“1998-ci il böhranı təkrarlana bilər”
Rusiya daxili borclanma həcminin 1 trln rubla (15,5 mlrd dollar) çatması səbəbindən 1998-ci ildə üzləşdiyi maliyyə böhranı ilə üzləşə bilər. Belə bir fikirlə Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.
Nazirin sözlərinə görə, 2017-ci ildə ölkənin xalis daxili borcu 1 trln rubla yüksəlməsi əksər bankları 10-15 illik dövlət istiqrazlarının alışından çəkindirə bilər. Banklar cari kapital vəziyyəti və riskləri nəzərə alaraq qısamüddətli istiqrazlara üstünlük verəcək.
A.Siluanov qeyd edib ki, belə bir vəziyyətdə hökumət dövlət qiymətli kağızlarının piramidasının yaranması riski ilə üzləşə bilər ki, bu da artıq 1998-ci ildə ağır maliyyə böhranına səbəb olub.
Nazir onu da vurğulayıb ki, dövlət borclanması bahalı prosesdir – hazırda istiqrazların yerləşdirilməsi dövlətə təxminən 9%-ə başa gəlir. “100 rubl borc alsaq, gələn ilki büdcədə 9 rubl əlavə vəsait nəzərdə tutmalıyıq. Gəlirlərin azaldığı və daxili borclanmanın artırdığı bir vaxtda isə digər xərcləri azaldıb faiz ödənişinə yönəltməyə məcbur olacağıq”, – deyə nazir qeyd edib.