Yaxud danışmaq haqqını çoxdan itirmiş Aydın Əhmədov haqqında yazı
Əlövsət Osmanlı, riyaziyyat üzrə fəlsəfə doktoru
Xeyli əvvəl televizorun kanalını çevirirdim ki, birdən ANS-də (“Günəbaxan” proqramı) gözüm Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədova sataşdı. Qıs-qıvraq oturmuşdu kresloda. Sanki adam axtarırdı ki, sala çənəsinin altına. Bir saatdan çox tamaşaçılara “təhsil” dərsi keçdi. Onu dinlədikcə öz-özümə sual verirdim: Ilahi, görəsən bu adam danışdıqlarının fərqindədirmi? Dağılmış, xarabazara çevrilmiş təhsili nə qədər tərif etmək olar? Aydın müəllimin kefi kök görünürdü. Bu, studiyada onun sözünün qarşısına söz qoyası bir kəsin olmamasından irəli gəlirdi. Birdən…
Elan olundu ki, indi də zala ekspert Rövşən Ağayev daxil olur. Aparıcı bunu demişdi ki, Əhmədovun çöhrəsi dəyişdi, ovqatı təlx olmağa başladı.
Söz ekspertə verildi. O, təhsilimizdəki neqativliklərdən, repetitorluğun tüğyan etməsi nəticəsində məktəb mühitinin dağılmasından, bu heyətlə normal şəkildə 12 illik təhsilə keçidin mümkünsüzlüyündən bir neçə kəlmə danışmışdı ki, Aydın müəllim mindi cin atına, həqiqətin acılığına dözməyərək başladı ekspertın fikirlərinə müdaxilə etməyə. Verilişin sonunadək imkan vermədi ki, qarşı tərəf sözlərini tamamlasın. Bir tərəfdən də aparıcı Ilqar Mikayıloğlunun ona qahmar çıxması Rövşən müəllimi möhkəm pərt etdi. Səsinin gur yerinə salıb saat yarımdan da çox danışan Əhmədov, yəqin ki, özünü bu “debat”dan qalib çıxmış kimi hiss etdi…
Kimdir Aydın Əhmədov? – Uzun illər Təhsil Nazirliyində lövbər salmış, elmdən uzaq, özündən razı, başqalarından narazı, məsələlərə məntiq prizmasından yox, məmur prizmasından baxan birisi. Avtoritar çinovnik deyəndə, şəxsən mənim gözümün önünə birinci Aydın Əhmədov gəlir. O, vəzifəcə yuxarıların dediklərini, düz oldu-olmadı, ehkam kimi qəbul edir, aşağıları isə eşitmək belə istəmir. Əhmədovun ən çox sevmədiyi insanlar elm adamlarıdır desəm, yəqin ki, yanılmaram. Mən bunu nazirlikdə keçirilən bir çox tədbirlərdə dəfələrlə müşahidə etmişəm. Oxucuların diqqətinə çatdırıram ki, əvvəlki nazir rəhmətlik Lidiya Rəsulova onu mərkəzi aparatdan uzaqlaşdırmışdı. Təbii ki, Lidiya xanım bunu onu yaxşı tanıdığından etmişdi. Mərdanov gələndən sonra isə Əhmədovun qiyməti birə min artdı: o, yenidən mərkəzi aparata qaytarıldı; nazirliyin tədbirlərində başa çəkildi; böyük bir şöbəyə müdir təyin edildi; müxtəlif ad və mükafatlarla təltif olundu və s. Bir sözlə, nazirlikdə “əvəzolunmaz” kadra çevrildi. Hətta iş o dərəcəyə çatdı ki, təhsilin məzmununun nüvəsini təşkil edən kurikulumların hazırlanmasına rəhbərlik etmək də ona tapşırıldı. Bu adamın kurikulum sahəsində “xidmətləri” nədən ibarət olub? Bu və bəzi digər sualların üzərinə işıq salmaq istərdim.
Əhmədov deyir: “Ümumtəhsil məktəblərinin kurikulumları hazırlanarkən biz bir çox ölkələrin kurikulumlarına baxmışıq. Hərəsində bir cürdür… Bizim hazırladığımızsa onların heç birinə bənzəmir”. Doğrudan da belədir, Aydın müəllim, düz sözə nə deyəsən?! Bəli, bizimki kimi əndrəbadi kurikulumlar dünyanın heç bir ölkəsində ola bilməz! Deyin görüm, hansı olkənin kurikulumları çərçivə sənədinə uyğun gəlmir? Amma sizin kurikulumlarınız (kurikulum demək mümkünsə!) yoluq qaza bənzəyir, daha doğrusu, bu sənəddə nəzərdə tutulmuş bir çox məsələlər qondarma kurikulumlarınızda ya öz əksini tapmayıb, ya da quramadır. Inanmırsınızsa, 2006-cı ildə Nazirlər Kabinetinə təsdiq etdirdiyinız çərçivə sənədinə bir də baxın, görün “Fənn kurikulumlarının strukturu” bölümündə (səh. 80) nə yazılıb. Bu bölümdə deyilir ki, hər bir sinifdə (1-11) keçiləcək bütün fənlər üzrə kurikulumlarda inteqrasiya cədvəlləri, qiymətləndirmə standartları və cədvəlləri, təlim strategiyaları və s. öz əksini tapmalıdır. Görün onlar 1-4-cü sinif kurikulumlarınızda necə əks olunub…
1-4-cü siniflərin sınıq-salxaq kurikulumları Əhmədovun gözünü bərk qorxutdu. Ona əyan oldu ki, mükəmməl kurikulum yaratmaq onun yemi deyil, bunun üçün güclü məntiq, elm və enerci lazımdır. Qabaqda isə ağır bir dağ – 5-11-ci siniflərin kurikulumları dururdu. Belə qafa sahiblərinin rəhbərliyiləsə bu dağı aşmaq – onları ərsəyə gətirmək mümkün deyildi. Ona görə də nazirlikdə belə bir “taktika” üzərində baş sındırmağa başladılar: Necə edək ki, kurikulum “tilsimini” sındıraq? Uzun-uzadı “ölçü-biçidən” sonra, nəhayət ki, məsələnin “çözümünü” tapa bildilər: Çərçivə sənədini dəyişdirək və yeni sənədə “Fənn kurikulumlarının strukturu” bölümünü salmayaq. Belə də oldu. 2010-cu il iyunun 3-də “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” adlı yeni çərçivə sənədi “quraşdırıb” Nazirlər Kabinetində təsdiq etdirdilər. Bu sənəddə isə adıçəkilən bölüm yerli-dibli yox idi. Dəhşətin dərəcəsinə diqqət yetirdinizmi, Təhsil Nazirliyi öz bəd niyyətini həyata keçirmək üçün hansı yollara əl atır, hətta hökumətə öz təsdiq etdiyi çərçivə sənədini də dəyişdirtdirir. Hökumətdənsə bir soruşan da olmur ki, balam, niyə kurikulumu bu sənəd əsasında hazırlamaq istəmirsən, çərçivə sənədini dəyişdirtdirirsən. Hesab edirəm ki, buna bircə ad vermək olar: Bıçağı öküzün yanına aparmaq yox, öküzü bıçağın yanına gətirmək!..
