Irana gedib ərzaq alıb gələnlər döyülür
«Səhərdən axşama kimi söyüş söyürlər, axşam hamısı yeyib-içib sərxoş vəziyyətdə olur, düşürlər camaatın üstünə, soyğunçuluq başlanır. Danışanı, etiraz edəni cəzalandırırlar»
Biləsuvar gömrüyündə vəziyyət dözülməzdir. Gömrüyü adlayıb Irana keçib bir az ucuz qiymətə ərzaq almaq istəyənlərə min cür problem yaradırlar. Kimi döyülür, kimi təhqir edilir, kimi qoyulan qanunsuz şərtlərlə razılaşmağa məhkum olur. Problemlə üzləşənlərdən biri Məmməd Əsgərov Biləsuvar gömrüyünün gerçək durumu ilə bağlı mətbuata müraciət edib…
Erməninin zülmündən də betər…
“Evimizə ərzaq gətirmək üçün Biləsuvar gömrüyündən keçərək yaxınlıqda Xiyaban deyilən yerdəki dükanlardan alış-veriş edirik. Normadan artıq heç nə gətirmirik. Iran gömrüyündən sərbəst keçirik, normada keçirilən mala orda bir söz demirlər. Ancaq bizim gömrükçülər mallarımızı əlimizdən alır, soyğunçuluqla məşğul olurlar” – bu sözlərin müəllifi Cəlilabad rayon sakini Məmməd Əsgərovdur. O deyir ki, sonuncu dəfə 2 bağlama ərzağını əlindən alıblar: “Mübahisə etdik, dedim ki, niyə əlimdən alırsınız, yüküm çoxdursa, rüsumumu ödəyim. Sözlərimə məhəl qoymadan, heç bir kağız sənədləşdirmədən 2 sumka malımı alıb özlərinə götürdülər. Prezidentə şikayət edəcəyimi bildirdim, dedilər ki, get kimə deyirsən de, heç kimdən qorxmuruq, buranın ağası bizik. Hamısı sərxoş idi. Belə özbaşınalıq olarmı? Tək mən deyiləm, yüzlərlə vətəndaşımızın başına bu oyunu gətirirlər”.
Biləsuvar gömrüyündə baş alıb gedən və günü-gündən açıq-aşkar şəkil alan rüşvətxorluq və soyğunçuluq hallarına son qoyulmasının zamanı çatmayıbmı? Xalqı incidirlər, bizə erməni etməyən zülmü edirlər: “Iran gömrüyü ilə müqayisədə bizim gömrük biabırçı vəziyyətdədir. Gömrüyün rəisi açıq-aşkar çıxıb camaat içində qışqırır ki, pulunuzu verin keçin, daha bundan artıq biabırçılıq olarmı? Nə gətirirsən, deyirlər bu olmaz. Alma, banan, düyü, kişmiş olmaz. Ancaq nəyi gətirə biləcəyimizi də demirlər. Deyirlər ki, hər malın öz yiyəsi var, monopoliyadadır, həmin malı ancaq o kommersant sərhəddən keçirə bilər. Gömrük işçiləri niyə həmin monopolistlərlə əlbirdir, baş açmaq olmur. Biləsuvar gömrükçüləri kimdən rüşvət alırlar, onun malını buraxırlar. Biz alver etmirik, güclü pulumuz da yoxdur, ayda 4-5 dəfə gedib ailəmizə ərzaq gətiririk. Evinə 70 manatlıq ərzaq bazarlıq eləyirsən, deyirlər ki, 60 manat rüsum ödəməlisən. Bu harada görünüb?”.
“Insanları bir neçə dəfə yola vururlar”
Şikayətçi deyir ki, gömrükdə çalışan Allahverdi, Namiq, Elşən adlı işçilərə cinayət işi açmaq lazımdır: “Bu adamlar dövlət işçiləri yox, əsl soyğunçulardır. Qoy, dövlət əməkdaşları bir gün video müşahidə qoyub baxsın, onda bu adamların hansı oyunlardan çıxdığının şahidi olacaqlar. Qanunu misal çəkirsən, deyirlər buranın öz qanunu var, Prezidentin adını çəkirsən, deyir get kimə istəyirsən, de. Bizim evimizdə ərzaq yoxdur. Borca pul tapıb gətirdiyim ərzağı əlimdən alıblar. Kim rüşvət verir, istədiyi malı istədiyi miqdarda gətirir. Istədikləri adamı vururlar, söyürlər, təpikləyirlər. Gözümüzün qabağında 70 yaşında qadını vurub yıxdılar, saçından tutub sürüdülər”.
Qanun əgər 40 kiloqram yükə icazə verirsə, niyə 30 kiloqram yükü tutub əlindən alırlar, bundan baş aça bilməyən şikayətçilər məsələyə aidiyyəti qurumların aydınlıq gətirməsini xahiş edirlər.
Hazırda Biləsuvar gömrüyündə ölkənin qanunları işləmir. Açıq havada, yağışın-qarın altında əhalini səhərdən-axşama kimi saxlayırlar, heç bir normal şərait yoxdur. Istədikləri vaxt mal monitordan keçməmiş tutub əlindən alırlar, deyirlər gəl özün keç, sabah gəlib yükünü apararsan. Belə çıxır ki, insanlar Cəlilabadın, Masallının uzaq kəndindən bir də geri qayıtmalıdır: “Səhərdən-axşama kimi ağızlarına gələn söyüşləri söyürlər. Axşamçağı ki oldu, hamısı yeyib-içib sərxoş vəziyyətdə olur, düşürlər camaatın üstünə, soyğunçuluq başlanır. Gözümüzün qabağında biləsuvarlı bir oğlanı ölümünə döydülər. Danışanı, etiraz edəni cəzalandırırlar. Kompüter otağında 2 nəfər oturmalıdır, bir nəfər oturur. Hamısı pul yığılan yerə toplaşıb şıdırğı alverlə məşğul olur”.
Cavabsız suallar
Şikayətçilər gömrükdən hansı ərzaq məhsulundan nə qədər keçirmək mümkün olduğunun telekanallar vasitəsilə elan olunmasını tələb edir: “Həftənin neçənci günləri keçmək olar? Bunları bizə söyləməsələr, özbaşınalıq davam edəcək. Gömrükdə dərəbəylikdir, ürəkləri istədiyi vaxt deyirlər ki, bu gün keçid yoxdur, buraxmayacağıq. 3 ədəd xurma gətirirsən, bir də görürsən ki, deyirlər olmaz. Niyə? Bu məhsullar Azərbaycanda kimin monopoliyasındadır? Nədən rüşvət verəndə yoxlamasız buraxırlar? Bəlkə biri narkotik gətirir? Biz Rusiya gömrükçülərini də görmüşük, Iran gömrükçülərini də. Bizim gömrükçülər adımızı batırır, ölkəni biabır edir. Iran gömrükçüləri bizimkilərin acgözlüyünə baxıb gülür, onlar başa düşmürlər ki, öz millətindən olan qadını rüşvət vermədiyinə görə necə döymək olar? Bu günlərdə bir lal qızı döyüb qolunu sındırdılar. Atası şikayət etməsin deyə razılığa gəldilər. Dedilər, gəl nə istəyirsən, hansı miqdarda istəyirsən, keçir, ancaq şikayət eləmə. Indi həmin lal qız istədiyi miqdarda mal keçirə bilir”.
“Alma, kişmiş, banan kimi məhsulları niyə keçirtmək olmaz? Bunu gömrükdə heç yerə yazıb vurmayıblar. Dövlət deyir ki, hər gün keçə bilərsiniz, bunlarsa nə vaxt gedirsən, deyir, bu gün olmaz, pul alandan sonra deyirlər, hə, gəl keç. Əlil kişini döydülər, dedilər prezident sənə pensiya verir, burda nə ölümün var? Tez-tez yalandan camaata bildirirlər ki, təzə qərar çıxıb, təkcə Biləsuvar sakinləri keçə bilər, Cəlilabad, Masallıda yaşayanlar buraxıla bilməz. Sonra başqa rayonlardan gələnlərdən pul yığmağa başlayırlar”.
Saatlarla davam edən tədbir…
“Camaat bu yollarda əsir-yesir qalıb. Xalqı açıq-aşkar ələ salırlar, zülm edirlər. Bütün dövlətlərin gömrüyündən keçəndə malını çəkirlər, ad-soyadını yazırlar, sənədləşdirirlər, Biləsuvar gömrüyündə isə çəkmək, sənədləşmə-zad yoxdur, ancaq pul var. Rüşvət alanların gündəlik həyat tərzini yoxlasalar məlum olar ki, xarici maşınlarda, bahalı kafe-restoranlarda nahar edirlər”, – deyə, Məmməd Əsgərov vurğulayır.
Qarşı tərəfin də mövqeyini öyrənmək üçün Gömrük Komitəsi ilə əlaqə saxladıq. Öncə tədbir olduğu üçün sualımıza heç kimin cavab verməyəcəyini dedilər. Nə “Qaynar xətt”, nə daxili nömrə, nə də ümumi şöbədən telefonları qaldıran oldu. Bir sözlə, Biləsuvarda baş verən özbaşınalıqlarla bağlı mövqe öyrənmək mümkün olmadı. “Turan” informasiya agentliyinin əməkdaşları da bizim kimi telefon labirintində ilişib qaldılar…
Deyəsən, Biləsuvar gömrüyündə tədbirlər saatlarla davam edir…
Ramin DEKO