Saxta şirkətlərin dalında icra qurumları, deputatlar və məhkəmələr dayanır
Azərbaycanda məhkəmə hakimiyyətinin yox, (başqa cür düşünənlər üzərində) hakimiyyət məhkəməsinin hökm sürməsi hər an daha aydın üzə çıxır. Bircə fakt deyək: Qarabağ qazisi Asif Yusifli qondarma ittiham əsasında 6 minlik “dələduzluq” ziyanını ödəməsinə baxmayaraq 6 ilə yaxın iş alıb, amma 6 milyonluq dələduzluqda təqsirləndirilən “dövlət qulluqçusu” (burada dırnaq işarəsi qaçılmazdır), Bayraq Meydanının müdiri Rəşad Məmmədov məzhəkə (burada başqa söz işlətmək mümkünsüzdür) zalından azadlığa buraxılır!(??) Özü də belə məzhəkə dələduzluqları YAP iqtidarının başlıca hüquq normasıdır. Biz bir faktı dedik, amma belə faktlar minlərlədir.
Məhkəmə dələduzluqları mülki icraat çağı özünü daha qabarıq göstərir. Mülki Prosessual Məcəllənin (MPM) tələbinə görə, mülki məhkəmə icraatının başlıca vəzifəsi hər bir şəxsin konstitusiyadan, qanunlardan, digər normtiv hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bizdə isə, əksinə, vətəndaşın bütün konstitusion, qanunla qorunan hüquqları məhkəmədə inkar olunur! (???) Yenə də Qarabağ qazilərinin başına gələn bircə faktı diqqətə çatdırmaqla ölkədəki hüquq korluğunun, dələduzluğun hansı durumda olmasına aydınlıq gətirməyə çalışacağıq.
Səbail məhkəməsinin hakimi Nurəddin Bağırov Qarabağ əlillərinin Səbail RIH-ə qarşı iddiası üzrə Şeyx Şamil küçəsindəki ortalıq 20 kvadrat metrlik qeyri-yaşayış otağının onların istifadəsinə verilməsindən imtinasını onunla əsaslandırıb ki, cavabdeh RIH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov məhkəməyə iddiaçılardan gizlin Nərimanov prospekti – 2 A ünvanında yerləşən “Alyans-F” MMC-nin – 3-cü şəxsin adına “kupça” təqdim edib. Özü də hakim 25 noyabr 2013-cü ildə iddia tərəfini çağırıb, iddiada dəyişiklik edilməsi barədə ərizə alıb, baxışa çağıracağını desə də, bundan bir ay qabağa – 30 oktyabr 2013-cü il tarixinə tərtib etdiyi qətnaməsini göndərib(??). Yuxarı instansiyalar da icra hakimiyyətinin sifarişindən qaça bilməyiblər. Saxta ünvanda saxta əmlak saxta şirkətin toxunulmaz mülkiyyəti olması məhkəmə qaydasında təsdiqini tapıb. Əlillərin bu saxta şirkətə qarşı iddialarına isə məhkəmələr baxmaqdan imtina edib ki, icra hakimiyyətinin, məmurların, deputatların mülkiyyət hüququ toxunulmazdır! Əlil kimdir ki, hansısa hüuqu da olsun!? Əlacsız qalan əlillər “kupça”nın saxta və etibarsız sayılması barədə iddia qaldırıblar. Nərimanov məhkəməsinin hakimi Kəmalə Əmirxanova 3 eyni iddiaya, hətta Bakı Apelyasiya Məhkəməsininin ləğv etdiyi iddiasına özü baxıb və tərəfləri çağırmadan, iclasın katibi, protokolu olmadan işə baxmaqdan imtina edib . 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin (BIIM) hakimi Elçin Məmmədov yenə tərəfləri çağırmadan iddianı mümükünsüz sayıb ki, əsaslandırılmayıb(??). Səbail məhkəməsinin hakimi Azər Tağıyev 19.05 2016 tarixli iclasda ona edilən etiraza baxmadan müşavirə otağına gedib. 50 gündür hakim hələ də müşavirə otağından qayıdıb qərarını açıqlamır! Nəsimi məhkəməsinin hakimi Emin Mehdiyev 21.06.2016 tarixli iclasda hakimə edilən etirazı sədrə vermək əvəzinə, əsaslandırılmadığını bildirib, protokola da saldırmayıb. Cavabdehin məcburi gətirilməsi, Ədliyyə Nazirliyinin (ƏN) Məhkəmə Ekspertizası Mərkəzinə (MEM) ekspertizaya göndərilməsi barədə iddiaçının vəsatətinə isə baxılmayıb ki, başqasının əmlakı mübahisələndirilə bilməz. Fikir verin, məhkəmə hakimiyyəti icra hakimiyyətinin sifarişlərini yerinə yetirməyə necə səfərbər olunub! Hakim E.Mehdiyev öz təşəbbüsü ilə saxtalıqda əli olan, digər cavabdeh ƏMDK-ya sorğu göndərir ki, “kupça”nın saxta olmadığına rəy alsın (??). Heç bir qurum ƏN-in MEM-inə “kupaça”nın saxta olub-olmaması barədə rəy verilməsinə qərar qəbul etmir!(??) Səbail prokuroru məhkəməyə saxta sənəd verilməsi, əmlakın dələduzluqla ələ keçirilməsi ilə bağlı araşdırma çağı sözügedən mərkəzə rəyə göndərməkdən 1 ildən sonra imtina edib. DIN-in baş istintaq və təhqiqat idarəsindən Səbail RPI-yə göndərilən əlillərin vəsatətini müstəntiq Vüqar Hüseynov qərarını vermədən mülki məhkəmə qaydasında baxılmalı olduğunu telefonla bildirib(??). Onu da vurğulayaq ki, çıxarışın (“kupça”nın) saxta olmasını ASAN yolla “e-gov hökumət portalı” təsdiq edərək, qeydiyyat və reyestr nömrəsinin düzgün yazılmadığını bildirib. Amma portaldan alınan cavabı ƏMDK möhürlə təsdiqləməkdən imtina edir(??). Elə ona görə də sifarişlə çıxarışın ekspertizasından imtina edilir.
Indi özünüz deyin: saxta şirkətlərin dalında kim dayanır? Olduqca ritorik sualdır…
Məğrur Bədəlsoy