«İlham Əliyev bu cür nalayiq hərəkətə belə, vaxtında ciddi qiymət vermədi»
«Xalqın əsəblərini sona qədər tarıma çəkmədən, müəyyən kompromislərə imkan varkən islahatlara getsinlər»
Qubada baş verənlər, tək bu rayonun sakinləri üçün yox, bütövlükdə Azərbaycan insanı üçün xeyli suallar yaratdı. AXCP sədri Əli Kərimli ilə söhbətimizdə hər kəsi yaxından maraqlandıran və narahat edən bu sualların bir qisminə cavab tapmağa çalışdıq.
“Bu, regional miqyaslı sosial partlayış idi”
– Quba hadisələrilə bağlı sizin qənaətiniz maraqlıdır. Sizcə, baş verənlər həqiqətən təhqirə görəydi, yoxsa insanların illərdir yığılıb-qalmış qəzəblərinin ifadəsi idi?
– Qubada baş verənlər regional miqyaslı sosial partlayış idi. Əlbəttə, minlərlə insanı küçələrə tökən əsas faktor icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsi olmuşdu. Amma belə hadisələr yalnız bir hərəkətə görə baş vermir. Uzun illər ərzində idarəetmədəki naqisliklər, qüsurlar Qubaya da aid idi və bunların hamısı xalqın kütləvi narazılığına gətirib çıxarmışdı. Ölkənin faktiki ayrı-ayrı oliqarxlar arasında bölünməsi, korrupsioner məmurların bölgələri nəzarətlərində saxlaması uzun illərdir xalqı qıcıqlandırırdı. Azərbaycanlılara sirr deyil ki, hansı bölgənin hökumət səviyyəsində “kuratoru” kimdir. Ikincisi, xüsusilə turizm üçün yararlı olan gözəl guşələr həmin o çirkli pullarla varlanmış korrupsioner oliqarxlar tərəfindən tam olaraq satın alınır. Insanların ağır sosial vəziyyətindən istifadə edərək min hektarlarla ərazi ucuz qiymətə, dəyər-dəyməzə alınaraq yerli əhalinin əlindən çıxarılır. Bu faktor da Qubada o qəzəbin yaranmasında mühüm rol oynadı.
Hökumətin kadr siyasəti olduqca yarıtmazdır. Bəzən adama elə gəlir ki, ən qabiliyyətsiz, mənəvi cəhətdən kasad, insanlarla davrana bilməyən və əli təmiz olmayan adamlar xüsusi olaraq irəli çəkilir. Üstəlik, regional klanlaşma bütövlükdə ailə, sülalə xarakteri daşıdığından güclü ailənin yanında başqa ailə hakimiyyətləri də formalaşıb. Artıq dünya mediası da Azərbaycandakı idarəetməni orta əsrlərlə müqayisə edir. Orta əsrlərdə də kral ailəsi hakimiyyətin mərkəzində durur, ətrafda müxtəlif qraflar, knyazlıqlar, xanlıqlar olurdu. Və onlar da öz ailə hakimiyyətlərini yaradırdılar. Indi Azərbaycanda ən varlı, ən güclü ailə ilə yanaşı, 10-a yaxın digər ailələr də formalaşıb ki, onlar ayrı-ayrı regionlara nəzarət edirlər. Və öz yaxınlarını həmin ərazilərdə vəzifələrə göndərirlər. Yəni, kadr siyasəti də növbəti faktordur.
Nəhayət, cəzasızlıq, xalqla hesablaşmamaq, xalqı saymamaq, insanların şikayətlərini hətta dinləməmək, onlara qarşı aşağılayıcı münasibət… Bunların hamısı illərlə davam edən idarəetmənin tərkib hissəsi idi. Bütün bu faktorlar da Qubada ciddi narazlıqlar yaratmışdı. Icra başçısını açıq-aşkar insanları təhqir etməsi, onları aşağılaması insanların səbr kasasını daşırdı. Yəni, bu neqativ siyasət illər uzunu davam etsə də, insanları birbaşa hərəkətə keçməyə sövq edən onların şərəf-ləyaqətinin tapdanması oldu. Son hadisə göstərdi ki, azərbaycanlılar üçün 18 illik əsarətdən sonra hələ də şərəf-ləyaqət hissi çox müqəddəsdir.
