Samir Şərifovun adamı olduğu iddia edilən Əli Şirinov məcburi köçkünün pulunu niyə vermir?
Cəbrayıl rayonundan olan məcburi köçkün Əliheydər Əliyev ölkə başçısı Ilham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət edir.
“Azadlıq”a göndərdiyi məktubda şikayətçi yazır: “”Azəravtoyol” ASC-nin 69 saylı yol idarəsinin rəisi Əli Şirinov uzun illər məni, qardaşımı, qohum-əqrəba və dost-tanışlarımı işlədib. Icarəyə götürdüyü maşınları, zavodlarına yol üçün olan materialları daşıtdırıb. Işin tam dəyərinin haqqını isə heç vaxt ödəməyib. Bəzən əməkhaqqının yarısını verib, bəzən də heç verməyib. Hər ay bir bəhanə gətirib. Həmin qurumda vaxtilə işləyən Cavid Qurbanovun adını verərək deyir ki, pulu o verməlidir. Axı mən Cavid Qurbanovu tanımıram. Məni işlədən, qaimə, faktura yazan, əməkhaqqı verən Əli Şirinov olub.
Mən məcburi köçkünəm. Himayəmdə qoca anam olmaqla 9 nəfər var. Hazırda evimizə heç kim pul gətirmir. Malımız, qoyun-quzumuz, torpaq sahəmiz, obyektimiz, əkin sahəmiz yoxdur. Biz nə ilə dolanmalıyıq? Mən Əli Şirinovla bacara bilmirəm. Onun arxasında çox qüvvəli adamlar var. Deyir ki, maliyyə naziri Samir Şərifova güvənir. Məni bir neçə dəfə ölümlə hədələtdirib. Mən onun hədəsindən qorxmuram. Itiriləsi heç nəyim yoxdur. Onunsa çox sərvəti var. Araşdırsalar milyonçu olduğu aşkarlanar. O, hansı yolla bu varidatı qazanıb? Amma mənim cüzi payımı versin. Məni və məni kimiləri aldatmaqla o, dövləti də aldadıb. 9 nəfər insanın dərdinə şərik olmağı, bizə yol göstərməyi xahiş edirik. Hər kəsin haqqını dövlət qorumalıdır. Məni məcbur etməyin ki, pulu verilməyən şəxsləri, qohum-əqrəbalarımı toplayıb bir səfirliyin qarşısında mitinq edək. Belə hərəkət bizə və hökumət dairələrinə xeyir gətirməz. Haqq-ədaləti bərpa edin”.
Sosial şöbə