Bu gün 1 saylı Inzibati-Iqtisad Məhkəməsində Əlayif Həsənovun Vəkillər Kollegiyasına qarşı iddiasına baxılacaq. Əlayif Həsənov iddia ərizəsində göstərib ki, onun Vəkillər Kollegiyasından kənarlaşdırılması barədə qərar qanunsuzdur. Yəni Kollegiyanın Rəyasət Heyətinin belə bir qərar vermək səlahiyyəti yox idi.
Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Əlayif Həsənovun məhkum edilməsinə dair məhkəmə hökmünü əsas gətirərək, onun kollegiyadan uzaqlaşdırılması haqda qərar qəbul edib. Həmin hökm də Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb.
Lakin Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Iradə Cavadova bildirib ki, o, həmin iclasda iştirak etməyib: “Mən Əlayif Həsənovla bağlı keçirilən iclasda iştirak etməmişəm. Ona görə də orada nə baş verdiyindən məlumatsızam”.
Bəzi məlumatlara görə, Əlayif Həsənovla bağlı ümumiyyətlə iclas keçirilməyib. Sadəcə formal şəkildə iclas protokolu tərtib olunub.
Qeyd edək ki, Əlayif Həsənov bu qərarın siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.