“Rauf Həbibov hakimiyyətdəkilərin ümumiləşdirilmiş obrazıdır”
– Qubadan olan deputat Vahid Əhmədov bildirib ki, icra başçısının məlum çıxışı və camaatın narazılığı barədə bir müddət əvvəl ölkə rəhbərliyinə məlumat verib. Belə çıxır ki, bu fakt icra başçısını vəzifəsindən azad etmək üçün kifayət etməyib…
– Qubada illərlə müşahidə olunmuş neqativ məqamları, yarıtmaz siyasəti ölkənin hər yerində görmək olar. Rauf Həbibov istisna deyil və hazırda hakimiyyətdə olan məmurların ümumiləşdirilmiş obrazıdır. Sadəcə, digərlərinin danışıqları hər yerdə yazılmır, dedikləri xalqa olduğu kimi çatdırılmır, kamera qarşısında bir az özlərini yığışdırırlar. Əslində, onların xalqa yanaşması Rauf Həbibovdan fərqli deyil. Ona görə də xalqın bu şəkildə aşağılanması hakimiyyət üçün bir qüsur sayılmır. Yaxşı ki, hakimiyyət nümayəndələrinin özləri açıqladılar ki, aylar öncə baş vermiş bu hadisədən dövlət rəhbərliyinin xəbəri olub, bilib ki, prezidenti Qubada təmsil edən şəxs yüz mindən artıq insanı təhqir edib. Amma Azərbaycanda elə bir təfəkkür iqtidardadır ki, o təfəkkürə görə, insanları kütləvi şəkildə təhqir etmək hələ işdən azad olunmaq üçün əsas sayılmır. Çünki Azərbaycan insanına dövlət səviyyəsində hörmət qoyulmur. Bu, Rauf Həbibovun özfəaliyyəti deyil, bütövlükdə rejimin xarakterik xüsusiyyətidir və son hadisə də bunu tam ifşa etdi. Bu qədər insan ayağa qalxandan sonra da Ilham Əliyev həmin şəxsi sərəncamla azad etmədi. Özünə ərizə yazdırdılar ki, guya könüllü ərizə verib. Ilham Əliyev bu cür nalayiq hərəkət etmiş şəxsi belə, sərəncamla, yol verdiyi ciddi nöqsanlara, xalqa hörmətsiz münasibətinə görə vaxtında vəzifədən azad etmədi. Nəyə görə? Çünki məmurlarının xalqdan qorxmasını istəmir. Məmurlara görə, hökumətin mənbəyi xalq deyil. Hökumətin mənbəyi Prezident Administrasiyası, Seçki Komissiyasıdır. Kimdən qorxmaq lazımdır – Prezident Administrasiyasından, sülalə hakimiyyətindən. Xalq kimdir ki, xalqdan qorxsunlar?! Öz məmurlarına belə təlqin edirlər.
“Hamı başa düşdü ki, biz də başqa xalqlar kimi azadlığımıza qovuşa bilərik”
– Hökumət ölkədə sabitliyin hökm sürdüyü dönə-dönə vurğulayır. Qubadakı son olay isə göstərdi ki, vəziyyət cəmi bir neçə saatda dəyişə bilər. Bu hadisə həm də Azərbaycan cəmiyyətinin passiv, siyasi fəallığı olduqca zəif kimi təqdim olunan imicini də bir qədər dəyişdi. Sizcə, hökumət bundan hansı nəticələr çıxarmalıdır?
