Daha Azərbaycan adına qalmaqalsız ötüşdüyümüz gün yoxdur. Kürü diplomatiyası qalmaqalı, Dübay villaları, qızıl mədənləri qalmaqalları, Avstriyada manatın çap qalmaqalı, Wikileaks, Panama papers qalmaqalları, ABŞ-da hədiyyələrin qaytarılması…
Saymaqla qurtaran deyil ki, gərək səhərə qədər sayasan. Və nəhayət, italiyalı deputata verilən 2,5 milyon avroluq rüşvət qalmaqalı. Əsas da budur ki, bütün bu qalmaqallar hakimiyyəti sarsıtmır, yumşalmağa, dəyişməyə, yola gəlməyə məcbur etmir. Əksinə, daha da bozardır, sırtıqlaşdırır, həyasızlaşdırır. Yoxsa, “uğurlara kölgə salmaq cəhdi”, “Avropada da rüşvət alırlar” tipli açıqlamalara nə ad vermək olar. Bu bir siyasətçiyə, məmura və insana aid ola biləcək bütün sifətlərin itirilməsidir. Bu biabırçılıq manyaklığı, mazoxizmdir.
Azərbaycanda indi hamı xalqın kükrəməsindən, aşağıdan başlayacaq inqilabdan danışır, artıq heç kim evolyusion dəyişikliklərə inanmır. Amma, britaniya tarixçisi Arnold Toynbinin “dövlət intiharı” adlandırdığı tənəzzül modeli var. Modelin məğzi ondan ibarətdir ki, sistemin qurulma prinsipləri, heç bir inqilab olmadan da onun məhvinə apara bilər.
Azərbaycan iqtidarı isə tarixin gördüyü ən intiharçı rejimdir. Hakim sistem artıq özü öz əleyhinə işləyir və iqtidar sahibi olan dəstə bunun qarşısını almağa qadir deyil. Neftin qiymətlərinin düşməsi ilə ölkəni bürümüş böhran şəraitində rejimin qəbul etdiyi bütün qərarlar vəziyyəti daha da pisləşdirib və bu belə də davam edəcək. Çünki monopoliya və korrupsiyaya qarşı real mübarizə özlərinin dayandıqları sütunları baltalamaqdır. Barışmaq da artıq mümkün deyil, korrupsiya ölkəni çürüdür. Və yaxud, avtoritar idarəçilikdən imtina siyasi özünəqəsddir. Dəyişməmək isə indiyə qədər gedənlərin yolunu təkrarlamaqdır.
Azərbaycanda idarəetmə sistemi tamamilə tükənib. Bu sistemdə hansısa reformalar prinsipcə mümkün deyil. Problem ondadır ki, biz neyləməliyik? Biz nə etməliyik ki, sistemin qaçılmaz çöküşü Azərbaycanın çöküşünə gətirib çıxarmasın.