz ailə qurulmasına yox, ailə dağılmasına töhfə verir.
İstənilən halda Seymur və Nigarın nikahına əngəl törədilməsinə gülmək lazımdır. Həm də qəhqəhə çəkib gülmək lazımdır. Bu qədər çətin sınaqlardan çıxmış, ən çətin məqamlarda da optimizmini, mübarizə əzmini itirməmiş adamları necə məyus etmək olar? Bu nikah mərasimi hər gün növbəti günə ertələnsə də, bəy və gəlin inad edəcək, hər gün həbsxananı Səadət sarayına çevirəcək.
Yəni, bu qədər çətin sınaqdan çıxmış adamları, “Asan Xidmət”lə sınağa çəkmək gülüncdür. Seymur Həziyə bu hökumət dəfələrlə “asan xidmət” göstərmək istəyib. Amma Seymur Həzi ən çətin yolu seçib. Ona görə də mənəviyyatı hüzr yerinə çevrilmiş adamların, mübariz gənclərin xeyir mərasiminə əngəl törətmək cəhdi əbəsdir.
Biz bu nikahı indidən baş tutmuş hesab edirik. Nikahınız mübarək olsun!