– Bu kütləvi etirazlar bütövlükdə Azərbaycan insanının özünə inanımını qaytardı. Biz Ictimai Palata və Xalq Cəbhəsi olaraq, Qubada öz haqqını tələb edən insanlarla ilk saatlardan həmrəy olduğumuzu bildirmişik. Indi də onları ciddi şəkildə dəstəkləyirik. Hesab edirik ki, onların bu cəsarətli və kütləvi etirazı sayəsində Azərbaycan xalqının özünə inamını daha da artırdı. Insanlar gördülər ki, hökumət xalqı onun icazə verdiyi həddə qədər incidir. Biz hamılıqla “dur” deyəndə, Azərbaycan hökumətinə bundan artıq təzyiqlərə imkan verməyəcəyimizi bəyan edəndə hökumət dayanmaq məcburiyyətində qalır. Bu, cəmiyyətdə bir nikbinlik və ruh yüksəkliyi yaratdı. Hamı başa düşdü ki, biz də başqa xalqlar kimi azadlığımıza qovuşa bilərik. Yetər ki, bir rayonda, bir kənddə, bir qəsəbədə yox, bütün respublika səviyyəsində mübarizə aparaq.
Azərbaycan hökuməti isə hər zaman olduğu kimi, məhdud təfəkkürün verdiyi imkana görə davrandı. Daxili qoşunları silahlandırıb insanların üzərinə göndərdi, zəhərli qazdan, rezin güllələrdən, bir sözlə zordan istifadə etdi. Amma bir mərhələdə hiss olundu ki, hakimiyyətdə məsuliyyətini tamamən itirməmiş adamlar da var. Bilmirəm, bu Qubadan olan deputatlar idi, yoxsa başqaları. Hakimiyyəti inandıra bildilər ki, xalqa qarşı zorakılıq daha ağır nəticələr yarada bilər. Ona görə sonradan həbs edilmiş insanları azad etdilər, mitinqə mane olmadılar, müəyyən güzəştlərə getdilər. Bu, təbii ki, düzgün mövqe idi. Indi hakimiyyət bu hadisələrdən düzgün nəticə çıxarmalıdır. Hökumət yenə düşünsə ki, Qubada baş verənlərin başqa rayonlarda olmaması üçün nəzarəti artırmaq, adamları daha çox izləmək, dinləmək, əlaqələrini öyrənmək, polisi, Daxili Qoşunları artırmaq lazımdır – növbəti səhvi etmiş olacaq. Hökumət başa düşməlidir ki, Qubadakı vəziyyət ölkənin bütün regionlarında mövcuddur. Zəruri islahatlar həyata keçirilməsə, bu hadisə bu və ya başqa şəkildə ölkənin istənilən yerində hər an təkrarlana bilər. On minlər icra hakimiyyətinin qarşısına gəlib çıxmamış indidən xalqla dialoq yaratsınlar. Xalqın əsəblərini sona qədər tarıma çəkmədən, müəyyən kompromislərə imkan varkən islahatlara getsinlər. Əks halda ölkədə neqativ proseslər inkişaf edəcək. Onsuz da son hadisələr göstərdi ki, dünyadakı qlobal dəyişikliklər Azərbaycandan yan keçməyəcək. Azərbaycan demokratikləşəcək, xalq hakimiyyəti onunla hesablaşmağa məcbur edəcək.
Ilk olaraq, siyasi məhbusların azad olunmasından, sərbəst toplaşmaq azadlığının təminatından başlamaq lazımdır. Hakimiyyət xalqın nifrətini qazanmış korrupsioner məmur-oliqarxlardan təmizlənməlidir. Xalqla hesablaşmaq lazımdır. Yoxsa bir gün bütün Azərbaycan Quba kimi ayağa qalxacaq.
Müxalifət liderləri niyə Qubaya getmədi?
– Sosial şəbəkələrdə iradlar səslənib ki, müxalifət partiyaları bu məsələdə üzərinə düşəni etmədi, əslində, müxalifət liderləri Qubada olmalı idilər…
– Əvvəla, biz Qubada baş verənləri bir an belə diqqətsiz buraxmamışıq. AXCP-nin, Ictimai Palatanın yerli təşkilatlarının fəalları prosesin içində olublar. Prosesin düzgün məcrada davam etməsinə çalışıblar, mətbuata açıqlamalar veriblər, yerli əhali ilə mətbuat arasında körpü yaradıblar. Biz də ilk saatlardan mənəvi-siyasi dəstəyimizi, informasiya dəstəyimizi vermişik.
