Yaxud, ANS-in alnındakı «döyüş» niyə silinir?
Şərin xidmətçisinə çevrilmək əbədi mənfəət qazanmağa, sığortalı həyata xidmət etmir. Ən əsası isə insan haqqın yanından qaçmaqla, zülmün sözçüsünə çevrilməklə, cəmiyyətdə nüfuzu itir və qazancı nəticə etibarilə lənətdən ibarət olur.
Ötən gün ANS telekanalının yayımı dayandırıldı. Normalda bir telekanlaın yayımının dayandırılmasına cəmiyyətdən etiraz gəlməli, insanlar bunu ağrıyla qarşılamalıydı. Amma ANS çoxdandır ki, “dəqiq, qərəzsiz, vicdanlı” devizinə xəyanət etdiyi üçün, alnındakı “döyüş”dən imtina edib, təslim olduğuna görə cəmiyyətdə nüfuzunu itirmişdi. Ona görə də sosial şəbəkələrdə hamı bu xəbərdən şadlanadığını, bu qərardan feyziyab olduğunu ifadə edirdi. Sanki, insanların qisası alınmışdı, sanki adamların arzusu həyata keçmişdi.
Ona görə də bu baş verənlərdən sonra ANS ən böyük “hesabat”ı özünə verməlidir. Keçdiyi yola, gördüyü işlərə, insanların münasibətinə bir daha nəzər salmalıdır. Avtoritarizm nə qədər güclü olsa da ictimai rəy var və dəqiq qiymət verə bilir.
Amma yazımızın əsas məqsədi bu deyil. Əsas məqsədimiz ANS-in niyə bağlandığına diqqət çəkməkdir. Rəsmi açıqlama budur ki, ANS terrorçuluğa dəstək verib, Fətullah Gülənin təbliğatını aparıb, Türkiyə hökuməti əleyhinə fikir formalaşdırıb və s.
Əslində, ANS-in bu ittihamlarla qapadılması hökumət və dövlət adına utancdır. Dünyanın hansı demokratik ölkəsində telekanal bu ittihamla qapadıla bilər? Dünyanın ən nüfuzlu telekanalları IŞID liderlərinin görüntülərin, səs yazıların yaymırlarmı? Dünyanın bir nömrəli terrorçusu Bin Ladendən müsahibə alanları, Bağdadinin fikirlərini yayanları cəzalandırırlar? Media azadlığı, söz azadlığı budurmu? Ümumiyyətlə, Azərbaycan hökuməti Fətullah Güləni terorçu kimi tanıyıbmı ki, ANS-i də terrora dəstək verməkdə ittiham edir?
ANS-in Fətullah Güləndən müsahibə alması, kanalın baş verənlərə öz baxışını ortaya qoyması normaldır və bunda heç bir problem yoxdur.
Bəs, əslində nə baş verir? Bildiyiniz kimi Türkiyədə baş verənlərə ən son münasibət bildirən Azərbaycan hökuməti oldu. Gürcüstan hökuməti gecəyarısı fövqəladə toplantı keçirdi, Qərb ölkələrdən mövqe gəldi, hətta Rusiya prezidenti ortaya münasibət qoydu, Azərbaycan hökumətindən isə səs çıxmadı. Yalnız məsələ tam aydınlaşdıqdan, çevrilişin baş tutmadığına əmin olduqdan sonra Əliyev hökuməti Türkiyə hökumətinə dəstək verdi. Bəli, “qardaşıq”, “dostuq” dedikləri Ərdoğanı yalnız döyüş bitdikdən sonra yada saldılar. Təbii ki, Türkiyə hökuməti də Əliyevin bu “sədaqət”inə şahidlik etdi. Indiki məqamda hakimiyyət böyük pərtlik yaşayır və Türkiyə qarşısında öz sədaqətini sübut etməyə çalışır. Bu mənada ANS-in buraxdığı “səhv” hökumət üçün göydəndüşmə oldu. Yəni, ANS-in yayımını dayandırmaqla Ərdoğana mesaj verdilər ki, qardaşlığımıza kəm baxanları bağışlamırıq. Bəli, hökumət öz səhvini, ANS-in “səhv”i ilə sığortalamaq qərarına gəldi. Çevriliş cəhdinə biganə qalanlar, Fətullah Gülənin ekrandakı simasına “dözmədilər”.
Istənilən halda baş verənlər növbəti dəfə hökumətin mahiyyətini üzə çıxardı və bir daha sübut olundu ki, hökumət onu dəstəkləyənləri də asanlıqla “terrora dəstək” ittihamı ilə zədələyə bilər. Hökumət növbəti dəfə “sinifdə qaldı”, ANS isə köhnə “kitab”ları təkrar oxumalıdır. Faktiki olaraq hökumət ANS-in alnındakı “döyüş”ü silir və istədiyini yazır.
Çalışıb, alnıaçıq yaşamaq lazımdır.
Samir