Bundan sonra elə bil Aydın Əhmədovun üzərindən ağır bir yük götürüldü və işlər “sürətlənməyə” başladı. Hər fənnə aid 3-5 səhifəlik məzmun standartları hazırladılar, adını da qoydular “kurikulum”. Inteqrasiyadan, qiymətləndirmədən, təlim strategiyalarından isə əsər-əlamət olmadı. Indi Aydın Əhmədovdan soruşan gərək: Sizin hazırladığınız kurikulumdursa, onda məzmun standartları nə olan şeydir, yox əgər məzmun standartlarıdırsa, bəs kurikulum nədir? Bununla da gülməli olan kurikulumlarımız Aydın Əhmədovun rəhbərliyilə daha da gülünc vəziyyətə salındı. Əhmədov doğru olaraq deyir: “Məzmun standartları fənn kurikulumunun tərkib hissələrindən biridir”. Əgər belədirsə, onda bu məfhumları (kurikulum və standartları) – tamla onun hissəsini necə eyniləşdirmək olar, Aydın əfəndi? Əhmədovun bu mübarək “kəşfinə” mən gözəl bir ad da düşünmüşəm: Yarımçığın bütövə bərabərliyi prinsipi.
Aydın müəllim deyir: “Fənn kurikulumu bütövlükdə təlim prosesini müşayiət edir, dərs zamanı hər an müəllimin köməkçisi olur. Bu mənada kurikuluma, proqramdan fərqli olaraq, proses kimi də baxırlar”. Doğru da deyir. Həqiqətən, kurikulum dərs prosesində hər zaman müəllimlərə metodik cəhətcə yol göstərməlidir. Gəlin görək, Əhmədovun kurikulumları bu tələbə cavab verirmi. Bunu bir misal üzərində izah etməyə çalışaq. Bildiyimiz kimi, tədris planına görə ümumtəhsil məktəblərinin 6-11-ci siniflərində biologiya fənninin öyrədilməsinə təxminən 350 dərs saatı ayrılıb. Bu siniflərin və bu qədər saatların qarşılığında biologiya kurikulumunun həcmi təxminən 9 səhifədir. Belə çıxır, hər sinfə ortalama 1,5 səhifə düşür. Indi Aydın Əhmədovdan soruşuram: Deyin görüm, 1,5 səhifəlik materialla müəllimə bir il ərzində nə kömək etmək olar? Doğrudanmı 9 səhifəlik materialı ortaya çıxarmaqdan ötrü uzun illər lazım idi? Bu, dövləti və hökuməti aldatmaq deyilmi? Niyə bu cür əməllərinizlə təhsilimizi dünyada xar edirsiniz?..
Bu gün Aydın müəllimin kurikulumları ortadadır. Vaxtilə mən onlara “ayaqaltı kurikulumlar” demişdim. O zamanlar o, bu ifadəmə görə yaman cırnamışdı, hətta mətbuatda “əksinə, kurikulumlar təhsilimizə başucalığı gətirir” – demişdi. Indi isə mən yalan olmuşam, hərə bu sözə bir şəbədə qoşur. Biri “quqquliqu”, biri “qaraqılım”, biri “kirkilyum”, biri “lax yumurta”, biri “təhsilimizin qarayarası”, deyir. Aydın Əhmədovsa susur. Yəqin ki, neçə illərdən sonra o da başa düşüb ki, şar kimi üfürülüb cəmiyyətə sırınan “kurikulum” cəfəngiyatdan başqa bir şey deyilmiş…
Məntiqlə yanaşsaq, təhsilimizin qarayarasına çevrilmiş kurikulumlara görə Aydın Əhmədov ciddi cəzalandırılmalı, ən azından, sistemdən qovulmalı və məsuliyyətə cəlb olunmalı idi. Amma sən saydığını say, gör fələk nə sayır. Mətbuatın yazdığına görə, Misir Mərdanov əksinə, bu dağıdıcı adamı özünə müavin gətirmək istəyir. Allah axırından saxlasın!..
P.S. Dünən Lidiya xanım Rəsulovanın vəfatının 40-cü günü idi. Allah qəni-qəni rəhmət eləsin!