Mən də belə fikirlərə rast gəldim ki, müxalifət liderləri Qubaya getməli idilər. Əlbəttə ki, bu yanlış fikirdir. Birincisi, baş verənlər yerli əhalinin yerli problemlərlə əlaqədar aksiyası idi. Aksiyanın tələbi icra hakimiyyəti başçısının dəyişdirilməsi, rayondan qovulması idi. O başqa məsələ ki, hamı yaxşı bilir, bu icra başçısını Qubaya Ilham Əliyev təyin edib. Şikayətlərə baxmayaraq, onu işdən çıxarmayan da Ilham Əliyevdir. Camaat da bilir ki, hansı rejimdə yaşayırıq. Özlərini müəyyən mənada iri miqyaslı repressiyalardan sığortalamaq üçün hətta bir-iki yerdə Ilham Əliyevin portretlərini də götürmüşdülər. Biz onları başa düşürük.
Belə bir vəziyyətdə müxalifət liderlərinin Qubada o prosesdə iştirakı hansı nəticəni verəcəkdi? Hökumət dərhal bu insanların səmimi şəkildə planlaşdırıb təşkil etdiyi aksiyanın müxalifət tərəfindən, – hətta müxalifətlə qurtarsaydı, dərd yarıydı – müxalifət vasitəsilə hansısa gözəgörünməz xarici qüvvələr tərəfindən hazırlanmasıyla bağlı bəyanatlar verib yerli əhali ilə daha sərt davrana bilərdi. Biz bunu istəmədik. Əlbəttə, bizim orada olmağımız siyasi maraqlarımıza uyğun ola bilərdi. Bəlkə müxalifət liderlərinə divident də gətirərdi. Amma nəticəyə ziyan vurardı, hökumətin əlinə bəhanə verərdi ki, yerli camaata qarşı daha sərt rəftar etsin.
Əlbəttə, müəyyən adamlar da tapılacaqdı ki, müxalifətçiləri fürsətcillikdə ittiham etsinlər. Deyəcəkdilər ki, bu, birbaşa yerli əhalinin siyasətə aidiyyəti olmayan bir tədbiri idi, müxalifət liderləri bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Beləliklə, biz iki tərəfdən də xoşagəlməz nəticələrlə rastlaşa bilərdik.
Dünya təcrübəsi bunu çox aydın şəkildə sübut edir, Azərbaycan təcrübəsində də bu, yavaş-yavaş təsdiqini tapır ki, sosial partlayışlar, inqilablar siyasi partiyaların, müxalifət liderlərinin planlaşdırdığı və həyata keçirdiyi tədbir deyil. Müxalifət partiyaları diktatura və avtoritarizmə qarşı müqaviməti, cəmiyyətin etirazını təşkil edir, rejimə qarşı daxili-xarici səfərbər edir, insanları təşkilatlandırır. Şəxsi nümunə göstərirlər. Bunların hamısına biz çalışırıq. Amma sosial partlayış, inqilabi dəyişikliklər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da birbaşa xalqın içindən gəlir və gələcək. Kimsə gözləyirsə ki, müxalifət liderləri sabah hansısa bir rayonda Qubaya bənzər sosial partlayış təşkil edəcək, demək, siyasət haqqında təsəvvürləri məhduddur. Yaxud “Qubada baş verən hadisəni niyə Azərbaycan səviyyəsində təşkil etmirsiz?” sualını vermək də o deməkdir ki, siyasət haqqında təsəvvürləri məhduddur. Zəhmət olmasa, o təsəvvürlərini genişləndirməklə məşğul olsunlar. Biz minlərlə demokratı səfərbər etmişik. O insanlar şəxsi nümunə ilə xalqımızı mübarizəyə ruhlandırırlar. Ləyaqətli yaşamın nə qədər gözəl olduğunu, azadlığın vazkeçilməz nemət olduğunu hər gün nümayiş etdirirlər. Prosesin önünə düşüb o zərbələri üzərlərinə götürürlər, məhrumiyyətləri yaşayırlar. Xalqı addım-addım azadlığa hazırlayırlar. Bu, çox böyük və tarixi bir missiyadır. Azərbaycan müxalifəti bunu şərəflə görür.
Gültəkin Knyazqızı