Rəsul Quliyev: «Quba hadisələri hökumətin köməksizliyindən yaranan xaos ssenarisi ilə inkişaf edəcək»
Eks-spiker Rəsul Quliyev “Azadlıq” radiosuna müsahibəsində martın 1-də Qubada baş verən xalq üsyanı ilə bağlı fikirlərini açıqlayıb. Müsahibənin həmin hissəsini təqdim edirik:
– Rəsul müəllim, Quba rayonunda baş verən kütləvi etiraz aksiyasından xəbəriniz var. Bu məsələyə sizin münasibətinizi bilmək maraqlı olardı.
– 1995-ci ilin mart hadisələrindən sonra, dövlətçiliyin əvəzinə Heydər Əliyev diktaturası yaradıldı. Yəni onun diktaturasının tarixi mart ayından başlayır. Həmin vaxtdan start götürüb bu diktatura. Marta qədər Heydər Əliyev bir qədər ehtiyatlanırdı. Çünki müxalif silahlı qüvvələr hələ var idi. Amma martdan sonra əlbəttə ki, onun qarşısındakı bütün baryerlər dağıldı və Heydər Əliyev həmin o diktatura rejimini yaratdı.
Artıq 1996-cı ildən yaranmış bu diktatura rejimi 16 ildir davam edir. Indi isə o rejimin eroziyası başlayır. Indi həmin o diktatura rejiminin köməksizliyi ortaya çıxır. Biz yenidən 1988-93-cü illərin vəziyyətinə qayıdırıq. Mən sizi əmin edirəm ki, bax bu Quba hadisələri Azərbaycan tarixində yenə də həmin ssenari ilə inkişaf edəcək. Yəni o dediyim hökumətin köməksizliyindən yaranan xaos ssenarisi ilə.
– Həmin ssenarinin qarşısını hansı yolla almaq mümkündür?
– Əgər tez bir zamanda Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirilməsə, bunun qarşısını heç cür almaq mümkün olmayacaq.
– Bu islahatları necə görürsünüz?
– Siyasi islahatlar aydındır. Demokratik seçkilər olmalı, dövlətin üç müstəqil qolu yaranmalıdır. Özü də bu, mütləq yerinə yetirilməlidir. Yarımçıq yox. Ümumiyyətlə yarımçıq demokratiya heç bir işə yaran şey deyil. Sözün əsl mənasında demokratiya yaranmalıdır. Bu, ilk növbədə dediyim siyasi islahatlardır. Iqtisadi islahatlar barədə danışmaq uzun çəkər. Qısaca onu deyə bilərəm ki, bu iqtisadi islahatlar ölkədə olan korrupsiya və rüşvətə son qoymalıdır. Əks halda dediyim kimi, artıq Quba hadisələri ilə hökumətin köməksizliyindən əmələ gələcək xaosa start verilib.