«Bakı Quşçuluq» fabrikinin 37,1 hektar torpaq sahəsinin sotunun 10 min manatdan satışından 37 milyon manat qazanc götürülüb
“Bakı Quşçuluq” ASC-nin bir qrup səhmdarı dünən mətbuat konfransı keçirərək əsas səhmdar – “Xəzər Menecments Sistems”in rəhbəri, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmuş Dünyamin Xəlilov və Beynəlxalq Bankın Idarə Heyətinin sədri Cahangir Hacıyevi ləğvetmə yolu ilə Səhmdar Cəmiyyətin əmlakını talan etməkdə günahlandırıblar.
“Əməllərini ört-basdır eləmək üçün cəmiyyəti ləğv etdilər”
“Xırdalan Quşçuluq” fabrikinin ərazisində yerləşən “Bakı Quşçuluq”un keçmiş rəhbəri Adil Mirzəyev bildirdi ki, fabrikin istehsal gücü ildə 80 milyon yumurta və 400 ton ətdir: “2005-ci ilin iyul ayında, yəni, 1 ay ərzində 1 milyon 889 min 900 ədəd yumurta istehsal olunub. Lakin əldə olunan vəsaitdən hansı məqsədlə istifadə olunduğu məlum deyil. Yaxud, 2004-cü ilin avqustunda ”Bakı Quşçuluq” ASC-yə Beynəlxalq Xilasetmə Komitəsinin xəttilə 2 milyon dollardan çox dəyərdə buğda, arpa və soya alınıb. Bu dənin çox az hissəsi quşlara verilirdi. Qalanını Dünyamin Xəlilov və Ilqar Əliyev sataraq mənimsəyiblər. Heç bir ehtiyac olmadan Beynəlxalq Bank fabrikə 2 milyon 500 min dollar kredit ayırıb. Hazırda kollektivin 56 üzvü var. Səhm nəzarət paketi (27+25 faiz) Dünyamin Xəlilova məxsusdur”.
Şikayətçilərin sözlərinə görə, D.Xəlilov və I.Əliyev məsələni ört-basdır etmək məqsədilə ötən il mayın 25-də səhmdarların növbəti illik ümumi yığıncağının çağırılması barədə Idarə Heyəti adından bildiriş tərtib ediblər. Həmin bildirişdə göstərilib ki, yığıncaq 11 iyul 2011-ci ildə saat 15:00-da Şəki şəhərində yerləşən Olimpiya Idman Kompleksində keçiriləcək. Səhmdarlarda da haqlı olaraq sual yaranıb ki, “Bakı Quşçuluq” fabrikinin 300 nəfərlik klubu olduğu halda, niyə yığıncağı Şəkidə edirlər?
“Bunu eləməkdə bir məqsəd vardı – səhmdarlardan heç kim toplantıda iştirak etməsin. Bir müddət sonra – 30 sentyabrda Bakıda iclas keçirildi. Iclasda 60 nəfər səhmdar vardı. Səhmdar Cəmiyyətin ləğv olunması məsələsi gündəliyə salınanda 25-30 ildən çox fabrikdə çalışan fəhlə və mütəxəssislər bunun nizamnaməyə uyğun olmadığını bildirdilər. Baş verənlərə etiraz əlaməti olaraq, biz 56 səhmdar iclası tərk etdik və heç bir iclas protokoluna da imza atmadıq”, – deyə səhmdarlar bildiriblər.
Onların sözlərinə görə, həmin vaxt iclasa özbaşına sədrlik edən Ramiz Haqverdiyev, Dünyamin Xəlilovun rəhbəri olduğu “Xəzər Menecments Sistems”in baş mühasibi Yelena Muradova və yeni təyin olunmuş direktor Azər Əliyev, ümumiyyətlə, cəmiyyətin üzvü deyillərmiş. Dünyamin Xəlilov, keçmiş direktor Ilqar Əliyev və baş mühasib Elmira Həsənova qanunsuz əməlləri ört-basdır etmək məqsədilə cəmiyyətin ləğvinə dair saxta protokol tərtib ediblər.
“Səhmdarların hər birinə 24 min manat kompensasiya verilməlidir”
Şikayətçi səhmdarlardan Adil Mirzəyevin sözlərinə görə, fabrikin ümumi balans qiyməti 6 milyon manat az göstərilib, ərazisi isə 11,4 hektar azaldılıb. Nəzarət paketi bu formaya salınandan sonra əmək kollektivinin üzvlərinə müəssisənin ziyanla işləməsi və profilini dəyişəcəyi barədə məktub gəlib.
Ötən ilin 12 dekabrında səhmdarlara elan olunub ki, cəmiyyətin həmsahibi olan (48 faiz) Ağır Atletika Federasiyası 30 milyon manat vəsait ödəyib. Etirazlara baxmayaraq, nominal idman mərkəzinin tikintisinə başlanıb. Əslində isə yaşayış evləri, əyləncə mərkəzi, akuapark, mehmanxana və quşçuluq fabrikinə dəxli olmayan başqa obyektlər tikilib.
Sən demə, “Bakı Quşçuluq” ASC-nin ləğvi prosesi gedən vaxtlarda Dünyamin Xəlilov mülkiyyətdə olan 37,1 hektar torpağı satmağa başlayıb: “Fabrik rəhbərliyi ehtiyac olmadan müxtəlif təşkilatlardan xeyli maliyyə alıb, lakin onları lazımi istiqamətə yönəltməyərək mənimsəyib. 2005-ci il, yanvarın 1-nə olan məlumata görə, fabrikin 2 milyon 791 min 187 manat vəsaiti, 779 min 368 manatlıq 107 adda maşın, traktor və digər avadanlıqları olub. Həmin avadanlıqlar da satılıb və pulu mənimsənilib. Işlək vəziyyətdə olan avadanlıqlar da daxil olmaqla, fabrikdə 6,31 hektar sahədəki tikililər dağıdılaraq 37,1 hektar torpaq sahəsi sotu 10 min manatdan satışa çıxarılıb. Ümumilikdə 37 milyon manat qazanc əldə olunub. Biz narahatıq ki, 20-30 il çalışan kollektiv üzvlərinə əmlak payı və ya səhmlərə görə kompensasiya verilməyəcək. Kollektiv üzvlərinin hərəsinə 24 min manat kompensasiya verilməlidir”.
Şikayətçiləri dinləyən yoxdur
Səhmdarlar 12 ildir pul üzünə həsrət olduqlarını söyləyirlər: “56 səhmdarın fabrikdə 3 faiz səhm paketi var”.
Mətbuat konfransında iştirak edən səhmdarlar deyirlər ki, kollektiv üzvləri Ləğvetmə Komissiyasından proseslə bağlı məlumat ala bilmir: “Prezident Administrasiyası, baş prokuror və başqa məsul şəxslərə göndərilən məktublar Iqtisadi Inkişaf Nazirliyinə, oradan isə quşçuluq fabrikinin ərazisinin və ümumi balans qiymətinin gizlədilməsində iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilir. Bu, ”Vətəndaşların şikayətlərinə baxılması qaydaları haqqında” qanunun 7-ci maddəsinə ziddir”.
“Bakı Quşçuluq”un ləğvi barədə qərar 30 sentyabr 2011-ci ildə qəbul edilib. Səhmdarların sözlərinə görə, belə qərardan sonra cəmiyyət öz kreditorlarına tələblərini irəli sürmək üçün 2 ay vaxt verməli, tələblər müəyyən olunduqdan sonra aralıq ləğvetmə balansı tərtib edib təsdiqlənməsi üçün səhmdarlara təqdim edilməli idi. Aralıq ləğvetmə balansında cəmiyyətin əmlakı bazar qiymətli və kreditor-debitor borcları öz əksini tapmalı idi. Lakin aralıq balansı tərtib edilib sahibkarların ümumi yığıncağına çıxarılmayıb.
23 fevralda ləğvetmə balansının təsdiq edilməsi üçün səhmdarların ümumi yığıncağı çağırılıb. Səhmdarlar deyir ki, aralıq balans gizlicə, səlahiyyətsiz orqan olan ləğvetmə komissiyası tərəfindən təsdiqlənib.
Sonda onu da qeyd edək ki, “Bakı Quşçuluq” ASC-nin əmək kollektivinin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb. Adil Mirzəyev onun sədri seçilib.
Ramin DEKO