Bayraq Meydanının sabiq rəisinin xanımı məhkəməyə məktubunda nə yazıb?

bayraqidaresi-resadRəşad Məmmədov qohum-əqrəbasının adını işçi kimi qeyd edib, onlara maaş verməkdə ittiham olunur

«Onun öz şirkəti var, 3000 işçisi var, ən az maaş alan fəhləsinə 700 manat əməkhaqqı verir, bu pula ehtiyacı yox idi…»

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi, bir ildən artıqdır ki, həbsdə olan Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədova da onun ittiham olunduğu cinayət işi üzrə şahid qismində tanınıb. Rəşad Məmmədova dələduzluq ittihamı verilmiş 6 milyonluq əmlak alqı-satqı zamanı onun həyat yoldaşının adına rəsmiləşdirilib. Lakin Səbinə Məmmədova məhkəməyə məktub göndərərək, ifadə verməkdən imtina etdiyini yazıb: “Ona görə də xahiş edirəm, məhkəməyə dəvət edilməməyimi xahiş edirəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Məmmədov, eləcə də onunla birlikdə mühakimə olunan Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədovun işinə baxan hakim Əlövsət Abbasov dünən bu məktubu elan edib. Ardınca da əlavə edib ki, qanunvericilik yaxın qohumların bir-birinə qarşı ifadə verməkdən imtina etməsinə imkan verir.

Məhkəmə iclasında ümumilikdə 14 şahid dindirilib. Onlar da Dövlət Bayrağı Meydanı Kompleksinin işçiləri olub. Hərçənd, ittihama görə, onların bir qisminin adı formal olaraq, işçi kimi rəsmiləşdirilib, özləri isə çalışmadıqları halda, əsassız olaraq, əməkhaqqı alıblar. Rəşad Məmmədova ittiham verilib ki, bu yolla büdcədən 254 min manatın əməkhaqqı kimi müxtəlif şəxslərə verilməsinə şərait yaradıb. Işləmədikləri halda, əməkhaqqı aldıqları iddia olunan şəxslərin bir qismi, o cümlədən Azər Əsgərov, Xuraman Qasımova, Roza Vəliyeva, Maksim Islamov məhkəmədə dindirilərkən əsassız və qanunsuz olaraq əməkhaqqı adı altında pul aldıqları barədə ittihamla razılaşmayıblar. Bildiriblər ki, onlar həqiqətən işləyiblər və maaş alıblar.

Işləməyib maaş aldığı iddia olunan Xuraman Qasımova Rəşad Məmmədovun həyat yoldaşının xalasıdır. Cinayət işinin materiallarında onun əməkhaqqı adı altında 54 min 100 manat vəsait əldə etdiyi göstərilib. Amma Xuraman Qasımova yazılanlarla razılaşmır. O, ifadəsində bildirib ki, müxtəlif strukturlarda 30 ildən artıq mühasib işləyib, Dövlət Bayraq Meydanı Kompleksində də əsasən, vergi ödənişləri və hesabatlarının verilməsinə nəzarət edib.

Rəşad Məmmədovun sürücülərindən biri olmuş Maksim Islamov da bildirib ki, rəisə və idarənin aparatında çalışan digər vəzifəli şəxslərə sürücü xidməti göstərməklə yanaşı, həm də mexanik kimi də yarım ştat çalışıb.

Rəşad Məmmədovun digər sürücüsü Tofiq Ağayev axşam saat 18.00-dan sonra Maksim Islamovla növbəni dəyişdiklərini bildirib: “Elə olub ki, gecə saatlarına qədər orada çalışmışıq. ”Eurovision” yarışmasına hazırlıq gedəndə Rəşad müəllim də səhərə qədər orada qalıb. Gecə maşında yatmışıq. Mən idarədə mexanik də işləmişəm. Axşam isə sürücü olaraq Makisimi əvəz edirdim”.

Şahid qismində ifadə verənlərdən biri də Azər Əsgərov idi. O, Rəşad Məmmədovun qaynıdır. Azər Əsgərov hələ 2007-2008-ci illərdən başlayaraq, idarənin ərazisinə daxil olan ərazilərdə aparılan bütün tikinti, quruculuq işlərinə nəzarət edib. Rəsmi vəzifəsi isə Kompleksin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı kimi göstərilib: “Mən Rəşad müəllimin göstərişi ilə tikinti işlərinə nəzarət edirdim. ”Eurovision 2012″ müsabiqəsinə hazırlıq zamanı 8 ay idarənin ərazisində qalmışıq. Axşamlar maşında yatmışıq. Ittiham aktında qeyd olunub ki, işlədiyim müddət ərzində mənə 29 min manat maaş yazılıb. Gördüyümüz işlərin qarşılığında bu çox məbləğ deyildi”.

Rəşad Məmmədov da əlavə edib ki, Azər Əsgərovun işləmədiyi halda, əməkhaqqı almağa ehtiyacı yox idi: “Azər müəllimin öz şirkəti var, 3000 işçisi var. Onun ən az maaş alan fəhləsi 700 manat əməkhaqqı alır. Onun bu pula ehtiyacı yox idi. Mən onu məcbur eləmişəm ki, kömək etsin, qarşıya qoyulmuş işləri görə bilək”.

Məhkəmə prosesi iyunun 20-də digər şahidlərin ifadələrilə davam edəcək.

Rəşad Məmmədov, Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. Ittihama görə, Rəşad Məmmədov 254 min manat vəsaiti israf edib.

Rəşad Məmmədov və Isfəndiyar Isfəndiyarov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Arzu Məmmədovun həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsilə əlaqədar onun barəsində həbs-qətimkan tədbiri bu ilin martında dəyişdirilib.