Oqtay Haqverdiyev: «Inflyasiyanın səviyyəsi deyildiyi kimi 10 faiz deyil, bundan iki dəfə çoxdur»
Dövlət Statistika Komitəsi ölkədə orta aylıq əməkhaqqının məbləğini açıqlayıb. Statistikaya görə, bu il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,7 min nəfər olub. Onlardan 891,3 min nəfəri dövlət sektorunda, 610,4 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Məlumatda qeyd olunur ki, muzdla işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb. 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,5 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2016-cı ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artaraq 489,5 manat olub.
Məlum olduğu kimi, keçən il baş verən iki devalvasiya ölkədə ciddi bahalaşma ilə müşahidə edildi. Eyni zamanda, inflyasiyanın səviyyəsinin yüksək olması da rəsmi şəkildə etiraf edildi. Inflyasiyanın təxminən 10 faiz civarında olduğu deyilir. Amma ekspertlər bahalaşma və manatın dollar qarşısında dəyər itirməsi kimi halları nəzərə alaraq, inflyasiyanın həddilə bağlı məmurların səsləndirdiyi bu rəqəmlə razılaşmır.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev muzdla işləyənlərin əməkhaqqısının 8 faizə qədər artdığını, lakin bunun bütün iqtisadiyyat sahəsində çalışanların əməkhaqqısına aid olmadığını deyir. Ekspert keçənilki devalvasiyalardan sonra, bu ilin əvvəllərində büdcə təşkilatlarında işləyənlərin əməkhaqqısının 10 faiz artırıldığını yada salaraq, 8 faizin onlara şamil edildiyini bildirir: “Statistika Komitəsinin verdiyi rəqəm dünyada qəbul edilmiş metodologiya ilə hesablamanın nəticəsidir. Ona uyğun da hesablama aparıb orta inflyasiya rəqəmi çıxarırlar. Həmin metodikaya görə, 575 adda ərzaq və qeyri-ərzaq, kommunal siyahı verirlər. Orada elə məhsullar var ki, gündəlik tələbatımız deyil. Gündəlik tələbatımız Nazirlər Kabinetinin zənbil deyə müəyyənləşdirdiyi minimumlardır. Cəmi 19 adda gündəlik ehtiyaclar var. Onu götürüb hesablayanda tamam başqa mənzərə yaranır. Yəni inflyasiyanın səviyyəsinin 10 faiz deyil, bundan iki dəfə çox olduğu bəlli olur”.
Nigar