Vətən naminə çalışmaq, əqidə naminə ölmək…

O, bu həyat prinsipini seçən insanlardan idi…

Ötən əsrdə Azərbaycanda yetişən və ölkədə böyük dəyərlər uğrunda mübarizənin önündə dayanan parlaq simalardan biri də Həsən bəy Ağayev olub.
Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncə şəhərində anadan olub. Gəncədəki klassik gimnaziyanı bitirən Həsən bəy milyonçu Hacı Zeynalabdin Tağıyevin tələbələrə təyin etdiyi təqaüd ilə Moskva Universitetinin Tibb fakültəsinə daxil olub və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirib.
Vətənə dönən gənc Həsən bəy Gəncədə həkim kimi fəaliyyət göstərib. Çağdaşlarının bir çoxu kimi, o da gəncliyində sosialistlərə meylli olub, sosial ədalət uğrunda mübarizəyə qoşulub. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının müsəlmanlardan olan “Hümmət” qrupunun tapşırığı ilə Həsən bəy “Silk, sinif, firqə” kitabçasını Azərbaycan türkcəsinə çevirərək 1906-ci ildə Tiflisdəki “Qeyrət” mətbəəsində çap etdirib.
“Silk, sinif, firqə” kitabçasının nəşri hökumət dairələri tərəfindən heç də yaxşı qarşılanmayıb. Təqib və təzyiqlərin gündən-günə artdığını görən Həsən bəy Irana gedib. Onun Irana mühacirət etməsi və bir müddət orada yaşaması Məşrutəçilərə kömək məqsədi daşıyıb. 1911-ci ildə Tehrandakı Atabək parkında yerləşmiş Təbriz mücahidlərinə milliyyətcə erməni olan Yepremin rəhbərlik etdiyi silahlı qüvvələrin divan tutması, Səttarxanın ağır yaralanaraq dünyasını dəyişməsi, məclisin dağıdılması və irticanın qələbəsi Həsən bəy Ağayevi Gəncəyə qayıtmağa vadar edib.
Irandan Gəncəyə qayıdan Həsən bəy Ağayev burada rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinə redaktorluq edb. O zaman Yelzavetpol adlandırılan Gəncə də Bakı kimi bir quberniya mərkəzi idi. Qafqazı işğal edən Rusiya buranı quberniyalara bölərək idarə edirdi.
Həsən bəy Ağayev quberniya müsəlmanları arasında maarifçiliyi yayan cəmiyyətə sədr seçilib. 1914-cü ilin sonlarında o, Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətini yaradıb. Əslində, bu ictimai təşkilatlar gələcəkdə yaradılacaq siyasi partiyalar üçün zəmin hazırlamaq məqsədi daşıyıb.
1917-ci ilin fevralında II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması əsarət altında qalan xalqları milli azadlıq mübarizəsinə həvəsləndirib. Gəncədə də 1917-ci il martın sonlarında Nəsib bəy Yusifbəyli başda olmaqla, Həsən bəy Ağayevin, Şəfı bəy Rüstəmbəyli və başqa məsləkdaşların iştirakı ilə Türk Ədəmi-Mərkəziyyət Partiyası (Türk Federalistlər Partiyasi) yaradılıb. “Qeyrət” partiyası ənənələrini davam etdirən bu təşkilat Rusiyada federativ respublika yaradılması ideyasını irəli sürüb.
Mübarizənin ən qaynar nöqtələrində
1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz Müsəlmanlarının I Qurultayında iştirak etdən Həsən bəy Ağayev Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsini qızğın müdafiə edən qrupun tərkibində olub. Həmin ilin iyununda Bakıda keçirilən toplantıda Türk Ədəmi-Mərkəziyyət Partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” partiyası ilə birləşərək Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat adlandırılıb.
1917-ci il oktyabrın 26-dan 31-nə qədər partiyanın birinci qurultayında Həsən bəy Ağayev partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilib.
1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) bolşeviklərin silahlı çevlilişlə hakimiyyəti ələ alması və Müəssislər Məclisini buraxması nəticəsində Güney Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilməyib. Rusiya daxilindəki qarışıqlıq bölgələrə də təsirsiz qalmayıb. Ümumrusiya Müəssislər Məclisində bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat iştirak etməli idi. Ümumrusiya Müəssislər Məclisinə Qafqazdan seçilmiş deputatlar 1918-ci il fevralın 10-da Tiflisdə toplaşaraq Güney Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin yaradıldığını elan ediblər.
1918-ci il aprelin 22-də isə uzun müzakirə və mübahisələrdən sonra Rusiyayönlü məclis üzvlərinin müqaviməti qırılaraq Güney Qafqazın suverenliyi elan edilib. Qısamüddətli də olsa, Zaqafqaziya Demokratik Federativ Respublikası Hökuməti yaradılıb.
Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olan Həsən bəy Ağayev toplantılarda fəal iştirak edib, millətinin gələcəyi üçün lazımi qərarların qəbul edilməsinə səy göstərib. Zaqafqaziya Seymi və hökuməti Rusiya əsgəri birliklərinin silahlandırdığı erməni quldurlarının müsəlmanlara divan tutmasının, qırğınlar, talanlar təşkil etməsinin qarşısını almadığına, bolşeviklərin Bakıda oyuncaq Bakı Komunnası qurmasına əngəl olmadığına görə daxili ziddiyyətlər gərginləşib. Xaricdən yardım istəmək məsələsində də fikir ayrılığı meydana çıxıb.
Beləcə, 1918-ci il mayın 25-də Zaqafqaziya Seymi buraxılıb. Bir gün sonra isə Gürcüstan müstəqilliyini elan edib. Mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası Azərbaycan Milli Şurası adlandırılıb və Şuranın Rəyasət Heyəti seçilib. Batumidə Osmanlı nümayəndə heyətilə danışıqlar aparan M.Ə.Rəsulzadə Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilib.
“Istiqlal bəyannaməsi” qəbul edilən iclasın sədri
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə Qafqaz canişininin keçmiş sarayında iclası keçirilib. Həsən bəy Ağayevin sədrliyilə keçən bu iclasda Azərbaycanın müstəqilliyi haqqında Istiqlal bəyannaməsi qəbul olunub. Həsən bəy Ağayevin imzaladığı bu bəyannamə dünyanın böyük dövlətlərinin nümayəndəliklərinə, mətbuat orqanlarına, teleqraf agentliklərinə verilib.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Tiflisdən Gəncəyə köçüb. Qarşıdurma yaranmaması, ziddiyyətlərin dərinləşməməsi üçün iyunun 17-də keçirilən iclasda Milli Şura fəaliyyətini dayandırdığını elan edib. Bütün hakimiyyət yeni yaradılmış hökumətə verilib. Həsən bəy Ağayev də Azərbaycan Dəmir Yolu Idarəsinin baş həkimi kimi sıravi bir işdə çalışmağa başlayıb.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-dakı iclasında qəbul olunmuş “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una müvafiq olaraq, parlament formalaşdırılıb. Erməni və rus milli şuraları parlamentin açılışına hər vasitə ilə mane olmağa çalışıblar. Onlar müttəfiq qoşunlarının baş komandanı, ingilis generalı Tomsonu da bu işə qoşmağa cəhd göstəriblər. Azərbaycanlıların general Tomsonla apardığı danışıqların uzanması və qəzalardan deputatların hamısının gələ bilməməsi səbəbindən 1918-ci il dekabrın 3-nə təyin olunmuş açılış baş tutmayıb. Dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin açdırdığı Qız məktəbində (indiki Əlyazmalar Institutu) parlamentin ilk iclası işinə başlayıb. Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə təbrik nitqi söyləyib.
Parlamentin ilk iclasında “Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Istanbulda olduğundan parlamentə Həsən bəy Ağayev sədrlik etməyə başlayıb. Dekabrın 28-də Paris sülh konfransına göndəriləcək Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə sədr təyin olunan Əlimərdan bəy Topçubaşov Istanbuldan birbaşa Parisə yola düşüb. Sənədlərdə birinci müavin seçildiyi göstərilsə də, faktiki olaraq parlamentə sədrlik edən Həsən bəy Ağayev 1919-cu ilin dekabrında yenidən həmin vəzifəyə seçilib və 1920-ci il fevralın 2-nə qədər bu vəzifəni daşıyıb. Onun rəhbərliyi, təşəbbüsü və fəal iştirakı ilə parlamentdə müstəqilliyi və ərazi toxunulmazlığını qorumaq, milli və siyasi hüquqları müdafiə etmək, qonşu ölkələrlə dostluq əlaqələri yaratmaq, bu əlaqələri möhkəmləndirmək, hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq, geniş sosial islahatlar həyata keçirmək haqqında bir sıra qərarlar qəbul olunub.
1920-ci il aprelin 17-də parlamentin son iclası keçirilib və bolşeviklər Azərbaycanı işğal edərək onun vətənpərvər oğullarına divan tutublar. AXC-nin rəhbər işçilərinin bir çoxunu da Gürcüstana getməyə məcbur ediblər. Gürcüstana gedənlər sırasında Azərbaycan parlamentinə rəhbərlik etmiş Həsən bəy Ağayev, baş nazir olmuş Fətəli xan Xoyski və başqaları da vardı. Tiflisə mühacirət edən Həsən bəy Ağayev və Fətəli xan Xoyski Tiflisdə muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilib. 1920-ci il iyulun 19-da Həsən bəy Ağayevin cənazəsi Tiflisin müsəlman qəbiristanlığında torpağa tapşırılıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir