Azərbaycan Avropa Məhkəməsinə şikayət «ixrac» edir
Azərbaycan hökuməti rüsvayçılıq bolluğuna düşüb. Hansı daşın altını qaldırsan, hökumətin əyri əməlləri boylanır. Ölkədəki eybəcər mənzərə o qədər şəffaflaşıb ki, dünyanın istənilən yerindən bu mənzərəni görmək olur.
Artıq qanunların işləməməsi, hüquqsuzluq, məhkəmə sisteminin məhv edilməsi beynəlxalq hüquq səviyyəsində təsdiqini tapıb. Avropa Məhkəməsi ard-arada Azərbaycanla bağlı qərarlar qəbul edir, Azərbaycan hökumətindən haqqını oğurladığı insanlara təzminat verməsi tələb olunur.
Bu qədər seçki saxtakarlığından və bunun Avropa Məhkəməsində təsdiqlənməsindən sonra normal hökumət istefa verərdi. Ən azı saxtakarlıqdan, hüquqsuzluqdan imtina edilərdi. Faktiki olaraq hakimiyyət mütəmadi olaraq cinayət başında yaxalanır, mütəmadi olaraq hökumətin oğurluğu sübuta yetirilir. Bütün bunlardan sonra “Avropa seçki mədəniyyətini bizdən öyrənsin”, “Azərbaycanda demokratik seçkilər keçirilir” söyləmək siyasi riyakarlıqdan başqa bir şey deyil. Avropa Məhkəməsi sübuta yetirir ki, Azərbaycanda başqasının haqqını oğurlayıb mandat gəzdirmək də, xalqın səsini oğurlayıb yüksək vəzifələr tutmaq da olar.
Avropa Məhkəməsi eyni zamanda siyasi həbslərlə bağlı xeyli sayda qərar çıxarıb. Yəni təsdiqlənir ki, “polisə müqavimət”, “xuliqnalıq”, “narkotika”, “kültəvi iğtişalar törətmə” ittihamı ilə həbs olunmuş insanlar, əslində günahsızdılar və bu adamlar hakimiyyətin sifarişi ilə cəzalanıblar. Həbslərlə bağlı bu qədər qərardan sonra “Azərbaycanda qanunun aliliyi qorunur”, “Insan haqlarına yüksək önəm verilir” kimi təbliğat ikrah doğurur.
Hələ utanmadan Avropadakı uğurlarından, dünyada nüfuzlarının artmasından, dünyanın Azərbaycan hökumətiylə hesablaşmasından danışırlar.
Avropa Məhkəməsinin bugünə qədər çıxardığı yüzlərlə qərar onu göstərir ki. Azərbaycan dünyaya şikayət ixrac edir. Ölkəni elə vəziyyətə salıblar ki, vətəndaş öz haqqını Avropada axtarır. Seçkidə səsi oğurlanan da, şərlənərək həbs edilən də, mülkü əlindən alınan da, müəlliflik hüququ pozulan da Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalır. Azərbaycan məhkəmələrində qara mantiya qara qüvvəyə çevrilib. Uzun illərdi ki, bu ölkənin məhkəmələrində ədalət zəfər çala bilmir.
Qısası, 21-ci əsrdə ölkənin orta əsr qaydaları ilə idarə olunduğunu, hökumətin avtoritarlığını, vətəndaşın şərləndiyini biz də bilirik, Avropa Məhkəməsi də təsdiqləyir. Hökumət Azərbaycanın adını “qeyri-azad ölkələr” sırasına salıb və israrla bu “titul”u qoruyub saxlamaq istəyir. Bu gedişlə, Avropa Məhkəməsindən Azərbaycanla bağlı hələ çox qərarlar gələcək.
Çünki, hakimiyyətin idarəçilik forması dəyişməyib, şər-böhtan siyasəti davam etdirilir. Hakimiyyət ölkəni bütün dünyaya belə tanıtdırır.
Samir