Gədəbəy sakini: «Hazırda vəziyyətimiz çox pisdir, bizə yardım əlinizi uzadın»
Gədəbəy rayonu, Səməd Vurğun küçəsi ev 87 ünvanında yaşayan Elşad Ibrahimov dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. Prezidentə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərən şikayətçi məktubunda yazır:
“Siz dövlət məmurlarının xalqa xidmət etməli olduğunu demisiniz. Lakin Gədəbəy rayonunda mis-qızıl, Çovdar mədənində şikayətimə baxmırlar. Bu mədəndə 7 il sürücü işləmişəm. Mis-qızıl mədənində fəhlələrə qarşı çox haqsızlıq olub. Nəticədə könüllü şəkildə işdən çıxmışam. Lakin rayonda bu gün başqa iş yeri olmadığından mədəndəki sürücü işimə bərpa olunmağımı xahiş edirəm. Evim mədənin sahəsində yerləşir. Dağı minayla partladan vaxt evimizin divarı çat verib. Ərizə ilə mədənin rəhbərliyinə müraciət etsəm də, şikayətimə baxmayıblar. Dağı hər dəfə partladanda partlayışın zərbəsindən qopan daş-kəsəyin hamısı həyətimizə tökülür. Gədəbəydəki qızıl zavodunu yerli əhali üçün yeni iş yeri kimi açdınız. Lakin zavodun 500 nəfərə yaxın işçisi olmasına baxmayaraq, orada heç 100 nəfər gədəbəyli işləmir. Bundan başqa, partlayışlar və sianitlə bol olan sular əhalinin qəniminə çevrilib. Örüş sahələrimiz zəbt olunub, 50 il öncə çəkilən bulaqlar dağılır, suyu maşınlarla alırıq. Hazırda vəziyyətimiz çox pisdir. Bizə yardım əlinizi uzadın”.
Sosial şöbə